az en
News / "Qələbə qazanmaq istəyirik"

"Qələbə qazanmaq istəyirik"

A Milli Dərc olundu: 07.10.2016 Çap
DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan – Norveç oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında millimizin baş məşqçisi Robert Prosineçkinin, həmçinin komandanın üzvləri Rəşad Sadıqov və Maksim Medvedevin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
"Qələbə qazanmaq istəyirik"
Robert Prosineçki: “Komanda 5 gündür hazırlığa başlayıb. Hazırlıq prosesindən razıyam. Düzdür, zədəli futbolçularımız olduğu üçün tam heyətlə məşq edə bilməmişik. Amma seçmə mərhələdə ilk ev oyunumuzda qələbə qazanmaq istəyirik. Norveç yığmasının güclü rəqib olduğunu bilirik. Seçmə mərhələyə Almaniya yığmasına məğlubiyyətlə başlamalarına baxmayaraq, rəqibimizin heyətində Avropanın bir sıra tanınmış komandalarında çıxış edən futbolçular var. Bununla belə, bizi daha çox öz hazırlıq səviyyəmiz maraqlandırır. Sabahkı oyunda qələbə qazanmaq istəyirik. Komandama güvənirəm. İnanıram ki, Norveç yığması ilə oyundan sonra azarkeşlərin Azərbaycan milli komandasına münasibəti yaxşı mənada bir qədər də dəyişəcək. Azarkeşlərdən stadiona gələrək millini dəstəkləmələrini xahiş edirəm”. 
 
Rəşad Sadıqov: “Rəqibin oyun üslubu dəyişib. İndi hücumda daha sürətli oynayırlar. Müdafiəçilərin üzərinə daha çox yük düşəcək. Diqqətli olmalıyıq. Nəticənin uğurlu olması üçün əlimizdən gələni edəcəyik. Güclü rəqibdir, asan olmayacaq. Rəqiblərə güclü dediyimiz üçün bizi qınayanlar da ola bilər. Amma milli komandalar səviyyəsində zəif rəqib olmur. Məğlubiyyət haqda düşünmürük”.
 
Maksim Medvedev: “Bu oyunun bizim üçün nə dərəcədə vacib olduğunu çox yaxşı anlayırıq. Seçmə mərhələnin ilk oyununda San Marino yığmasına qalib gəlmişik. Yolumuza elə beləcə də davam etmək istəyirik. Bilirik ki, Norveç yığması ilə San Mariono komandasının gücünü eyniləşdirmək olmaz. Amma biz də yaxşı hazırlaşmışıq və son dövrlərdə göstərmişik ki, istənilən rəqibə qarşı oynaya bilirik. Sabah da uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik”.
 
Baş Sponsor 
Partnyorlar