az en
News / AVRO-2020: 19,3 milyon bilet istəyi ilə rekord

AVRO-2020: 19,3 milyon bilet istəyi ilə rekord

Avro-2020 Dərc olundu: 15.07.2019 Çap
Azarkeşlər bilet müraciəti üçün son tarix olan 12 iyula qədər turnirin rekordunu vuraraq indiyə qədər görünməmiş sayda – 19,3 milyon UEFA Avropa Çempionatı bileti üçün müraciət ediblər.
 
AVRO-2020: 19,3 milyon bilet istəyi ilə rekord
UEFA AVRO-2020 ev sahibliyini həyata keçirən 12 şəhərdə 3 milyon bilet satışı ilə tarixin ən böyük Avropa Çempionatı olacaq. 
2019-cu il 12 iyun və 12 iyul tarixləri arasında 1,5 milyon bilet satışa çıxarıldı.
19,3 milyon bilet üçün müraciət qəbul edildi; bu rəqəm UEFA AVRO-2016-dan öncə eyni mərhələ zamanı biletlərə olan tələbat səviyyəsindən, demək olar ki, iki dəfə çoxdur.  UEFA AVRO-2020 biletlərinin ilkin satış mərhələsi zamanı UEFA, UEFA AVRO-2016 ərəfəsində ekvivalent mərhələdə əldə edilmiş 11 milyonluq rekordu vuraraq, heyrətləndirici rəqəm olan 19,3 milyon bilet sorğusu aldı.
 
Vaxtında ödəniş edin: peşman olmayacaqsınız
Biletlərə böyük tələbatı nəzərə alaraq, UEFA bilet lotereyasında müvəffəqiyyət qazanan azarkeşlərin matçları “'LIVE IT.FOR REAL” şüarı altında izləmələrini təmin etmək məqsədilə, onları biletlər üzrə ödənişi vaxtında və rahat zamanda həyata keçirmək üçün əllərindən gələni etməyə çağırır.  Ayrılmış zaman müddətində biletlər üçün ödənişi həyata keçirə bilməyən azarkeşlər tarixdə ən böyük Avropa Çempionatının iştirakçısı olma fürsətini əldən qaçırmış olacaqlar. Gələcəkdə ictimaiyyətin bilet əldə etməsi üçün imkanlar çox məhdud olacaq.
 
Bunları bilmək lazımdır:
• 12 iyul 2020-ci il tarixində “Uembli” stadionunda keçiriləcək final oyunu üçün heyranedici rəqəm olan 1,9 milyon bilet istəyi var: bu, stadionun tutumundan 22 dəfə çoxdur. Təəccüblü deyil ki, final matçı 51 UEFA AVRO-2020 oyunu içərisində ən çox maraq doğuran oyundur.
• Finala biletlərin təxminən 50%-i (43,500 biletə yaxın) artıq bu satış mərhələsində mövcuddur. Yəni UEFA hər bir mövcud bilet üçün təxminən 44 istək almışdır. 
• Bu mərhələdə final oyunu üçün biletlərə olan tələbat UEFA AVRO-2016-nın Parisdə “Stad de Frans” stadionunda keçirilmiş final oyununa bilet istəyi səviyyəsindən 2 dəfə çoxdur. 
• UEFA AVRO-2020-nin 12 iyun 2020-ci il tarixində Roma şəhərində yerləşən “Olimpiko” stadionunda keçiriləcək açılış oyunu üçün 540,000-dən çox bilet istəyi alınmışdır ki, bu rəqəm də stadionun tutumundan təxminən 8 dəfə çoxdur.
• Yarımfinal və final oyunlarından sonra biletlərə ən yüksək tələbat Münhen və Amsterdamda keçiriləcək qrup mərhələsi oyunları üçün müşahidə edilir.
• Orta hesabla, hər bir azarkeş ən azı 2 məkanda keçiriləcək oyunlara 14 bilet üçün müraciət etmişdir: bu, ictimaiyyətin turnirin 12 Avropa ev sahibi şəhərində keçiriləcək oyunlardan ibarət olan unikal formatını necə qəbul etdiyini göstərir.
• 213 ölkədən bilet müraciətləri qəbul edilmişdir: bu, UEFA AVRO-2020-nin qlobal əhatə xüsusiyyətinin dəqiq göstəricisidir.
• Yerli əhali arasında biletlərə olan ən yüksək tələbat Sankt-Peterburqda müşahidə olunur. Belə ki, burada müraciətlərin təxminən 81%-i Rusiya daxilindən edilmişdir.
• Ev sahibi millətlərdən başqa, Polşa, Fransa və Avstriya kimi ölkələrin azarkeşlərinin də biletlərə böyük tələbatı müşahidə olunur.
 
Bundan sonra nə baş verəcək?
Bütün məkanlar üçün biletlər 2019-cu il iyul ayının sonunda keçiriləcək təsadüfi və ədalətli lotereya yolu ilə veriləcək. Azarkeşlər ən gec 2019-cu il avqustun ortalarına qədər müraciətlərinin nəticəsi haqqında xəbərdar ediləcəklər.
 
Elektron poçtda “gələnlər” qutunuza baxın!
Azarkeşlər uğur qazanarlarsa, onlar e-mesaj vasitəsi ilə bu barədə məlumatlandırılacaqlar və müəyyən müddət ərzində (təxminən 10 gün) biletləri üçün ödənişi həyata keçirməyə dəvət olunacaqlar.
 
Satışların növbəti mərhələsi nə vaxt olacaq?
Biletlər üçün növbəti müraciət etmək imkanı 2019-cu ilin dekabr ayında (final püşkatmasından sonra) biletlər iştirakçı milli assosiasiyalar (İMA) vasitəsilə azarkeşlərə təqdim ediləcəyi zaman baş tutacaq. Bununla belə, bu mərhələdə bilet müraciətlərini etmək hüququnu qazanmaq üçün azarkeşlər milli assosiasiyalar tərəfindən müəyyənləşdirilmiş xüsusi meyarlara uyğun gəlməlidirlər.
 
“Azarkeşlər birincidir”
Uğurlu ərizəçilər göstərilmiş son tarixə qədər ödənişi həyata keçirmədikləri təqdirdə, onların biletləri yenidən satışa çıxarılacaq. Satışların birinci mərhələsində uğursuz olan azarkeşlər UEFA-nın “Azarkeşlər birincidir” proqramı vasitəsi ilə bilet almaq imkanı haqqında xəbərdar edilən ilk şəxslər olacaqlar.
 
Rəsmi qonaqpərvərlik paketləri
Bütün UEFA AVRO-2020 məkanları üçün həmçinin qonaqpərvərlik paketləri də mövcud olacaq. İndi müraciət etmək üçün euro2020.com/hospitality səhifəsinə daxil olun.
 

 
Baş Sponsor 
Partnyorlar