az en
Təqvim Cədvəl Final mərhələsi Əsasnamə Play-OFF
 
2019/2020-ci il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən 14 yaşadək (U-14) futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının
 
Əsasnaməsi
 
1. Əsas müddəalar
1.1 Bu qaydalar liqada iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər  
üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
 
2. Məqsəd və vəzifələr
2.1 U-14 Liqa aşağıdakı məqsədlər üçün keçirilir:
Uşaq və yeniyetmələr arasında futbolun təbliği və kütləviliyi
Uşaq və yeniyetmə futbolçuların ustalığının yüksəldilməsi
Uşaq və yeniyetmə futbolçuların klublarda hazırlanması və yığma komandalara cəlb olunması
Komandaların mövsümün yekununda tutduğu yerin müəyyən edilməsi
 
3. İştirakçıların müəyyən olunması
3.1 U-14 Liqada klublara və komandalara iştirak hüququnu AFFA verir.
3.2 U-14 Liqada cari mövsümdə Topaz Premyer Liqasında iştirak edən klubların müvafiq yaş qruplarının iştirakı mütləqdir.
3.3 U-14 Liqada bir klub bir ad altında, bir komanda ilə təmsil oluna bilər.
 
4. İştirakçı komandanın öhdəlikləri
4.1 İştirakçı klub və ya komandalar bu Əsasnamənin bütün bəndlərinə riayət etməlidirlər.
4.2 İştirakçı klub və ya komandalar FİFA tərəfindən tərtib olunmuş Fair Play prinsiplərinə riayət etməlidirlər.
4.3 Klublar və komandalar onları təmsil edən hər hansı bir şəxsin (futbolçular, rəsmi şəxslər, azarkeşlər və valideynlər s.) davranışına görə məsuliyyət daşıyırlar.
4.4 U-14 Liqada iştirak edən komandalar ölkə xaricinə təlim-məşq toplanışına və ya beynəlxalq turnirlərə gedərsə və bu səfər Liqa təqvimi ilə üst-üstə düşərsə, klub 20 gün əvvəl  AFFA-ya yazılı məlumat verməlidir. Klubun təlim-məşq toplanışı ilə U-14 Liqanın təqvim oyunları üst-üstə düşdüyü halda, oyunların təxirə salınıb-salınmaması ilə bağlı son qərarı AFFA verir.
4.5 İştirakçı klub və komandalar futbolçuların lizensiyalarını rəngli formatda çap edib özləri ilə oyuna gətirməlidir.
 
5.Transfer, icarə və sifariş məsələləri
5.1 Hər bir futbolçu eyni zamanda yalnız bir klubda qeydiyyatda ola bilər.
5.2 Cari il ərzində heç bir komandada sifariş edilməyən oyunçu istənilən zaman komandaya cəlb oluna bilər. 05.01.2020-ci il tarixdən – 31.01.2020-ci il tarixədək,və ikinci seçmə mərhələdən 1 həftə əvvəl ikinci seçmə mərhələni ilk oyun başlanılan tarixə  qədər transfer pəncərəsi açıq elan edilir (Liqada çıxış edən bütün komandalar üçün  transfer müddəti eynidir).
5.3 Futbolçuların statusu və transferi ilə əlaqədar yaranan mübahisələrə AFFA Oyunçuların Statusu və Transferi Komitəsində baxılır.
5.4 Yalnız transfer pəncərəsi dövründə edilən müraciətlərin qərarı cari mövsüm ərzində icra oluna bilər. Transfer pəncərsindən əvvəl və ya sonra edilən məsələlərə bağlı qərar növbəti mövsümə şamil edilir. 
5.5 Bütün təqdim olunan sənədlərə görə klub və baş məşqçi məsuliyyət daşıyır.
6.Oyun forması ilə bağlı qaydalar:
6.1 Qarşılaşan komandaların forma rəngləri eyni olduqda, protokolda nominal qonaq qismində qeyd olunmuş komanda AFFA tərəfindən təqdim olunmuş oyun gödəkçələrini geyinir.
6.2 Futbolçunun oyun formasının kürəyində nömrəsi olmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının altında qoruyucular (şitki) olmalıdır.
Qeyd: Futbolçunun oyun formasının kürəyində nömrəsi olmadığı təqdirdə komanda və ya klub ilk halda nəzərdə tutulan yol xərcinin 50% miqdarında cəzalandırılır. Bu hal təkrarlanacağı təqdirdə pul cəzası 100% miqdarına çatdırılır.
6.3 İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol maykasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən UGYTŞ-yə məlumat verməlidir.
 
7.Klub və ya komanda tərəfindən təqdim olunmuş futbolçuların saxta sənədləri
7.1 Mövsüm ərzində aşağıda göstərilən hallar sənədlərin saxtalaşdırılması kimi qəbul olunur:
a) Sifariş zamanı təqdim olunan saxta sənədlər: 
Doğum haqqında şəhadətnamə
Şəxsiyyət vəsiqəsi
Ümumvətəndaş pasportu
Tibbi arayış
Məktəb arayışı
Elektron formatda və ya kağız üzərində təqdim olunan fotoşəkil
Müqavilə
Anket
Sifariş vərəqəsi və s.
b) Bir futbolçunun digər futbolçuya məxsus olan lisenziya ilə oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
c) Lisenziyasız futbolçunu oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
d) Oyundan öncə AFFA tərəfindən tərtib olunmayan lisenziyanın hakimə təqdim olunması və s.
e) Təqdim olunan sənədlərdəki (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi) təvəllüdlə Təhsilin İdarə olunmasının Məlumat Sistemi (TİMS) saytında göstərilən təvəllüd fərqli olarsa, komanda məlumatlandırılacaq. Bir həftə ərzində oyunçunun əsl sənədi (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və VVAQ-dan arayış) təqdim edilməlidir. Bu müddət ərzində tələb olunan sənədlər təqdim olunmasa, bu hal sənədlərin saxtalaşdırılması kimi qəbul olunacaq.
 
Qeyd: Saxtakarlıq edən klub və ya komanda həmin tur üçün nəzərdə tutulan yol xərcinin 100% miqdarında AFFA nümayəndəsi tərəfindən cəzalandırılır.
 
7.2 Yuxarıda göstərilən hallar aşkarlanarsa, bu cəzalar İntizam Komitəsi tərəfindən tətbiq oluna bilər:
a) Futbolçunun iştirak etdiyi bütün oyunların nəticələrinin ləğvi (texniki məğlubiyyət)
b) Futbolçunun lisenziyasının ləğvi
c) Məşqçinin yarışda iştirak etmək üçün verilən lisenziyasının 12 aylıq ləğvi 
d) Məşqçinin məşqçilik lisenziyasının (Pro, A, B, C) ləğvi
e) Kluba və ya təmsil etdiyi quruma xəbərdarlıq məktubunun göndərilməsi
f) Məşqçinin futbolla bağlı fəaliyyətdən 12 aylıq uzaqlaşdırılması və s.
 
8.Yarışın keçirilmə sistemi
8.1 Yarışlar üç (3) - seçmə mərhələ və final mərhələsindən ibarətdir.
I seçmə mərhələ
I seçmə mərhələdə regionlardakı komandalar arasında play-off qaydasında oyunlar keçiriləcək. Qaliblər II seçmə mərhələdə iştirak edəcəklər
II seçmə mərhələ
I seçmə mərhələnin qalibləri, II seçmə mərhələyə vəsiqə qazanacaqlar:
Sumqayıt və Siyəzən şəhərlərində keçiriləcək I seçmə mərhələdə ilk üçlükdə başa vuran komandalar, II seçmə mərhələdə üç dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
Qəbələ, Zaqatala və Mingəçevir şəhərlərində keçiriləcək I seçmə mərhələdə ilk ikilikdə başa vuran komandalar, II seçmə mərhələdə üç dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
Tovuz və Gəncə şəhərlərində keçiriləcək I seçmə mərhələdə ilk ilk ikilikdə başa vuran komandalar, II seçmə mərhələdə üç dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
Ağsu və Beyləqan şəhərlərində keçiriləcək I seçmə mərhələdə ilk ikilikdə başa vuran komandalar, II seçmə mərhələdə üç dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
Cəlilabad və Lənkəran şəhərlərində keçiriləcək I seçmə mərhələdə ilk ikilikdə başa vuran komandalar, II seçmə mərhələdə üç dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
III seçmə mərhələ
II seçmə mərhələnin qalibləri, III seçmə mərhələyə vəsiqə qazanacaqlar:
Sumqayıt və Siyəzən şəhərlərində II seçmə mərhələdə ilk altılıqda başa vuran komandalar III seçmə mərhələdə bir dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
Qəbələ, Zaqatala və Mingəçevir şəhərlərində II seçmə mərhələdə ilk üçlükdə başa vuran komandalar III seçmə mərhələdə Gəncə və Tovuz zonasının ilk üçlükdə başa vuran komandalar ilə birləşib bir dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
Ağsu və Beyləqan şəhərlərində II seçmə mərhələdə ilk üçlükdə başa vuran komandalar III seçmə mərhələdə Cəlilabad və Lənkəran zonasının ilk üçlükdə başa vuran komandalar ilə birləşib bir dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
Naxçıvan şəhərində keçirilən oyunlar I seçmə mərhələdən ibarətdir. Oyunlar play-off qaydasında keçiriləcək. Qalib final mərhələdə iştirak edəcək.
Bakı şəhərində keçirilən oyunlar I seçmə mərhələdən ibarətdir. I seçmə mərhələdə iki dövrə olacaq. Birinci dövrədə 15 komanda, ikinci dövrədə isə 8 komanda iştirak edəcək. Bakı şəhərindən final mərhələdə 7 komanda iştirak edəcək.
Final mərhələ
Final mərhələsində 16 komanda olimpiya sistemi ilə qarşılaşır. Final mərhələsi 1/8, 1/4, 1/2, III yer uğurunda və final oyunundan ibarətdir. 1/2 final mərhələdə məğlub olan komandalar üçüncü yer uğrunda, qaliblər isə çempionluq uğrunda mübarizə aparır. Final mərhələsinin 1/8 final cütlükləri püşkatma yolu ilə müəyyən olunur.
Final mərhələsində oyunlar play-off sistemi ilə keçirilir (ev, səfər). Hər İki oyunun nəticələrinə görə vurulan və buraxılan toplar əsas vaxtda eyni sayda olarsa, o zaman rəqib meydanında daha çox top vuran komandaya üstünlük verilir. Əgər bu göstəricilər də eyni olarsa, o zaman hər hissəsi 12 dəqiqədən ibarət əlavə iki hissə oynanılır. Hesab dəyişdiyi halda isə üstünlük səfər qoluna verilir.   Əgər oyunun əlavə hissələrində oyunun əsas hissəsinin nəticəsi dəyişməzsə qalib penalti zərbələri ilə müyyənləşir (Hər komanda ilkin olaraq 5 zərbə vurmaq hüququna malikdir. Əgər 5 zərbədən sonra qalib müəyyənləşməzsə, penalti zərbələri qalib müəyyənləşənə qədər davam etdirilir). 
Birbaşa final mərhələsinə vəsiqə qazanan komandalar:
Aşağıdakı cədvəldə birbaşa final mərhələsinə vəsiqə qazanan komandaların sayı göstərilib.
8.2 Bölgələr üzrə final mərhələsinə aşağıda göstərilmiş qaydaya uyğun olaraq 16 komanda vəsiqə qazanır.
8.3 U-14 Liqada hər bölgə üzrə iştirak edəcək komandaların sayı, oyunların təşkili üçün seçilmiş mərkəz şəhərlər və oyunların keçirilmə sistemi aşağıda göstərilir:
 
Regional Futbol Federasiyası (RFF) Keçirilmə yeri I seçmə mərhələ II seçmə
mərhələ III seçmə
mərhələ Birbaşa Final mərhələsinə çıxan komandalar Final mərhələsinə çıxan komandaların sayı
Mərkəz RFF Beyləqan 5 6 6 - 3
Mərkəz RFF Ağsu 6
Cənub RFF Lənkəran 6 6
Cənub RFF Cəlilabad 4
Şimal RFF Sumqayıt 8 6 6 - 2
Şimal RFF Siyəzən 5
Şimal-Qərb və Qarabağ RFF Mingəçevir 4 6 6 - 3
Şimal-Qərb və Qarabağ RFF Zaqatala 4
Şimal-Qərb və Qarabağ RFF Qəbələ 4
Qərb RFF Tovuz 6 6
Gəncə RFF Gəncə 7
Naxçıvan RFF Naxçıvan 8 - - 1 1
Bakı FF Bakı 15 10 - 7 7
 
8.4 Təqvimlər UGYTŞ tərəfindən tərtib olunur.
8.5 II və III seçmə mərhələnin qaliblərinin müəyyən olunması:
a) Komandaların turnir cədvəlində tutduğu yerlər toplanmış xallara görə müəyyən olunur
b) Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə görə isə xal verilmir
c) Komandaların xalları bərabər olarsa, turnir cədvəlindəki sıralama aşağıdakı göstəricilərə görə müəyyən olunur:
Komandaların öz aralarında keçirdikləri oyunların nəticələrinə əsasən 
Komandaların öz aralarında keçirdikləri oyunlarda vurulmuş və buraxılmış 
    qolların sayına əsasən 
Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə 
Bütün oyunlarda vurulmuş qolların sayına əsasən
Komandaların qələbə saylarına əsasən
 
9.Meydan
9.1 Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydanlarda keçirilir.
9.2  Meydanda standartlara uyğun iki qapı olmalıdır.
 
10.Oyunun təşkili
10.1 U-14 Liqanın oyunları həftənin şənbə və ya bazar günləri keçirilir. İstisna hal kimi digər günlər UGYTŞ tərəfindən təyin oluna bilər.
10.2 UGYTŞ hər turdan öncə oyunların vaxtı ilə əlaqədar regional nümayəndəliyə və yaxud komandanın əlaqələndirici şəxsinə məlumat verir.
10.3 Oyunun başlamasına 75 dəqiqə qalmış oyunun protokoluna nömrələri göstərilməklə futbolçuların adları,soyadları yazmalı və [email protected] elektron poçt adresinə göndərilməlidir. Komandalar oyunun başlamasına ən azı 30 dəqiqə qalmış oyun keçirilən meydana gəlməlidirlər və oyundan öncə futbolçuların lisenziyaları baş hakimə təqdim etməlidir. Oyundan əvvəl lisenziyalar oyunun  hakiminə təqdim edilmədiyi halda hakim oyunu başlamamalıdır. Təqvimə uyğun olaraq adı birinci yerdə dayanan komanda ev sahibi hesab edilir.
10.4 Oyun başlayan vaxta klub və ya komanda meydançada olmazsa aldığı yol xərcinin 50% miqdarında cəzalandırılır. Təyin olunan vaxtdan sonrakı 20 dəqiqə ərzində komanda meydançada olmadığı təqdirdə pul cəzası 100%-ə çatdırılır və oyunun protokolu bağlanılır.
10.5 U-14 Liqasında əvvəlcədən AFFA tərfindən müəyyənləşdirilmiş komandaların nəqliyyat xərcləri AFFA tərəfindən təmin olunur (Bakı zonasında çıxış edən komandalar və peşəkar futbol komandaları nəqliyyat xərci ilə təmin olunmur).
10.6 U-14 Liqasında mərkəzləşdirilmiş yerlərdə keçirilən oyunların stadionunun icarə haqqı AFFA tərəfindən ödənilir.
10.7 Yalnız komanda tərkibində qeydiyyatdan keçirilmiş lisenziyası olan nümayəndələr (baş məşqçi,köməkçi məşqçilər,həkim,komanda administratoru və b.) və 7 futbolçunun ehtiyat skamyalarında əyləşməsinə icazə verilir.
 
11.Oyun qaydaları
11.1 Bütün oyunlar FİFA oyun qaydalarına əsasən keçirilir.
11.2 Liqada yaşı 14-dək olan futbolçular iştirak edə bilər (təvəllüdü 01.01.2006-cü ildən başlayanlar və maksimum iki il aşağı təvəllüdlü). 
11.3 2019/2020-ci il mövsümündə AFFA tərəfindən keçirilən bütün liqalarda eyni klubun tərkibində sifariş olunmuş futbolçu mövcud lisenziyanı təqdim etdikdə, digər liqalarda yaş həddini keçməmək şərti ilə oynaya bilər.
11.4 Futbolçunun müəyyən liqada aldığı cəza digər liqaya şamil olunmur. 
11.5 Oyunlar iki hissədən ibarətdir. Hər hissə 35 dəqiqə, hissələrarası fasilə isə 10 dəqiqədir.
11.6 Oyunlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş futbolçularla həyata keçirilir. Əvvəlcə protokolu meydan sahibi olan komanda doldurur. Oyunun protokoluna 18 futbolçunun (11 əsas, 7 ehtiyat) adı və soyadı yazılır.
11.7 Yalnız  6 rəsmi şəxs və 7 futbolçunun ehtiyat skamyalarında əyləşməsinə icazə verilir.
11.8 Texniki zonada siqaret çəkmək qadağandır.
 
12.Oyun zamanı futbolçuların əvəzlənməsi
12.1 Oyun ərzində hər komanda 7 əvəzetmədən istifadə edə bilər. 
12.2 Meydana daxil olmağa hazırlaşan futbolçu yan hakimə lisenziya ilə yaxınlaşmalıdır.
12.3 Oyun ərzində ehtiyat futbolçular isinmə hərəkətlərini etmək üçün texniki zonanı tərk edə bilər. 12.4 Oyunun baş hakimi oyundan öncə isinmə hərəkətləri üçün təyin olunmuş yerləri komandalara göstərir. İsinmə hərəkətlərini 7 futbolçu eyni zamanda edə bilər.
 
13.Oyunun protokolu
13.1 Komandalar oyundan ən azı 75 dəqiqə öncə protokolu [email protected]
 elektron poçt ünvanına göndərməlidir.
13.2 Protokolda  futbolçunun  adı, soyadı, təvəllüdü və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat skamyada oturan rəsmi şəxslərin adı, soyadı və vəzifəsi yazılmalıdır. Oyun protokolu hər iki komandanın rəsmi şəxsləri tərəfindən imzalanmalıdır.
13.3 İlk 11-lik kimi protokolda göstərilən futbolçular oyuna başlayır. Digər 7 futbolçu ehtiyat skamyasında əyləşir. Futbolçuların futbol formalarında göstərilən nömrələr, protokoldakı nömrələrlə uyğun gəlməlidir.
13.4 Komandalar oyundan ən azı 15 dəqiqə öncə protokolu baş hakimə təqdim etməlidirlər.
13.5 Oyundan əvvəl lisenziyalar  hakimlərə təqdim edilmədiyi halda baş hakim oyunu başlamamalıdır.
13.6 Hakimlər briqadası oyundan öncə protokolda göstərilən bütün şəxslərin lisenziyasını yoxlayır. 13.7 Yarışda iştirak edən komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyaya malik olmalıdır. Lisenziya da aşağıdakılar əks olunur:
Lisenziyanın nömrəsi
Komandanın adı
Şəxsin adı, soyadı,atasının adı
Fotoşəkil
Təvəllüdü
13.8 Əgər oyunun protokolu tələb olunan vaxtda hakimlərə təqdim olunmazsa bu məsələyə AFFA-nın İntizam Komitəsi tərəfindən baxılacaqdır.
13.9 Yalnız ehtiyat futbolçu kimi göstərilən 7 nəfər oyun zamanı meydana daxil ola bilər. Oyun zamanı əvəzlənmiş futbolçu meydana bir daha qayıda bilməz.
13.10 Oyunun baş tutması üçün komandalar meydanda tam heyətlə olmalıdırlar. Əks halda oyun baş tutmamış sayılır, komanda üçün nəzərdə tutulan yol xərcinin 100% miqdarında cəzalandırılır  və oyunun protokolu bağlanılır.
 
14.Oyun protokolunda futbolçu adlarının yer dəyişməsi
14.1 Hər iki komanda tərəfindən elektron variantda  oyun protokolu hakimə təqdim olunduqdan sonra futbolçuların adlarının protokolda dəyişilməsi qadağandır. İstisna hallar aşağıdakılardır:
Əgər ilk 11-likdə göstərilən hər hansı futbolçunun oyundan öncə fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman 7 ehtiyat futbolçudan biri ilk 11-liyə daxil oluna bilər. Bu halda oyun ərzində komandanın 7 əvəzetmə ehtiyatı öncədən göstərildiyi kimi qüvvədə qalır.
Əgər oyun protokolunda göstərilən 7 ehti at futbolçudan hər hansı birinin fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman protokolda göstərilməyən, lakin lisenziyası olan digər bir futbolçu ilə əvəzlənə bilər.
 
15.Oyunlarda iştirakdan imtina və oyunların dayandırılması
15.1 Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə AFFA-nın İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilir.
15.2 Komanda 3 dəfə oyuna çıxmaqdan imtina edərsə turnirdən kənarlaşdırılır.
15.3 Liqadan hər hansı bir səbəbə görə kənarlaşdırılan komanda növbəti mövsüm liqaya buraxılmır.
15.4 Əgər oyun başladıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, UGYTŞ klublar və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər.Oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcəkdir.
 
16.Hakimlik və İnspeksiya
16.1 U-14 Liqanın oyunlarını AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər idarə edir və hakimlik FİFA qaydaları əsasında həyata keçirilir. Hakimlər Komitəsi U-14 Liqanın oyunlarına 3 nəfərdən ibarət hakimlər briqadası təyin edir (1 baş hakim, 2 yan xətt hakimi).
16.2 Hakimlər briqadası oyunun başlamasından 60 dəqiqə öncə gəlib, meydançanın oyuna hazırlıq vəziyyətini yoxlamalıdırlar.
16.3 Protokollar oyundan sonra 30 dəqiqə ərzində tərtib edilməli və 24 saat ərzində AFFA-ya təqdim olunmalıdır.
16.4 Baş hakim oyunun protokoluna adı daxil edilmiş futbolçuların sənədlərini mütləq yoxlamalıdır. Oyuna sifariş edilmiş futbolçuların və iştirakçıların lisenziyaları zərurət olduqda oyunun sonunadək baş hakimdə qala bilər.
16.5 Komandalar tərəfindən hakimlərin dəyişdirilməsi ilə əlaqədar xahiş qəbul olunmur.
 
 
17.AFFA intizam qərarları
17.1 Bütün qırmızı vərəqələrə İntizam Komitəsi tərəfindən baxılır. Futbolçular İntizam Komitəsinin qərarları əsasında cəzalandırılır. Oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları İntizam Komitəsi qəbul edir.
 
18.Sarı və qırmızı vərəqələr
18.1 Sarı və qırmızı vərəqələrə görə məsuliyyəti komanda və ya klub daşıyır.
18.2 Qırmızı vərəqə alan futbolçu İntizam Komitəsinin çıxaracağı qərara uyğun olaraq, komandanın keçirəcəyi müəyyən olunmuş sayda növbəti oyunu (oyunları) buraxır.
18.3 Cari mövsüm ərzində mərhələdən asılı olmayaraq, dörd sarı vərəqə alan futbolçu növbəti turu buraxmalıdır.
18.4 Sarı vərəqələr mərhələdən asılı olmayaraq öz qüvvəsində qalır.
18.5 Liqanın hər hansı mərhələsində alınmış qırmızı vərəqələr öz qüvvəsində qalır.
18.6 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət alan komandanın həmin oyunu buraxmalı olan futbolçuların cəzaları qüvvədə qalır.
18.7 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki qələbə alan komandanın həmin oyunu buraxmalı olan futbolçuları cəza çəkmiş hesab olunur.
18.8 Oyunçu qırmızı vərəqə alıbsa və İntizam Komitəsi növbəti oyuna qədər bu barədə qərar çıxarmayıbsa, həmin oyunçu qərar çıxana qədər oyunları buraxmalıdır.
18.9 Sarı və qırmızı vərəqələrə görə öhdəlik klubun üzərinə düşür (turu buraxmalı olan oyunçu oyunda iştirak edərsə məsuliyyəti komanda daşıyır).
 
19.Protestlər
19.1 Protest verən baş məşqçi oyundan dərhal sonra bu barədə baş hakimi xəbərdar etməlidir. Protestin verilməsi oyunun protokolunda öz əksini tapmalıdır. Oyunun gedişində ciddi münaqişələr baş verərsə, oyunun baş hakimi, yan xətt hakimləri AFFA-nın UGYTŞ-yə öz izahatlarını göndərməlidirlər. Protest komandanın baş məşqçisi tərəfindən imzalanmalı, 24 saat ərzində AFFA-nın UGYTŞ-yə çatdırılmalıdır.
19.2 Protestlərə aşağıdakı hallarda baxılmır:
11 metrlik cərimə zərbələrinin təyin olunub-olunmaması
Oyundankənar (off-side) vəziyyətin müəyyən edilməsi barədə
Topun qapı xəttini keçib-keçməməsi barədə
19.3 AFFA Oyunçuların Statusu və Transferi Komitəsinin qərarlarından bu qərar alındığı gündən 15 (on beş) gün ərzində AFFA Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verilə bilər. Apellyasiya Arbitraj Tribunalının qərarı yekun qərardır.
 
20.Mükafatlandırma
Final mərhələsi
20.1 Liqada ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla və AFFA-nın diplomları ilə təltif olunur.
20.2 Mövsümün sonunda liqanın ən məhsuldar oyunçusu və ən yaxşı futbolçusu seçilir və mükafatlandırılır.
21.Mətbuat
21.1 Oyundan sonra müraciət olunduqda hər hansı futbolçu, məşqçi və klub rəsmisindən AFFA-nın mətbuat nümayəndələri müsahibə almaq hüququna malikdirlər.
 
22.Stadion və iştirakçı komandaların təminatı
22.1 Mövsüm ərzində AFFA tərəfindən stadionlar aşağıdakı bəndlər üzrə təmin olunur:
Top №5 (təsdiq edilmiş sayda)
Qapı toru
Oyun gödəkçələri (jilet)
İcarə haqqı
22.2 Mövsüm ərzində AFFA tərəfindən müəyyən olunmuş komandaların nəqliyyat xərcləri (təsdiq edilmiş miqdarda) təmin olunur.
 
23. Reklam lövhələri və aksiyaları (promotion)
23.1 Meydanda reklam lövhələrinin (1 ədəd) yerləşdirilməsi aşağıdakı sxemdə göstərildiyi kimi olmalıdır. 
 
 
 
 
 
 
Baş Sponsor 
Proyekt Partnyorları