az en
News / “Öz oyunumuzla hamını təəccübləndirməliyik”

“Öz oyunumuzla hamını təəccübləndirməliyik”

U-21 Dərc olundu: 11.01.2019 Çap
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviç affa.az-a müsahibə verib
“Öz oyunumuzla hamını təəccübləndirməliyik”
- İlk növbədə, təyinatınız barədə məlumat verməyinizi istərdik...
- Azərbaycanda çalışmaq mənim üçün yeni çağırışdır. Birlik nümayiş etdirib işləməliyik. Bu təyinat mənim gələcək karyeram üçün də böyük bir addımdır. Qarşıda bizi ağır oyunlar gözləyir. Artıq bu gündən işə başlamışıq. Fürsətdən istifadə edərək mənə inanıb dəvət göndərən AFFA rəhbərliyinə, Məşqçilər Komitəsinə təşəkkür edirəm. Əlbəttə, Azərbaycanda çalışmağıma şərait yaratdığına görə Serbiya Futbol Federasiyasına, mənə dəstək olan milli komandanın baş məşqçisi Mladen Krstaiçə də minnətdarlığımı bildirirəm.
 
- Rəsmi təklif almadan əvvəl ölkəmiz haqda, Azərbaycan futbolu haqda nə bilirdiniz?
- Müasir dövrdə informasiya əldə etmək çox asandır. Azərbaycanın necə ölkə olduğunu çox gözəl bilirəm. Futbola gəlincə, Azərbaycan milli komandasının oyunlarını izləmişəm. Bundan sonra ölkə futbolu haqda daha çox məlumatım olacaq.
 
- Konkretləşdirsək, U-21 haqda məlumatınız var?
- U-21 haqda geniş məlumatım yoxdur. Dediyim kimi, bu gündən işə başlamışam. Artıq bu yaşda olan futbolçuların siyahısı mənə təqdim olunub.
 
- İş qrafikiniz necə olacaq, Bakıda yaşayıb oyunları izləyəcəksiniz?
- Oyunlar çoxdur. Həm Premyer Liqa, həm də I divizion oyunlarını izləyəcəm. İşimin tələbinə uyğun olaraq Bakıda yaşayacağam, fasilə yarananda ailəmə baş çəkəcəyəm.
 
- Komandamızın mübarizə aparacağı qrup haqda düşüncələriniz nədir?
- Əlbəttə, qrupumuz haqda məlumatım var. Rəqiblər haqda informasiya toplamağa başlamışıq. Onu deyə bilərəm ki, 1999-cu il təvəllüdlülər arasında ən güclü nəsil fransızlardadır. Bir çox oyunçuları PSJ-də, Almaniya klublarında oynayırlar. Slovakiya yığması haqda da məlumatım var, oyunlarını izləmişəm. Nəyə qadir olduqlarını, oyun üslublarını bilirəm. Biz öz oyunumuzla hamını təəccübləndirməliyik.
 
- Hazırlıq planı necə olacaq?
- Bu gündən hazırlıqlara başlamışıq. Artıq iyun ayınadək bütün planlarımız məlumdur. Mart ayında bir-iki yoxlama oyunu keçirməyi düşünürük. Seçmə mərhələ oyunlarınadək komandanı formalaşdırmalıyıq.
 
- Köməkçiləriniz kimlər olacaq?
- Həm yerli, həm də əcnəbi məşqçilər olacaq. Kimlərlə işləyəcəyimi özüm üçün müəyyənləşdirmişəm. Sadəcə, bəzi nüanslar var, onlar dəqiqləşdikdən sonra adlar açıqlanacaq.
 
- Hazırlıq, oyun üslubu, məşqlərə yanaşma və sair nüanslarda nə kimi dəyişikliklər etməyi düşünürsünüz?
- Komanda ilə tanış olduqdan sonra nəsə demək olar. Biz əlimizdə olan heyətin keyfiyyətini daha da artırmağa çalışmalıyıq.

 
Baş Sponsor 
Proyekt Partnyorları