az en
News / Azərbaycan - Xorvatiya: Məşqçi fikirləri

Azərbaycan - Xorvatiya: Məşqçi fikirləri

Avro-2020 Dərc olundu: 09.09.2019 Çap
Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Xorvatiya oyunundan sonra təşkil olunmuş mətbuat konfransında hər iki baş məşqçinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
Azərbaycan - Xorvatiya: Məşqçi fikirləri
Zlatko Dalic (Xorvatiya milli komandasının baş məşqçisi): “Azərbaycan millisini oyuna və nəticəyə görə təbrik edirəm. Qarşılaşmaya yaxşı başladıq, şanlarımız da kifayət qədər idi. İlk qoldan sonra fərqi artıra da bilərdik, lakin rəqib qapıçı komandasını qollardan xilas etdi. İkinci hissədə bunun əksi baş verdi, biz yaxşı oynamadıq. Əvəzində Azərbaycan millisi fasilədən sonra hadisələrin gedişini xeyrinə dəyişdi və hesabı bərabərləşdirdi. Çox istəkli, aqressiv idilər, meydanda mübarizə apardılar, əzmkarlıq göstərdilər. Rəqibimiz bizimlə ilk oyunda da yaxşı çıxış etmişdi. Hətta həmin görüşdən sonra millinizin qrupumuzdakı digər rəqiblərlə oyunlarda da xallar qazanacağını düşünürdüm. Ancaq bunu niyə edə bilmədilər, onu anlamadım.  Bugünkü nəticə məyusedici olsa da, barışmalı və növbəti oyunlar haqda düşünməliyik”.
 
Nikola Yurçeviç (Azərbaycan milli komandasının baş məşqçisi): “Futbolçularımın göstərdiyi oyundan razıyam və onlarla qürur duyuram. Dünyanın ən güclü yığmalarından biri ilə qarşılaşdıq. Azarkeşlərimizin xüsusilə ikinci hissədə dəstəyi inanılmaz idi. Onları təbrik edir və təşəkkürümü bildirirəm. Xorvatiya mənin vətənimdir, amma bu gün bütün qəlbimlə Azərbaycanın uğur qazanması üçün çalışdıq. Yaxşı oynadığımız oyunlar olsa da, bunu hesabda əks etdirə bilmirdik. Amma Xorvatiya ilə qarşılaşmada bunu bacardıq. Bu gün azarkeşlərin özlərini xoşbəxt hiss etməsindən şadam.
Tənqid üçün açıq insanam. Heyəti başqa oyunçulardan qursaydım qələbə qazanardıq ya yox, buna cavab vermək çətindi. Həqiqətən də Macarıstan və Slovakiyaya qarşı yaxşı oyun göstərə bilmədik. Bunun bir sıra səbəbləri olsa da, əsas göstərici fiziki hazırlığımızın yüksək olmaması idi. İki yolumuz var: nəyin hesabına olursa-olsun xal qazanmaq, ya da gələcək üçün yeni oyunçular hazırlamaq. Bugünkü heyətimizdə Emil Balayev, Anton Krivotsyuk, Bəhlul Mustafazadə, Mahir Emreli, Ömər Buludov, Ramil Şeydayev, Renat və Rüfət Dadaşovlar kimi gələcəkdə komandamıza xidmət edəcək istedadlı gənclər var. 
Emil Balayevin bugünkü oyununu briliyanta bənzədirəm. Əsasən də oyunun ilk 15-20 dəqiqəsindəki çıxışını qeyd edərdim. Çünki rəqibimiz matça çox istəkli və sürətli başlamışdı”. 
 
Baş Sponsor 
Partnyorlar