az en
News / Futbol Elviraya təsəlli verir (foto+video)

Futbol Elviraya təsəlli verir (foto+video)

UEFA Dərc olundu: 04.09.2019 Çap
UEFA-nın saytında 19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin üzvü Elvira Əskərzadə ilə bağlı yazı dərc olunub. Yazının tərcüməsini və müvafiq videoçarxı diqqətinizə çatdırırıq:
 
 
Futbol Elviraya təsəlli verir (foto+video)
Hər ay #EqualGame kampaniyası çərçivəsində UEFA 55 üzv assosiasiyadan birini təmsil edən bir nəfərə diqqətləri cəlb edir. Həmin şəxs futbolun tolerantlıq, bərabər imkanlar və  müxtəlifliyi təbliğ etməsinin nümunəsidir; onun hekayəsi əlilliyin, dinin, cinsiyyətin, milliyətin və sosial imkanların futbol oynamaq və ondan zövq almaq üçün maneə olmadığına dəlalət edir.
Hələ uşaqlıqda Elvira Əskərzadə ağır itki ilə üzləşib. On bir yaşında olarkən anası dünyasını dəyişib. Belə itki balaca uşağın ruhunda dərin iz qoyur. Amma 18 yaşlı azərbaycanlı xanım bu sarsıntının öhdəsindən uğurla gəldi… və irəliyə aparan yolu futbolda tapdı.
O, çətin vaxtlarında ona təskinlik verən bu idman növünə sevgi ilə bağlandı və mükəmməl qapıçılıq bacarığının qarşılığı olaraq Elvira kapitanlıq sarğısına layiq görülməklə yanaşı, həm də hazırda U-19 milli komandasının üzvüdür. Elvira, eyni zamanda, AFFA-nın Futbol Akademiyasında uzunmüddətli yaşamaq haqqı və uğurlu peşəkar karyera qurmaqla bağlı arzusunu reallaşdırmaq üçün imkanlar əldə etdi.
Elvira ölkənin cənubunda, Xəzər dənizi sahilində yerləşən Lənkəran şəhərində böyüyüb. Gənc qızın futbolla ilk tanışlığı, demək olar ki, qapısının önündə baş tutub.
“Mən uşaq olanda evimizin yanında meydança var idi və mənim kimi qızların orada futbol oynadığını gördüm. Qardaşım həmişə futbola baxırdı və uşaqlıqda mən ondan soruşurdum: ‘Nəyə görə buna baxırsan?’ Sonralar futbolu xoşladığımdan tam əmin olmasam da, onu dərk etmək üçün oyunları izləməyə başladım”.
“Daha sonra məndə maraq yaranmağa başladı və fikirləşdim: Bəlkə özümü sınayım? Mən də bunu bacara bilərəm”.
Elviranın anası qızının futbol dünyasına girişi üçün ona uşaqlıqdan yol açıb. Elvira qeyd edir ki, “Səkkiz yaşım olanda anam məni futbol kurslarına yazdırdı. Düzdür, məşqlərə məktəb vaxtı getməsəm də, tətil vaxtı oynayırdım və anam mənim hansısa fəaliyyətlə məşğul olmağımı istəyirdi”.
Lakin onun anası dünyasını dəyişdi – dəhşətli bir şok idi. “Onun ölümündən sonra depressiyada idim,” - deyə Elvira xatırlayır. “Əslində, heç nə etmək istəmirdim”. Lənkəranda nənəsi Zibeydə Elviranın valideyni rolunu öz üzərinə götürdü.    
Futbol qollarını Elviraya açdı və onu irəliyə apardı. “Məşqçilərim zəng edib mənə dedilər: “Sən bunu bacara bilərsən”, “gəl və oyna”... mən də getdim və oynadım. Mən futbol oynamaqdan həzz aldım və məmnunluq hissi yaşadım”.
Nənəsinin diqqət və qayğısından əlavə, futbol Elviranın gənc həyatında böyük təsəlli qaynağına çevrildi. “Mənim uşaqlığım çətin idi”, - deyə o qeyd edir, “çünki mən adi uşaqlar kimi böyüməmişəm.”
Elvira səmimi etiraf edir ki, onun futbol oynamaq istəyi ailəsində müəyyən narazılığa səbəb olmuşdu. “Nənəm də mənim futbolla əlaqəmin olmasını istəmirdi. O, mənim hamı kimi oxumağımı istəyirdi. Amma mən öz arzumu seçdim. Bilirdim ki, bunu bacaracam”.
Futbola başladığı ilk vaxtlarda qapıçılıq birmənalı olaraq Elviranın planlarında yox idi. “Mən öndə oynamağa üstünlük verirdim,” deyə Elvira izah edir. “Məşqçim boyuma görə hər zaman mənə qapını qorumağı tapşırırdı. Məndə buna potensial olduğunu dərk etdim”.
Elviranın artan qapıçılıq potensialı qısa vaxtda gənclərdən ibarət Azərbaycan millisinin məşqçilərinin diqqətini cəlb etdi və o, 14 yaşında Lənkərandan Bakıya, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən idarə olunan Futbol Akademiyasında yaşamağa dəvət aldı.
“Akademiyaya gələndə hər şey mənə qəribə gəlirdi,” - Elvira ev üçün mütəmadi olaraq darıxdığını yada salaraq deyir: “İlk dəfə idi ki, mən evdən bu qədər uzaqda idim. İlk olaraq çox həyəcanlı idim, amma vaxt keçdikcə akademiyaya öyrəşdim”. O andan etibarən həm futbolda, həm də onun şəxsi inkişafında daimi irəliləyiş müşahidə olunur. O gözəl qapıçıya çevirilir və ölkəsini aşağı yaş kateqoriyalarında təmsil edərək, müstəqil və özünə inamlı gəncə çevirilir.  
Akademiyadakı həyat Elvira üçün müxtəlif aspektlərdə faydalı olub: “Mən burada peşəkar futbolçu kimi böyümüşəm,” - deyə qeyd edir. “Rejimə riayət etməli idim, hansı ki, əsasən yatmaq, yemək və məşqlərdən ibarət idi”. Klub səviyyəsində Elvira Bakıda yerləşən və Yüksək Liqada çıxış edən FC Təhsil komandasının formasını geyinir. “Mən peşəkar atlet kimi böyümüşəm. Müxtəlif yaş qruplarından keçərək hazırda yaş baxımından daha yüksək komandada oynayıram”.
“Burada yeni dostlar qazandım. Ailəm məndən uzaqda olsa da, burada daha bir ailəm var. Problemlərim və ya dərdim olanda onları insanlarla paylaşa bilir və kömək istəyə bilirəm”. Azərbaycanın paytaxtı Bakı xüsusi gözəlliyə sahib olan, həyat dolu dinamik şəhərdir. “Mən burada rahatlıqla yaşayıram”, - Elvira qeyd edir. “Bakını sevirəm, çünki o məni mən edən şəhərdir”.
Nənəsini görmək üçün evə hər gedişi sevinc dolu anlardan ibarətdir. “Biz birlikdə əylənirik,” - deyə Elvira qeyd edir. “Akademiyada olanda nənəmlə videogörüntü ilə əlaqə saxlayıb danışıram. O, mənim həyatımda ən dəyərli insandır”. Elviranın nənəsinin onun futbol oynaması ilə bağlı tərəddüdləri çoxdan aradan qalxıb. “O mənim oyuna necə aşiq olduğumu görəndən sonra futbol oynamağıma sevindi. Mənim yanımda oldu. Məncə, indi ailəm mənimlə fəxr edir, çünki onlar elə düşünürdülər ki, bunlara nail ola bilməyəcəm”.
Elvira seçdiyi yolda addımladıqca onda olan futbol sevgisi özünü daha parlaq biruzə verir. “Futbolu sevirəm, o mənim üçün hər şeydir,” - deyir. O, rəğbət bəslədiyi oyunun önəmi barədə dərindən fikirləşir. “Fikrimcə, futbol dostluğun simvoludur, çünki burada dinə, irqə və cinsiyyətə görə sərhədlər və fərqlər yoxdur. İstənilən yaşda və istənilən iqrlərdən olan insanlar, oğlanlar və qızlar, hər kəs futbol oynaya bilər”.
Elvira izah edir ki, bir zamanlar Azərbaycanda geniş şəkildə qəbul olunmuş düşüncə tərzi qızların futbol oynamamasını diktə edirdi. “Bu gün artıq belə deyil,” - o deyir. “Hər zaman inkişaf gedir və biz görürük ki, qadınlar da həmçinin futbol oynaya bilər”.
Qapıçı mövqeyi xüsusi əhəmiyyət daşıyır və bəzən tənha iş kimi görünür. “Məncə, qapıçı olmaq çox çətindir,” - Elvira etiraf edir. “Bu böyük məsuliyyətdir. Komanda yoldaşların sənə güvənməlidir. İstənilən oyunçu səhv edə bilər və digər komanda yoldaşı o səhvi düzəldə bilər. Amma qapıçı səhv etsə, bu qolla nəticələnəcək”. Kapitan olaraq Elvira öz rolunu oyunun gedişatını izləyərək bütün oyunçulara diqqət yetirməkdə və idarə etməkdə görür.
Elviranın ən böyük arzusu [UEFA] Qadınlararası Çempionlar Liqasında oynamaqdır. “Bu mənim məqsədimdir, bunu hədəfə almışam. Buna nail olsam, o səviyyədə qalmağa çalışacam, amma yerimdə saymayacam və daha da inkişaf edəcəm. Əgər Qadınlararası Çempionlar Liqasında qalib gəlsəm, medalımı nənəmə gətirib göstərəcəm!”

Onu sevən anasının itkisi Elviranın uşaqlığını tez bitirdi və anasının ruhu ona hələ də yol göstərir. “Anamın dünyasını dəyişməsi məni həyata daha çox fokuslanmağa vadar elədi,” - deyə Elvira qeyd edir. “Çünki o, mənim üçün hər şeyin ən yaxşısını arzulayırdı. Onun arzusunu həyata keçirmək üçün mən hər gün uğur qazanmaq məqsədilə ürəkdən çalışıram. İnanıram ki, anam mənimlə fəxr edir”.
“Hər zaman inanıram ki, insanlar öz məqsədlərinə çatmaq üçün çalışmalıdırlar. Mən də öz məqsədimə çatmaq üçün çox çalışıram. Amma bəzi insanlar mənə deyirdi ki, ‘Sən bunu bacara bilməzsən’, ‘bu oğlanlar üçündür’, ‘qadınlar bunu edə bilməzlər’. Amma Allaha çox şükür ki, mən bunun mümkün olduğunu göstərdim. Əgər bir şeyi istəyirsinizsə, ona nail ola bilərsiniz”.
“Düşünürəm ki, futbola sevgi cinsiyyətə əsaslanmır. Mən istəmərəm ki, digər insanların düşüncələrinə görə qızlar ümidlərini itirib sevdikləri işi yarıda buraxsınlar...”
“Özünə inanırsansa, daha da irəli gedə bilərsən. Bir şeyi istəyirsənsə, heç nə mümkünsüz deyil...”
 
 
 
 
Baş Sponsor 
Partnyorlar