az en
News / Futbol oynayan yeniyetmə qızlar daha yüksək özünəəminlik nümayiş etdirirlər

Futbol oynayan yeniyetmə qızlar daha yüksək özünəəminlik nümayiş etdirirlər

Kütləvilik Dərc olundu: 17.05.2017 Çap
Tədqiqata cəlb edilmiş 4000-dən çox qız futbolun müsbət təsirini vurğulayır
Yeni araşdırma təsdiq edir ki, futbol yeniyetmə qızların özünəəminliyi baxımından digər idman növlərinə nisbətən daha böyük təsirə malikdir.
Futbol oynayan yeniyetmə qızlar daha yüksək özünəəminlik nümayiş etdirirlər
Futbolun Avropadakı qızların və gənc xanımların psixoloji və emosional vəziyyətinə təsirini tədqiq etmək məqsədilə UEFA və elit mütəxəssislər qrupu tərəfindən bu sahədə yeni və geniş tədqiqat aparılmışdır. Araşdırmada futbolun özünəəminlik, özünüqiymətləndirmə, sağlamlıq, birlik hissləri, motivasiya və həyati bacarıqlar üzərindəki təsiri nəzərə alınmış və digər kütləvi idman növlərinin müvafiq təsiri ilə müqayisə edilmişdir. Məlumatlar altı ölkədən toplanmışdır: Danimarka, İngiltərə, Almaniya, İspaniya, Polşa və Türkiyə.
Həmçinin futbol ilə özünəəminlik, özünüqiymətləndirmə, həyati bacarıqlar və sağlamlıq arasında olan əlaqələrə dair mövcud araşdırma ədəbiyyatının təhlil edildiyi tədqiqatda 13 və daha çox yaşı olan 4.128 qız və gənc qadın barədə məlumatlar toplanmışdır.
Araşdırma təsdiq edir ki, Avropa ölkələrində qadın futbolu özünün müxtəlif inkişaf mərhələlərində olsa da, onun özünəəminlik üzərindəki təsiri baxımdan oxşaqlıqlar çoxdur.
Ən əsası harada yaşamalarından, oyunun hansı səviyyəsində olmalarından asılı olmayaraq, futbol oynayan qızlar idmanla məşğul olmayan qızlarla müqayisədə özlərinə daha çox güvənirlər. Bundan da önəmlisi, futbol oynayan qızlar başqa idman növü ilə məşğul olan qızlarla müqayisədə özlərinə daha əmindirlər.
 
Nəticədə, araşdırma növbəti bir neçə ildə Avropada nəhəng inkişafı nəzərdə tutulmuş idman növü üçün həvəsləndirici xüsusiyyətləri üzə çıxarır.
UEFA-nın qadın futbolu üzrə müşaviri Nadine Kessler deyib: "Bu tədqiqat göstərir ki, futbol oynayan qızlar futbol oynamayan qızlarla müqayisədə özlərinə daha çox güvənirlər. Mən bunun böyüyərkən nə dərəcədə önəmli olduğunu kifayət qədər əsaslandıra bilmirəm. Əminəm ki, biz fikirləri dəyişə bilərik və futbol oynamağı yeniyetmə qızlar üçün cəlbedici edə bilərik. Əgər biz buna nail ola bilsək, futbolu Avropada qızlar üçün bir nömrəli idman növü etmək məqsədimizə nail olmaq istiqamətində yolumuza başlamış olarıq."
2010-cu ildə UEFA-nın Qadın Futbolunun İnkişafı Proqramını təsdiq etməsindən etibarən oyun Avropada bütün səviyyələrdə kütləviləşmişdir. UEFA-nın 55 üzv assosiasiyası tərəfindən oyuna daha çox enerjinin və vəsaitin sərf edilməsi nəticəsində elit qadın futbolu əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Bu yay Niderlandda baş tutacaq qadınlar arasında UEFA Avropa çempionatının final mərhələsində ilk dəfə olaraq 16 komanda iştirak edəcək.
2022-ci ilə qədər futbolu Avropada qızlar və qadınlar arasında bir nömrəli kütləvi idman növü etmək məqsədi ilə UEFA 1 iyun tarixində "Together #WePlayStrong" inqilabi kampaniyasına start verəcək. 
 
 
 
Baş Sponsor 
Partnyorlar