az en
News / “M.Y.” Yay Futbol Məktəbi: sertifikat təqdim olunub (fotolar)

“M.Y.” Yay Futbol Məktəbi: sertifikat təqdim olunub (fotolar)

Mançester Yunayted Dərc olundu: 06.12.2016 Çap
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Bakcell şirkətinin birgə təşkilatçılığı ilə bu gün “Mançester Yunayted” dördüncü Yay Futbol Məktəbinin qalibləri ilə görüş keçirilib. Bu məqsədlə Bakı Olimpiya Stadionunda “Mançester Yunayted” Yay Futbol Məktəbi ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədov, Bakcell şirkətinin Baş marketinq və satış direktoru direktoru Fedja Hadziç və məktəbin baş məşqçisi Mik Bennettin iştirakı ilə mətbuat konfransı təşkil olunub.
 
“M.Y.” Yay Futbol Məktəbi: sertifikat təqdim olunub (fotolar)
Əvvəlcə Bakcell şirkətinin Baş marketinq və satış direktoru F.Hadziç çıxış edərək layihənin əhəmiyyətindən danışıb AFFA ilə əməkdaşlıq etməkdən məmnunluğunu ifadə edib: “AFFA və Mançester Yunayted ilə birgə tərəfdaşlıq çərçivəsində hər il təşkil etdiyimiz Mançester Yunayted Yay Futbol Məktəbində uşaqlar üçün əlimizdən gələn şəraiti yaratmağa çalışırıq. Bu uşaqlar Azərbaycan futbolunun gələcəyi və hər birimizin fəxridir. Ümidvarıq ki, hər il olduğu kimi, bu il də Mançesterə səfər edən uşaqlar ilk öncə Azərbaycanı, daha sonra isə üzvləri olduğu futbol klubunu layiqincə təmsil edəcəklər. Bakcell, AFFA və “Mançester Yunayted” futbol klubu adından bu gənc, istedadlı futbolçularımıza uğurlar arzu edirik”.
AFFA-nın baş katibi Elxan Məmmədov isə layihə haqda məlumat verərək bildirib ki, “Mançester Yunayted” dördüncü Yay Futbol Məktəbinə seçimlər bu dəfə Bakı şəhərini əhatə edib: “Azərbaycan Futbol Federasiyaları Assosiasiyası artıq 4-cü ildir ki, Bakcell şirkəti ilə birgə "Mançester Yunayted” Yay Futbol Məktəbinin təşkilində əməkdaşlıq edir. "Mançester Yunayted” Yay Futbol Məktəbi ölkəmizdə uşaq futbolunun inkişafında və kütləvi futbolun təbliğində vacib rol oynayır. Bakıda təşkil olunan məşqlərdə fərqlənmiş uşaqlar İngiltərənin Mançester şəhərinə səfər etmək, Old Trafford stadionunda olmaq, "Mançester Yunayted" klubunun düşərgəsində bir müddət vaxt keçirmək imkanı əldə edir və bütün bunlar uşaqların futbola sevgisini artırmaqla yanaşı, yaddaşlarına silinməz xatirələr həkk edir. Bu layihənin uzun illər ərzində davam edəcəyinə ümid edir, Bakcell şirkətinin Azərbaycan futboluna göstərdiyi dəstəyi yüksək qiymətləndirir, əməkdaşlığımızın gələcəkdə də müsbət nəticələr verəcəyinə inanırıq”.
Daha sonra Mançester Yunayted Futbol Məktəbinin baş məşqçisi Mick Bennett seçim prosesi haqda danışaraq daha çox uşaqların texniki xüsusiyyətlərini sınaqdan keçirməklə kifayətlənmədiklərini, onların insani keyfiyyətlərinə də diqqət yetirdiklərini vurğulayıb: “Həm də anlaşmaya əsasən hər dəfə Mançester şəhərinə 5 futbolçu göndərirdik. Bu dəfə AFFA və Bakcell şirkətinin razılığı əsasında Bakıdakı “M.Y.” Futbol Məktəbindən də 1 uşağa “xəyyallar şəhəri”nə yollanmaq imkanı yaratdıq”. 
Mətbuat konfransı başa çatdıqdan sonra Bakıda təşkil olunmuş “Mançester Yunayted” Yay Futbol Məktəbində təlim zamanı ən yüksək nəticə göstərən 6 uşağa Mançesterə səfər etmək hüququnu verən sertifikat təqdim edilib.
Xatırladaq ki, 10-15 dekabr tarixləri arasında olacaq səfər zamanı istedadlar “Mançester Yunayted” klubu ilə tanış olacaq və klubun oyununu izləyəcəklər. Səfərlə əlaqəli xərclər Bakcell şirkəti tərəfindən qarşılanır.
 
Qeyd edək ki, bu ilin sentyabrında “Mançester Yunayted” Yay Futbol Məktəbində “Mançester Yunayted” futbol məktəbindən Azərbaycana ezam olunan məşqçilər tərəfindən keçirilən təlim-məşq toplanışında AFFA-nın dəstəyilə təşkil olunan seçimlərdən uğurla keçmiş 9-12 yaşlı 32 uşaq iştirak edib. Təlim-məşq  toplantısının bütün iştirakçılarına “Mançester Yunayted” klubu tərəfindən xüsusi sertifikat təqdim olunub və ən yaxşı nəticələr nümayiş etdirən 6 məzun Mançesterə səfər etmək imkanına sahib olub.
Hazırda Bakı Olimpiya Stadionunda daimi fəaliyyət göstərən “Mançester Yunayted” Futbol Məktəbində 98 uşaq futbol üzrə bilik və bacarıqlarını artırırlar. Onlardan 6 nəfər bu yay təşkil edilən Mançester Yunayted Yay Futbol Məktəbinin məzunlarıdır. Məktəbin “Manchester United Baku” komandası isə U-13 liqasında oynayır və layiqli nəticələr nümayiş etdirir.
 
 
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər. 
Baş Sponsor 
Partnyorlar