az en
News / Təşkilati işlər birgə həyata keçiriləcək

Təşkilati işlər birgə həyata keçiriləcək

UEFA U-17 AÇ Dərc olundu: 12.02.2016 Çap
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən bildirmək istərdik ki, 2016-cı il mayın 5-dən 21-dək ölkəmiz 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinə ev sahibliyi edəcək.
 
Təşkilati işlər birgə həyata keçiriləcək
Bu çempionat UEFA və AFFA tərəfindən təşkil olunacaq və turnir ərzində oynanılacaq 31  qarşılaşma Bakı şəhərində yerləşən Bakı Olimpiya Stadionu, Bakcell Arena, Dalğa Arena və Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək. Onu da bildirmək istərdik ki, çempionatın rəsmi püşkatma mərasiminin 8 aprel 2016-cı il tarixində Bakı şəhərində keçirilməsi nəzərdə tutulub.
Yeniyetmələr arasında Avropa çempionatı ilk dəfə 1980-ci il təşkil olunub. 2000-ci ilədək çempionat 16 yaşadək futbolçular arasında, 2001-ci ildən etibarən isə 17 yaşadək futbolçular arasında keçirilir. Müxtəlif illərdə Luiş Fiqu, Tyeri Anri, Ueyn Runi, Kriştianu Ronaldo, Mario Götze, Toni Krus və Jerar Pike kimi futbol ulduzları məhz bu çempionatda futbolçu karyeralarının ilk addımlarını atıblar. Bunu nəzərə alaraq, gələcəyin hansısa dünya miqyaslı futbol ulduzunun Azərbaycanda keçiriləcək çempionatda parlaması ehtimalı yüksəkdir.
2015-ci ildə U-17 Avropa çempionatı Bolqarıstanda keçirilib və turnirin qalibi Fransa yığma komandası olub.
Məlumat üçün qeyd edək ki, 2015-ci ilədək çempionat 8, 2015-ci ildən etibarən isə 16 komanda arasında keçirilir. Çempionatın maliyyə tərəfinə gəldikdə isə, komandaların, hakimlərin, UEFA nümayəndələrinin və digər rəsmi şəxslərin Bakı şəhərində müvafiq oteldə yerləşdirilməsi və yemək xərcləri UEFA tərəfindən ödəniləcək, ümumi təşkilati işlərin görülməsi üçün isə AFFA-nın Yerli Təşkilat Komitəsinə UEFA tərəfindən 1.000.000 avroya qədər pul vəsaiti ayrılacaq. Yerli Təşkilat Komitəsinin gördüyü işlər barədə mütəmadi rəsmi məlumat veriləcək.
17 yaşadək futbolçular arasında Azərbaycan yığma komandasının Avropa çempionatının final mərhələsində iştirak edəcəyini nəzərə alaraq, AFFA hər birinizi oyunları stadionlarda izləməyə və yığmamıza dəstək olmağa dəvət edir.
Biz birlikdə güclüyük!
 
 
Baş Sponsor 
Partnyorlar