az en
News / “Heyətdə müəyyən dəyişikliklər olacaq”

“Heyətdə müəyyən dəyişikliklər olacaq”

Avro-2020 Dərc olundu: 10.06.2019 Çap
Avro-2020-nin seçmə qrup mərhələsi çərçivəsində iyunun 11-də, saat 20:00-da, “Bakcell Arena”da keçiriləcək Azərbaycan - Slovakiya oyunu ərəfəsində millimizin baş məşqçisi Nikola Yurçeviçin, həmçinin komandanın kapitanı Maksim Medvedevin iştirakı ilə bu gün mətbuat konfransı təşkil olunub:
 
“Heyətdə müəyyən dəyişikliklər olacaq”
Nikola Yurçeviç: “Üç gün ərzində iki oyun keçirmək çətindir. Macarıstanla oyunun nəticəsi bizi məyus etdi. Komanda üzvləri ilə söhbət etmişik, çətin oyun olacaq. Slovakiya güclü klublarda çıxış edən futbolçulardan qurulub. Bu da komandanın keyfiyyətindən xəbər verir. Buna baxmayaraq, komanda yaxşı nəticə qazanmaq üçün əlindən gələni edəcək. Oyun bizim üçün əhəmiyyətlidir.
Əgər oyun zamanı futbolçular bacardıqlarını edirlərsə, onlardan narazı qala bilmərəm. Macarıstanla oyunu təhlil etmişik. Razı qaldığım və narazı olduğum məqamlar var. Oyunçulara bununla bağlı fikrimi çatdırmışam. Təbii ki, heyətdə müəyyən dəyişikliklər olacaq. Çünki Macarıstanla qarşılaşmada iştirak edən futbolçular arasında yorğun olanları var. Son məşqdə onların fiziki durumunu da izləyəcəm və bundan sonra heyətlə bağlı qərar qəbul edəcəm. Komandama rəqib qapısı qarşısında təhlükəli olmağı tapşırsam da, oyun zamanı “axsadığımız” məqamlardan biridir. Məşqdə qapı istiqamətində çoxlu zərbələr endirsələr də, oyunda bunu etmirlər. Rəqib nə qədər güclü və keyfiyyətli futbolçulardan qurulsa da, sabahkı oyunla bağlı optimistəm”.  
 
Maksim Medvedev: “Macarıstana məğlub olduq. Həmin oyunu analiz etdik və səhvlərimizi gördük. Slovakiyanın gücünə bələd olsaq da, biz ən yaxşı oyunumuzu keçirməyə çalışacağıq. Yaxşı nəticə əldə edəcəyimizə inanıram”.
 
Baş Sponsor 
Proyekt Partnyorları