az en
News / AFFA və UNICEF-in əməkdaşlığı

AFFA və UNICEF-in əməkdaşlığı

AFFA Dərc olundu: 11.10.2018 Çap
Qızların hüquqlarını tanımaq və dünyadakı qızların qarşılaşdığı unikal çətinliklərə diqqət çəkmək üçün hər il oktyabrın 11-i beynəlxalq qızlar günü kimi qeyd olunur. Bu günün qeyd olunmasında əsas məqsəd dünyada qızların inkişafı üçün xidmət edən bütün təşkilatları bir araya gətirməkdir.
 
AFFA və UNICEF-in əməkdaşlığı
Bu il 8 mart tarixində UNİCEF və AFFA qızların gücləndirilməsini hədəfləyən “Qızlar bacarır” adlı yeni layihənin başladığını elan etdilər. Layihə çərçivəsində müxtəlif sahələrdə uğur qazanmış 4 qadının qarşılaşdığı çətinliklərlə mübarizəsi və öz sahələrində özlərinə inam sayəsində qazandıqları uğur hekayələrindən bəhs edən videoçarxlar hazırlanıb.
Video roliklərdə baş rollarda futbol üzrə milli komandanın kapitanı olmuş Əminə Heydərova, 15 yaşlı ixtiraçı və sahibkar Reyhan Camalova, əsərləri xarici ölkələrdə çap edilmiş şair və yazıçı Leyli Salayeva və Azərbaycan Fövqəladə Hallar Nazirliyində çalışan yeganə qadın xilasedici Sima Səfərova çəkiliblər.
İlk video 7 mart 2018-ci il tarixində AFFA-nın Növbəti Konfransında təqdim edilib və daha sonra gün ərzində kütləvi informasiya vasitələrində yayımlanıb. Müxtəlif dövlət qurumlarının, AFFA tərəfdaşlarının və media nümayəndələrinin iştirak etdiyi tədbirdə AFFA prezidenti Rövnəq Abdullayev ilk videonu təqdim edib və qadınları 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.
Layihə noyabr ayında qadınların cəmiyyətdə, siyasətdə, idmanda və təhsildə rolu mövzusunda təşkil olunacaq forumla tamamlanacaq. Layihə çərçivəsində 5-ci videoçarx forumda təqdim ediləcək.
Qeyd edək ki, UNICEF və AFFA 27 sentyabr 2007-ci ildə Anlaşma Memorandumu imzalamaqla futbolun gücündən istifadə edərək, təcrid olunmuş və əlverişsiz şəraitdə yaşayan oğlanların və qızların idmanda iştirakını artırmaq, uşaqlar və gənclər arasında sağlam həyat tərzi və həyat bacarıqları haqqında bilikləri genişləndirmək və bütün respublikada qızların idmanda iştirakını artırmaq məqsədilə tərəfdaşlıq kampaniyasına start veriblər.
UNICEF ilə AFFA arasında birgə iş UNICEF ilə FİFA arasında qlobal tərəfdaşlığa əsaslanır – 2001-ci ildən bəri hər iki təşkilat birləşərək, dünyanın ən məşhur idman növündən uşaqların əsgərlər kimi orduya cəlb edilməsinin qarşısının alınması, maarifləndirmə və müzakirələr vasitəsilə onların İİV/QİÇS təhlükələri haqqında məlumatlandırılması və qızların təhsilinin artırılması vasitəsi kimi istifadə edir.
 
Baş Sponsor 
Partnyorlar