az en
News / AFFA və Procter & Gamble şirkəti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

AFFA və Procter & Gamble şirkəti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

AFFA Dərc olundu: 01.10.2018 Çap
Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Procter and Gamble şirkəti arasında tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.
 
AFFA və Procter & Gamble şirkəti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, Procter & Gamble şirkətinin Qafqaz üzrə baş direktoru Değer Kurtaslanoğlu, Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov, millinin üzvləri Mahir Mədətov və Ruslan Qurbanov, digər rəsmi şəxslər və mətbuat nümayəndələri iştirak edib.
Elxan Məmmədov imzalanma mərasimində çıxış edib: “Hörmətli qonaqlar, hörmətli mətbuat nümayəndələri. Hamınızı salamlayıram. Belə bir önəmli gündə birlikdə olmağımız çox xoşdur. Futbol təkcə yüksək nəticələr qazanmaq baxımından vacib deyil. Eyni zamanda, müxtəlif yaş qrupuna daxil olan insanların, xüsusilə də, uşaq, yeniyetmə və gənclərin sağlam həyat tərzinə yönləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Futbol ölkəmizdə ən kütləvi və ən çox izlənən idman növlərindən biridir. Gələn ilin may ayında Bakı şəhərində keçiriləcək UEFA Avropa Liqasının final oyunu və şəhərimizin ev sahibliyi edəcəyi AVRO 2020-nin 4 qarşılaşmasının ölkədə futbola olan marağın daha da artacağına təsir edəcəyinə inanıram. Futbolun kütləviliyinin artırılması, təbliğatının gücləndirilməsi üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası nüfuzlu şirkətlərlə əməkdaşlıq edir. Hazırda AFFA-nın 10-dan çox rəsmi tərəfdaşı var. Sevindirici haldır ki, Procter and Gamble şirkəti ilə də belə bir əhəmiyyətli əməkdaşlığın başlanmasına nail olmuşuq”.
Sonra söz Procter & Gamble şirkətinin Qafqaz üzrə baş direktoru Değer Kurtaslanoğluya verilib: “Ötən 20 il ərzində P&G Azərbaycanın iqtisadi həyatına böyük töhfə verib. Amma biz təkcə iqtisadiyyata qatqımızla kifayətlənməmişik, xalqın həyatına sosial məsuliyyət və ictimai təsir layihələrimizlə, əhəmiyyətli tərəfdaşlıqlarla da təsir etməyə hədəflənmişik. İdmana dəstək  bizim böyük təsir dairəsinə malik sağlamlıq və gigiyena proqramlarımızın əsas hissəsidir. Həyata keçirdiyimiz sosial layihələr içərisində idmana dəstək böyük yer tutub. Bizim üçün sağlam cəmiyyət idmanla böyüyən uşaq və gənclərin sayının çoxluğundan başlayır. 2012-ci ildə London Olimpiya Oyunlarında komandamızı dəstəkləməklə, 2015-ci ildə İlk Bakı Avropa Oyunlarının rəsmi tərəfdaşı olmaqla, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Olimpiya komandasına dəstək verməklə bu niyyəti güdmüşük. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə tərəfdaşlıqda da məqsədimiz gənclər arasında idmanla məşğul olmağa həvəsi artırmaqdır. Tərəfdaşlıq çərçivəsində Gillette və Head & Shoulders brendlərimiz üçün futbolçularımızın iştirakı ilə reklam filmləri çəkilib yayımlanacaq. Bu reklam filmləri milli komandaya dəstəklə yanaşı, futbolu da daha geniş təbliği edəcək. Bizim bir çox məhsullarımız insanların gündəlik məişət həyatında meydana çıxan problemləri həll edərək, onlarda özlərinə güvənli olmağa zəmin yaradır. Biz Azərbaycan Milli Komandasının rəsmi özgüvən tərəfdaşıyıq. Çünki bütün qalibiyyətlərin əsasında özgüvən dayanır. Özünə güvənməklə ən çətin mübarizədən də qalibiyyətlə çıxmaq olar. Biz milli komandamıza uğur və qalibiyyət arzulayırıq”.
Tədbirdə qeyd edilib ki, müqavilə Azərbaycan milli komandasının UEFA Millətlər Liqası və Avropa Çempionatının seçmə mərhələ oyunlarını əhatə edəcək.
Çıxışlar başa çatdıqdan sonra AFFA-nın baş katibi Elxan Məmmədov və Procter & Gamble şirkətinin Qafqaz üzrə baş direktoru Değer Kurtaslanoğlu tərəfindən tərəfdaşlıq müqaviləsi imzalanıb.
AFFA və Procter & Gamble şirkətinin qarşılıqlı hədiyyələri təqdim olunub.
Elxan Məmmədov, Değer Kurtaslanoğlu və Qurban Qurbanov mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.
Sonda xatirə şəkilləri çəkdirilib.
 
Procter & Gamble (P&G) haqqında
P&G öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head & Shoulders®, Always®, Pantene®, Fairy®, Blend-a-med®, Oral-B®, Gillette®, Safeguard® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.

 
Baş Sponsor 
Partnyorlar