az en
News / Azərbaycan (U-21) – Gürcüstan (U-21): Məşqçi fikirləri

Azərbaycan (U-21) – Gürcüstan (U-21): Məşqçi fikirləri

U-21 Dərc olundu: 11.09.2019 Çap
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avro-2021-in seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Gürcüstan oyunundan sonra təşkil olunmuş brifinqdə hər iki baş məşqçinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
Azərbaycan (U-21) – Gürcüstan (U-21): Məşqçi fikirləri
Milan Obradoviç (Azərbaycan millisinin baş məşqçisi): “İlk topu birinci hissənin son saniyəsində buraxdıq və qoldan dərhal sonra komandalar fasiləyə yollandılar. İkinci hissədə planımız hücum etmək idi. Xüsusilə, cinahlarda sürəti artırmalıydıq.  Ancaq başlayan kimi qırmızı vərəqə almaqla azlıqda qaldıq. Onların “ikinci mərtəbə”də və standart vəziyyətlərdə yaxşı oynadıqlarını bilirdik. Rəqibin daha bir üstünlüyü sürətli əks-hücumlarda təhlükəli olmaqları idi. Buna baxmayaraq, hesabda geri olduğumuza görə, irəli atıldıq. Bu da müdafiədə azalmağımızı şərtləndirdi. Nəticədə, 2 dəfə əks-hücumda yaxalandıq. Zənnimcə, belə diskomfortun səbəbi çoxsaylı sarı vərəqələr idi. Hesab edirəm ki, Hacıağaya göstərilən ilk sarı vərəqə düzgün deyildi.
Uşaqlar öz komandalarında elə də çox oynamırlar. Bu gün meydandakı aqressiyaya görə isə onlara ancaq təsəkkur edə bilərəm. Çünki bu, Azərbaycan, bu forma, bu Vətən uğrunda döyüşmək üçün böyük istəkdən irəli gəlirdi. Futbolçularım ardıcıl ikinci qələbəni bayram etməyi çox istəyirdilər.
Son iki oyunu ümumiləşdirsək, keçirdiyimiz 4 hissənin 3-dən razı qaldım. Bugünkü görüşün 2-ci hissəsində də istəkli idik. Amma azlıqda qalmağımız öz sözünü dedi. Məqsədimiz hər oyunda futbol oynamaq və rəqibdən ən azı 1 top artıq vurmaqdır. Çox işləməliyik ki, sizin də, mənim də arzuladığımız nəticəyə qovuşaq”.
 
Giorgi Tsetsadze (Gürcüstan millisinin baş məşqçisi): “Yaxşı oynadıq və layiq olduğumuz qələbəni qazandıq. Birinci hissənin sonunda qol vurmağımız fasilyə yüksək əhval-ruhiyyədə yollanmağımıza şərait yaratdı. Həm buna qədər, həm də sonrakı dəqiqlərdə qol epizodlarımız oldu. Onu hansı dəqiqədə reallaşdırmağın fərqi yoxdur, vacib olan bunu bacarmaq və qələbə qazanmaqdır. Rəqib meydanda azlıqda qaldıqdan sonra üstünlüyümüzü artırdıq. Azərbaycan millisi yaxşı komandadır. Sadəcə, onlar 4 gün əvvəl məğlub etdikləri güclü Slovakiya ilə oyundan sonra yorğun idilər”.
 
Baş Sponsor 
Proyekt Partnyorları