az en

Lənkəranda top festivalı

Bu gün Lənkəran şəhərindəki Heydər Əliyev adına parkda AFFA və «HYUNDAI AUTO AZERBAIJAN»ın birgə təşkilatçılığı ilə «Top festivalı» keçirilib. 

Saat 11:00-da başlayan və 14:00-a qədər davam edən tədbirdə 320 uşaq top çiləmək qabiliyyətini nümayiş etdirib.
 
«Top festivalı»nın açılış mərasimində çıxış edən Elxan Məmmədov bildirib ki, Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış «Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı»nın müddəalarına uyğun olaraq, ölkəmizdə uşaq futbolunun inkişafı, bu idman növünün kütləviliyinin artırılması üçün AFFA tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. «Top festivalı»nın bu qəbildən olan tədbirlərdən biri olduğunu deyən E. Məmmədov Lənkərandakı iştirakçı sayının çoxluğunu sevindirici hal kimi vurğulayıb. AFFA-nın baş katibi 2007-ci il dekabrın 17-də Bakıda və bu il aprelin 12-də Gəncədə təşkil edilən «Top festivalı»nı xatırladaraq, bugünkü tədbirin də çox uğurlu alınacağına ümidvar olduğunu bildirib.
 
Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov «Top festivalı»nın sözün yaxşı mənasında şəhərdə böyük əks-səda doğurduğunu, əsl futbol ab-havası yaratdığını deyib və tədbiri təşkil etdiyi üçün AFFA rəhbərliyinə minnətdarlığını bildirib.
 
Çıxışlardan sonra iştirakçılar top çiləmək bacarıqlarını nümayiş etdirməyə başlayıblar.
 
«Top festivalı»nın münsiflər heyəti aşağıdakı şəxslərdən ibarət olub:
Elxan Məmmədov – AFFA-nın baş katibi
İskəndər Cavadov – RFF-nin prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü
Siyavuş İbrahimov – əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar məşqçi
Rüstəm Rəhimov – beynəlxalq dərəcəli hakim
Vüsal Cəfərov – Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndəsi
İştirakçıların qaydalar çərçivəsində yarışmasına beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev nəzarət edib.
 
«Top festivalı»nın sonunda qaliblər müəyyənləşib. 3-cü yeri Emil Əhmədli, 2-ci pilləni isə Şahin Hüseynli tutub. Festivalın qalibi adını Elçin Qasımov qazanıb.
 
Qaliblər AFFA və «HYUNDAI AUTO AZERBAIJAN» tərəfindən mükafatlandırılıb. Hədiyyələri AFFA-nın baş katibi Elxan Məmmədov, RFF-nin prezidenti İskəndər Cavadov və «HYUNDAI AUTO AZERBAIJAN»ın nümayəndəsi Könül Kərimova təqdim ediblər.
Baş Sponsor 
Partnyorlar