az en
News / “Növbəti seçmə mərhələyə hazırlıq baxımından addımlar atırdıq”

“Növbəti seçmə mərhələyə hazırlıq baxımından addımlar atırdıq”

U-21 Dərc olundu: 16.10.2018 Çap
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində “Marienlist” stadionunda keçirilən Norveç - Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Rəşad Sadıqovun və futbolçulardan Fəhmin Muradbəyli ilə Qismət Alıyevin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
“Növbəti seçmə mərhələyə hazırlıq baxımından addımlar atırdıq”
Rəşad Sadıqov: “Oyunun gərgin keçəcəyini bilirdik. Rəqibin gücü, səviyyəsi bəllidir. Oyunun çox hissəsinə meydan sahibi nəzarət edirdi. Biz də komanda şəklində yaxşı müdafiə olunub rəqibi əks-hücumlarda yaxalamağa çalışırdıq. Futbolçularımı inandıqları və sonadək mübarizə apardıqları üçün təbrik edirəm. Oyun çətin keçsə də, təslim olmurdular. Bu, onların gələcəyi üçün çox önəmlidir.
Heç vaxt futbolçuları ayırmağı xoşlamıram, amma qapıçımız Kamran İbrahimovu xüsusi təbrik etmək istəyirəm. Bakıdakı uğursuz oyundan sonra bu gün tam əksinə, uğurlu oyun nümayiş etdirdi. Bir neçə epizodda önəmli qurtarışlar etdi.
Son dörd oyunda risk edərək 5-6 gənc oyunçunu meydana buraxdıq. Nəticəyə fikir vermədən daim onlara şans verdik. Bu qarşılaşmada da 5 gənc futbolçu oynamaq şansı qazandı. Növbəti seçmə mərhələyə hazırlıq baxımından addımlar atırdıq. Bununla paralel olaraq çalışırdıq ki, milliyə namizəd olan oyunçuları əsas heyətdə oynadaq. Bu barədə daim milli komandanın baş məşqçisi Qurban Qurbanovla müzakirə aparırıq. Son 5 oyunda bir çox oyunçu debüt etmək imkanı qazandı. Əlimizdən gələni edəcəyik ki, növbəti seçmə mərhələyə komandanı daha yaxşı hazırlayaq”.
 
Fəhmin Muradbəyli: “Çox çətin oyun oldu. Hər iki komanda yaxşı mübarizə apardı. Çətin səfərdə məqsədimiz 3 xal qazanmaq idi. Oyunumuz istədiyimiz kimi gedirdi. Rəqibini əks-hücumda yaxalayıb penalti vurmaq imkanı qazandıq. Qol vurduğum üçün sevinirəm. Bu seçmə mərhələdə sonuncu oyunumuz idi. Yaxşı nəticə ilə seçmə mərhələni başa vurmaq istəyirdik”.
 
Qismət Alıyev: “Oyuna yaxşı hazırlaşmışdıq. Rəqibin oyununu izləyib zəif və güclü tərəflərini təhlil etmişdik. Bu oyuna tam hazır gəlmişdik. İlk dəqiqələrdən qol vuraraq hesabda irəli çıxdıq. Oyunun sonlarına yaxın öz səhvimizdən qapımızdan qol buraxdıq. Düşünürəm ki, çox yaxşı, əzmkar mübarizə apardıq. Seçmə mərhələdə sonuncu oyunum idi. Bundan sonra əsas məqsədim milli komandaya dəvət almaqdır”.
 

 
Baş Sponsor 
Partnyorlar