az en
News / “Oyun üslubunda bəzi dəyişikliklər olacaq”

“Oyun üslubunda bəzi dəyişikliklər olacaq”

U-21 Dərc olundu: 12.10.2018 Çap
Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının bu gün Bayıl Arenada mətbuat üçün açıq məşqi olub. Məşqdən əvvəl yığmanın baş məşqçisi Rəşad Sadıqov və futbolçulardan Fəhmin Muradbəyli ilə Bəhlul Mustafazadə jurnalistlərin suallarını cavablandırıb.
 
 
“Oyun üslubunda bəzi dəyişikliklər olacaq”
Rəşad Sadıqov: “Qrupda son oyunumuz olacaq. Ümumi dəyərləndirmə etsək, nəticələr istədiyimiz kimi olmadı. Səfərdə bizi Norveç yığmasıyla çətin oyun gözləyir. Rəqibin gücü bəllidir, qrupdan çıxmaq uğrunda mübarizə aparır.
Yolun uzaqlığını nəzərə alaraq səfərə 3 gün əvvəl çıxacağıq. Yorğunluğu üzərimizdən atmaq, fiziki gücümüzü artırmaq üçün əlavə 2 dəfə məşq etmək imkanımız olacaq. Yaxşı əhval-ruhiyyədə, inamla oyuna hazırlaşırıq. Öz məqsədlərimiz var. Oyun üslubunda bəzi dəyişikliklər olacaq. Rəqibə öz oyunlarını oynamağa imkan verməməliyik. İlk dəqiqələrdən sonacan diqqətli oynamalıyıq. Norveçlə Bakıdakı oyunun ikinci hissənin əvvəlində oyunu əldən vermişdik. Yenidən həmin oyunun təkrarını izlədik. Bu dəfə 5-6 gənc oyunçunun oynamasına, təcrübə qazanmasına imkan yaradacağıq. Mənim üçün ən vacib məqamlardan biri məhz bu olacaq”.
 
Fəhmin Muradbəyli: “Norveçlə oyuna ciddi hazırlaşmışıq. Məqsədimiz səfərdən yaxşı nəticə ilə geri qayıtmaqdır. Oyunun keçiriləcəyi stadionun meydançası süni olduğundan biz də süni meydanda məşq keçirik. Daha çox taktiki məşqlərə üstünlük veririk. Komandada ab-hava yaxşıdır. Məşqlərdə də, məşqlərdən kənarda da hamı oyun barədə düşünür”.
 
Bəhlul Mustafazadə: “Komanda olaraq oyuna yaxşı hazırlaşırıq. Norveçlə Bakıda keçirdiyimiz oyunda buraxdığımız səhvlərdən məğlub olduq. Çalışacağıq bu dəfə eyni səhvləri təkrarlamayaq. Bizi çətin oyun gözlədiyini bilirik. Əgər öz oyunumuz nümayiş etdirə bilsək, istədiyimiz nəticəni əldə edə bilərik”.
 
 
Baş Sponsor 
Partnyorlar