az en
News / Futbolçuların qələbə şərhi

Futbolçuların qələbə şərhi

A Milli Dərc olundu: 10.03.2017 Çap
Qətər və Azərbaycan milli komandaları arasında Doha şəhərində keçirilmiş yoldaşlıq görüşündə iştirak edən millinin üzvləri affa.az-a oyun barədə fikirlərini bildirib:
 
Futbolçuların qələbə şərhi
Cavid Hüseynov: “Rəqibin oyunlarını izləmişdik. Nəyə qadir olduqlarını bilirdik. Texniki futbola üstünlük verən komanda idi. Səfərdəki qarşılaşmanın çətin keçəcəyini bilirdik. Elə də oldu. Yaratdığımız imkanlardan istifadə edib qələbə qazanmağı bacardıq. Öz oyunum haqda nəsə deməyim düzgün olmaz. Yaxşı olar ki, bu barədə mütəxəssislər fikir bildirsinlər. Komandaya yeni cəlb olunan gənc futbolçular da özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. İndi bizi Almaniya ilə çətin oyun gözləyir. Əlbəttə, əlimizi-qolumuzu sallamaq fikrimiz yoxdur. Rəqibin adından asılı olmayaraq, nəticə qazanmaq istəyirik”.
 
Rauf Əliyev: “Hər iki komandanın qol vurmaq şansları oldu. Almaniya ilə vacib oyunöncəsi bizim üçün yaxşı hazırlıq matçı oldu. Qələbə qazandığımız üçün sevincliyik. Hər oyundan qələbə ilə ayrılmaq istəyirik. Uzun fasilədən sonra yenidən milliyə dəvət aldım, ikinci hissədə oynamaq imkanı qazandım. Hər oyunda olduğu kimi, Qətər yığması ilə matçda da əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Hazırda yaxşı formadayam. Çempionat oyunlarında var gücümlə çalışırıram ki, milli komandaya dəvət alım”.
 
Mahir Mədətov: “Maraqlı oyun oldu. Hər iki komanda açıq futbola üstünlük verirdi. Məşqçimizin verdiyi tapşırıqları yerinə yetirib qələbə qazandıq. Bu oyun mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünki əsas millidə ilk dəfə debüt edəcəkdim. Həyəcan yox idi desəm, yalan olar. Baş məşqçi Robert Prosineçkiyə özümü göstərmək istəyirdim. Gənc bir oyunçu üçün bu böyük bir məsuliyyətdir. Düşünürəm ki, bunu bacardım. Əlbəttə, bununla kifayətlənməməliyəm. Növbəti toplanışlara da dəvət alsam, komandaya faydalı olmaq üçün bacardığımın ən yaxşısını etməyə çalışacam”.
 
Səlahət Ağayev: “Rəqibimiz zəif komanda deyildi. Eyni səviyyəli iki komandanın qarşılaşması oldu. Oyuna yaxşı başlasaq da, fasiləyə qədər qol vura bilmədik. Hesabı ikinci hissədə açdıq, təəssüf ki, tez də qol buraxdıq. Amma qələbə topunu vurmağa nail olduq. İkinci hissədə daha əzmkar mübarizə apardıq. Almaniya ilə oyundan əvvəl bu nəticə bizim üçün vacib idi.
Yenə deyirəm, Qətərin zəif rəqib olduğunu demək, düzgün deyil. Baş məşqçimiz də qeyd edib ki, rəqib futbol oynamağı bacardığını meydanda göstərdi. Oyunun gedişi, axarı da bu qənaətə gəlməyə əsas verir.
 
Namik Ələskərov: “Oyun həm maraqlı, həm də çətin keçdi. Almaniya ilə oyunöncəsi yaxşı təcrübə qazandıq. Meydanda bərabər səviyyədə mübarizə getdi. Hər iki komandanın real qol epizodları oldu. Bu matç bizdə özünəinamı artırdı. Almaniya ilə qarşılaşmada hansı taktiki sxemlə oynayacağımıza baş məşqçi qərar verəcək. Bizim işimiz həmin matça ciddi hazırlaşmaqdı”.
 
 
 
 
 
Baş Sponsor 
Partnyorlar