az en
Əsasnamə Təqvim Cədvəl Bombardir
 
2016-2017-cı il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən keçirilən qadınlar arasında Azərbaycan çempionatının
 
Əsasnaməsi
 
1. Əsas müddəalar
 
  1. Bu qaydalar liqada iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
 
2. Məqsəd və vəzifələr
 
2.1   Yüksək Liqa aşağıdakı məqsədlər üçün keçirilir:
  • Turnirin qalibini müəyyən etmək
  • Yeniyetmə və gənc qızlar arasında futbolun təbliği və kütləviliyi
  • Yeniyetmə və gənc qız futbolçuların ustalıq səviyyəsinin yüksəldilməsi
  • Yeniyetmə qız fubolçuların klublarda hazırlanması və yığma komandalara cəlb olunması
  • Komandaların mövsümün yekununda tutduqları yerlərin müəyyən edilməsi
 
3.Yarışlara rəhbərlik
 
  • Yüksəl Liqanın keçirilməsini və nəzarəti AFFA həyata keçirir.
  • Qadınlar Liqasının təşkili şöbəsinin nümayəndəsi oyunlarda AFFA nümayəndəsi qismində iştirak edə bilər.
 
4. İştirakçıların müəyyən olunması
 
  1. Yüksək Liqada klublara və komandalara iştirak hüququnu AFFA verir.
4.2 Yüksək Liqada bir klub bir ad altında bir komanda ilə təmsil oluna bilər.
 
 
5. Qeydiyyat qaydaları
 
5.1   Sifariş sənədləri Qadınlar Liqasının təşkili şöbəsinə əvvəlcədən müəyyən edilmiş vaxtda təqdim olunmalıdır. Sifariş sənədləri Qadınlar Liqasının təşkili şöbəsi tərəfindən yoxlanıldıqdan sonra Qeydiyyat və Statistika şöbəsinə təqdim edilir.
5.2  Sifariş sənədləri təqdim olunduqdan iki həftə sonra klub və ya komanda nümayəndələri təqdim olunan sənədlərdəki çatışmazlıqlar və lisenziyaların təhvil alınması ilə bağlı Qadınlar Liqasının təşkili şöbəsindən məlumat almalıdırlar.
5.3  Sifarişdə göstərilməyən və müvafiq lisenziya almayan komanda üzvləri oyunlar keçirilən zaman texniki zonaya buraxılmır.
5.4 Təqdim olunan lisenziya yararsız hala düşdükdə (itirildikdə və s.) yenilənməsi üçün tələb olunan rüsum 3 azn-dir.
5.5    Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:
  • Üzərində klub rəhbərinin imzası, möhürü və həkimin imzası (hər bir
  • futbolçunun qarşısında və sifariş vərəqəsinin arxasında), möhürü olan
sifariş vərəqəsi. Sifariş vərəqəsində komandanın əlaqələndirici şəxsin və ya klubun e-mail ünvanı, sifarişin verilmə tarixi mütləq göstərilməlidirİlkin sifariş vərəqəsinə əlavə sifariş olunacaq oyunçuların adları qeyd oluna bilməz.
  • Əlavə sifariş verildiyi zaman, yalnız mövsüm öncəsi komandalara təqdim olunmuş əlavə sifariş vərəqələrindən istifadə etmək olar. Əlavə sifariş vərəqəsinin doldurulma qaydası ilkin sifariş vərəqəsinin doldurulma qaydası ilə eynidir.
  • Futbolçuların, klub işçilərinin və məşqçilərin klubları ilə olan müqaviləsi (Premyer Liqada iştirak edən klublar üçün mütləqdir).
  • Hər futbolçunun, məşqçinin və klub işçisinin anketi.
  • Qüvvədə olan şəxsiyyəti təsdiq edən sənədin (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasport) əsli və surəti. Rus və digər xarici dildə olan şəxsiyyəti təsdiq edən sənədlər azərbaycan dilində tərcüməsi notarial qaydada təsdiq edildikdən sonra təqdim olunmalıdır. Əks halda qəbul olunmayacaq.
  • Futbolçuların və məşqçilərin elektron formatda fotoşəkli (3x4 JPG formatda)
  • Klubun loqotipi həmin formatda diskə əlavə oluna bilər.
  • Hər iştirakçı-komandanın baş məşqçisi ən azı aşağıdakı ixtisaslardan birinə sahib olmalıdır:
  1. Ali təhsil (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının diplomu)
  2. Xüsusi məşqçilik kursları (UEFA Pro, A və B, AFFA C).
 
Qeyd 1: UEFA yarışlarında iştirak etmək üçün lisenziya almağa müraciət edəcək klubların baş məşqçiləri minimum “B” kateqoriyasına malik olmalıdır.
 
Qeyd 2: Yüksək Liqada iştirak etmək üçün lisenziya almağa müraciət edəcək klubların baş məşqçiləri minimum “C” kateqoriyasına və ya 3 illik staja sahib olmalıdır. Qeyd olunanlara sahib olmayan məşqçilər baş məşqçi kimi komandaya sifariş oluna bilməz.
5.6  Klub və ya komandalar sifariş vərəqəsinə 20 futbolçunun adını daxil etmək hüququna malikdir. Sifariş limiti dolduqda hər əlavə olunacaq futbolçunun əvəzinə bir futbolçunun adı sifariş vərəqindən çıxarılmalıdır. Sifarişdən çıxarılmış futbolçunun lisenziyası Qadınlar Liqasının təşkili şöbəsinə təhvil verilməlidir.
5.7   Klub və ya komanda əlavə sifariş etmək istədiyi halda, əlavə sifariş vərəqəsi ilə Qadınlar Liqasının təşkili şöbəsinə müraciət etməlidir.
5.8  Sənədlərin təqdim edilməsi və lisenziyaların alınması klub və ya komandanın rəsmi nümayəndəsi vasitəsi ilə aparılmalıdır
Qeyd:  AFFA-nın nümayəndələri kluba və ya komandaya xəbərdarlıq etmədən hər bir iştirakçı-futbolçunun orta məktəb tərəfindən təqdim olunmuş arayışı ilə bağlı yoxlama aparmaq hüququna malikdir.
                      
6. Futbolçuların təvəllüdləri və liqalardakı iştirakı
6.1  Yüksək Liqada yaş həddi olmayan futbolçular sifariş edilə bilər. Ən kiçik yaş həddi 01.01.2002-ci ildən başlayanlar  və  4 nəfər U-16 Liqasında oynayan 2000, 2001, 2002 və 2003-cü il təvəllüdlü futbolçular iştirak edə bilər. Əgər hansısa komandanın U-16 liqada oynayan komandası yoxdursa U-13 Liqasında oynayan komandası varsa, həmin komanda oynayan yalnız 2002 və 2003-cü il təvəllüdlü futbolçular Yüksək Liqada oynaya bilər.
 
6.2 Yüksək Liqada klub və ya komandanın sifariş vərəqəsində aşağıdakı hallarda maksimum 2 nəfər Azərbaycan vətəndaşı olmayan şəxsin adı daxil oluna bilər:
a) Ata, ana, baba və ya nənə (hər hansı biri)  Azərbaycanda yaşayarsa
b) Valideynlərdən hər hansı biri Azərbaycanda hal-hazırda işləyirsə
c) Valideynləri (və ya biri) azərbaycanlı olduğu halda, oyunçunun sənədləşmə işləri notarial qaydada valideyn tərəfindən Azərbaycan Respublikası vətəndaşına verilərsə
d) Qaçqın və ya məcburi köçkün statusuna malik olduğu halda
Qeyd: a), b), c) və d) bəndlərində göstərilən hallar sənədlə təsdiq olunmalıdır.
6.3 Meydanda eyni anda maksimum 2 nəfər Azərbaycan vətəndaşı olmayan futbolçunun olmasına icazə verilir.
 
 
7. Transfer və sifariş məsələləri
 
7.1 Hər bir futbolçu eyni zamanda yalnız bir klubun və ya komandanın sifariş vərəqəsinə daxil oluna bilər.
7.2 Əgər futbolçunun adı iki və ya daha çox komandanın sifariş vərəqəsində təqdim olunarsa məsələnin araşdırılmasında aşağıda qeyd olunmuş sənədlərə üstünlük verilir:
a) Futbolçunun klub və ya komanda ilə yazılı müqaviləsi
b) Müqavilə olmadıqda, futbolçunun valideyninin (qəyyumunun) yazılı surətdə olan rəsmi mövqeyi
c) Bəzi fərdi münaqişələrə AFFA-nın Futbolçuların Statusu və Transferlər komitəsi tərəfindən baxılacaqdır.
7.3 Hər futbolçu mövsüm ərzində yalnız 2 klubun heyətində çıxış edə bilər. Qeyd: ikinci seçmə mərhələ bitdikdən sonra futbolçu yalnız liqanın final mərhələsində iştirak etmək üçün 3-cü klub və ya komandaya transfer oluna bilər.
7.4 Futbolçuların mövsüm ərzində əlavə sifarişi və transferləri aşağıda göstərilmiş qaydalar üzrə həyata keçirilməlidir:
a) Klub və ya komanda mövsüm ərzində ayın ilk 15 günündə ən çox 3 (üç) futbolçunu sifariş etmək hüququna malikdir.
b) Mövsümün əvvəlində futbolçuya verilən lisenziya mövsümün sonunadək həmin futbolçunun kluba məxsus olduğunu göstərir.
c) İlkin sifariş və ya transfer zamanı sifariş verən komanda oyunçunun klubla
müqaviləsi olduğu halda:
  • əvvəlki klubundan azad transfer və ya icarə haqqında məktub təqdim etməlidir
müqaviləsi olmadığı və ya müqavilənin müddəti bitdiyi halda:
  • əvvəlki klubun lisenziyasını təhvil verməlidir və ya lisenziya itirildiyi halda oyunçunun çıxış məktubunu təqdim etməlidir.
c) Dövrələrarası fasilədə əlavə sifarişlərin sayına məhdudiyyət yoxdur. Sifarişlərin müddəti Qadınlar Liqasının təşkili şöbəsi tərəfindən əvvəlcədən rəsmi elan olunur.
7.5 Bütün təqdim olunan sənədlərə görə klub və baş məşqçi məsuliyyət daşıyır.
 
8. Klub və ya komanda tərəfindən təqdim olunmuş futbolçuların saxta sənədləri
 
8.1 Mövsüm ərzində aşağıda göstərilən hallar sənədlərin saxtalaşdırılması kimi qəbul olunur:
a) Sifariş zamanı təqdim olunan saxta sənədlər:
  • Doğum haqqında şəhadətnamə
  • Şəxsiyyət vəsiqəsi
  • Xarici pasport
  • Məktəb arayışı
  • Elektron formatda və ya kağız üzərində təqdim olunan fotoşəkil
  • Müqavilə
  • Anket
  • Sifariş vərəqəsi və s.
b) Bir futbolçunun digər futbolçuya məxsus olan lisenziya ilə oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
c) Lisenziyasız futbolçunu oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
d) Oyundan öncə AFFA tərəfindən tərtib olunmayan lisenziyanın hakimə təqdim olunması və s.
8.2 Yuxarıda göstərilən hallar aşkarlanarsa, bu cəzalar Qadınlar Liqasının təşkili şöbəsi tərəfindən tətbiq oluna bilər:
a) Futbolçunun iştirak etdiyi bütün oyunların nəticələrinin ləğvi (texniki məğlubiyyət)
b) Futbolçunun lisenziyasının ləğvi
c) Məşqçinin yarışda iştirak etmək üçün verilən lisenziyasının 12 aylıq ləğvi
d) Məşqçinin məşqçilik lisenziyasının (Pro, A, B, C) ləğvi
e) Kluba və ya təmsil etdiyi quruma xəbərdarlıq məktubunun göndərilməsi
f) Məşqçinin futbolla bağlı fəaliyyətdən 12 aylıq uzaqlaşdırılması və s.
 
 
9. İştirakçı komandanın öhdəlikləri
 
9.1 İştirakçı klub və ya komandalar bu əsasnamənin hər bir bəndinə riayət etməlidirlər.
9.2  İştirakçı klub və ya komandalar FİFA tərəfindən tərtib olunmuş Fair Play prinsiplərinə riayət etməlidirlər.
9.3 Klub onu təmsil edən hər hansı bir şəxsin (futbolçular, rəsmi şəxslər, azarkeşlər və s.) davranışlarına məsuliyyət daşıyır.
9.4   Ev sahibi komanda oyunu 6 topla təhciz etməlidir.
9.5   Təcili Tibbi Yardım maşını oyuna 15 dəqiqə qalmış meydançanın ərazisində olmalıdır (Təcili Tibbi Yardım maşını olmadan baş hakim oyunu başlaya bilməz)
9.6  Hər klub və ya komanda əlaqələndirici şəxs təyin etməlidir və onu tələb olunan qaydada qeydiyyatdan keçirməlidir. Sifariş vərəqəsində əlaqə telefonu, elektron poçtun ünvanı (e-mail) və.s göstərilməlidir.
 
10. Oyun forması ilə bağlı qaydalar
 
10.1  Forma seçimində üstünlük ev sahibi komandaya verilir.
10.2 Futbolçunun oyun formasının kürəyində nömrəsi olmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının (getri) altında qoruyucular (şitki) olmalıdır.
Qeyd: Futbolçunun oyun formasının kürəyində nömrəsi olmadığı təqdirdə komanda və ya klub ilk halda nəzərdə tutulan yol xərcinin 50% miqdarında cəzalandırılır. Bu hal təkrarlanacağı təqdirdə pul cəzası 100% miqdarına çatdırılır.
10.3 İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol maykasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən Qadınlar Liqasının təşkili şöbəsinə məlumat verməlidir
 
11. Yarışın keçirilmə sistemi
 
11.1 Yüksək Liqada oyunlar 5 komandanın iştirakı ilə 4 dövrədən ibarət dairəvi sistemlə keçirilir.
11.2 Qaliblərin müəyyən olunması:
  • Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə
         görə isə xal verilmir
  • Komandaların xalları bərabər olarsa, turnir cədvəlindəki sıralama aşağıdakı
         göstəricilərə görə müəyyən olunur:
  • Komandaların öz aralarında keçirdikləri oyunların nəticələrinə əsasən
  • Komandaların öz aralarında keçirdikləri oyunlarda vurulmuş və buraxılmış
         qolların sayına əsasən
  • Komandaların öz aralarında səfərdə vurulan qolların sayına əsasən
  • Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə
  • Bütün oyunlarda vurulmuş qolların sayına əsasən
  • Komandaların qələbə saylarına əsasən
  • Ən az qırmızı və sarı vərəqələrə görə toplanmış xalların fərqinə əsasən (sarı vərəqə  
         1 xal, qırmızı vərəqə 3 xal)
 
11.3 Yüksək Liqanın oyunları həftənin bazar günü keçirilir. İstisna hal kimi digər günlər Qadınlar Liqasının təşkili şöbəsi tərəfindən təyin oluna bilər.
11.4 Qadınlar Liqasının təşkili şöbəsi hər ayın əvvəli liqanın aylıq təqvim planını klub və ya komandanın əlaqələndirici şəxsinin elektron poçtuna (e-mail) göndərəcəkdir. Təqvimdə oyunların yerləri, tarixləri, keçirilmə saatları göstəriləcəkdir. Hər bir klub və ya komandanın ələqələndirici şəxsi ay ərzində hər hansı turun ilk oyununun başlamasından ən azı 4 gün öncə oyunun keçirilmə yeri və ya saat dəyişikliyi ilə bağlı müraciət edə bilər. Müraciətlər yalnız yazılı şəkildə və səbəbi göstərilmək şərti ilə qəbul olunacaqdır
11.5  Yüksək Liqada iştirak edən komandalar xarici ölkələrə təlim-məşq toplanışına və ya beynəlxalq turnirlərə gedərsə və bu səfər Liqanın təqvimi ilə üst-üstə düşərsə, klub 20 gün əvvəl AFFA-ya yazılı məlumat verməlidir. Klubun təlim-məşq toplanışı ilə Yüksək Liqanın təqvim oyunları üst-üstə düşdüyü halda oyunların təxirə salınıb-salınmaması ilə bağlı son qərarı AFFA verir.
11.6 Turun ilk oyununun başlamasından 4 gün öncə oyunun keçirilmə yeri və ya saat dəyişikliyi ilə bağlı müraciət Qadınlar Liqasının təşkili şöbəsinə daxil olmadığı halda aylıq təqvim planında göstərilən tarix, yer və saat dəyişilməz olaraq qalacaqdır və oyuna 3 gün qalmış rəsmi məktub klub və ya komandanın əlaqələndirici şəxsinin elektron poçtuna (e-mail) göndəriləcəkdir.
11.7 Oyunların keçirilmə müddəti yarışın təqvimi ilə müəyyən olunur. Oyunlar iki hissədən ibarətdir. Oyunlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş futbolçularla həyata keçirilir. Hər komanda 6 əvəzetmədən istifadə edə bilər. Meydan sahibi olan komanda protokolu əvvəl doldurur. Oyunun protokoluna 18 (on səkkiz) futbolçunun (11 əsas, 7 ehtiyat) adı və soyadı yazılır.
 
12. Meydança
 
12.1 Oyunlar AFFA və klublar tərəfindən təsdiq edilmiş meydanlarda keçirilir. Klublar ev oyunlarını keçirəcəkləri meydança ilə bağlı təminat məktubunu Qadınlar Liqasının təşkili şöbəsinə təqdim etməlidirlər.
12.2  Fors-major hallarda komanda meydançanı dəyişmək üçün AFFA-ya müraciət edə bilər.
12.3  Meydançada standartlara uyğun iki qapı olmalıdır.
 
13. Oyunın təşkili
 
13.1 Oyun ev sahibi komanda tərəfindən təşkil olunur.
13.2   Təqvimə uyğun olaraq adı birinci yerdə olan komanda ev sahibi hesab edilir.
13.3   Yalnız 6 rəsmi şəxsin və 7 futbolçunun ehtiyat skamyalarında oturmalarına icazə verilir.
13.4  Texniki zonada siqaret çəkmək qadağandır.
13.5  Komandalar oyunun başlanmasından 45 dəqiqə öncə protokola nömrələri göstərilməklə futbolçuların adlarını və soyadlarını yazmalı və futbolçuların lisenziyalarını baş hakimə təqdim etməlidirlər. Oyundan əvvəl lisenziyalar  hakimlərə təqdim edilmədiyi halda baş hakim oyunu başlamamalıdır.
 
 
14. Oyun qaydaları
 
14.1   Bütün oyunlar FİFA oyun qaydalarına əsasən keçirilir. Yalnız aşağıdakı hallar istisnadır:
  • Oyunlar iki hissədən ibarətdir. Hər hissə 45 (qırx beş) dəqiqədir.
  • Hissələrarası fasilə isə 15 (on beş) dəqiqədir.
15. Oyun zamanı futbolçuların əvəzlənməsi
 
15.1 Oyun ərzində hər komanda 6 əvəzetmədən istifadə edə bilər. Əvəzetmə zamanı ehtiyat hakim meydançanı tərk edən və meydana daxil olan futbolçuların nömrələrini tabloda göstərməlidir.
15.2 Meydançaya daxil olmağa hazırlaşan futbolçu ehtiyat hakimə lisenziya ilə yaxınlaşmalıdır.
15.3 Oyun ərzində ehtiyat futbolçular isinmə hərəkətləri  etmək üçün texniki zonanı tərk edə bilər. Oyunun baş hakimi oyundan öncə isinmə hərəkətləri üçün təyin olunmuş yerləri komandalara göstərir. İsinmə hərəkətlərini 7 futbolçu eyni zamanda edə bilər.
Qeyd: Stadionun vəziyyətindən asılı olaraq oyunun baş hakimi eyni vaxtda isinmə hərəkətləri edəcək oyunçuların sayını müəyyən etmək hüququna malikdir.
 
16. Oyunun protokolu
 
16.1  Oyundan öncə hər komanda oyunun protokolunu doldurmalıdır.
16.2 Protokolda  futbolçunun  adı, soyadı, doğum tarixi və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat skamyada oturan rəsmi şəxslərin adları, soyadları və vəzifələri yazılmalıdır. Oyun protokolu hər iki komandanın rəsmi şəxsləri tərəfindən imzalanmalıdır.
16.3 İlk 11-lik kimi protokolda göstərilən futbolçular oyuna başlayır. Digər 7 futbolçu ehtiyat skamyasında əyləşir. Futbolçuların futbol formalarında göstərilən nömrələr, protokoldakı nömrələrlə uyğun gəlməlidir.
16.4  Komandalar oyundan ən azı 45 dəqiqə öncə protokolu baş hakimə təqdim etməlidirlər.
16.5  Hakimlər briqadası oyundan öncə protokolda göstərilən bütün şəxslərin lisenziyalarını yoxlayır. Yarışda iştirak edən komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyaya malik olmalıdır. Lisenziyada aşağıdakılar əks olunur:
  • Lisenziyanın nömrəsi
  • Komandanın adı
  • Şəxsin adı, soyadı, atasının adı
  • Fotoşəkil
  • Doğum tarixi
16.6 Əgər oyunun protokolu tələb olunan vaxtda hakimlərə təqdim olunmazsa, bu məsələyə Qadınlar Liqasının təşkili şöbəsi tərəfindən baxılacaqdır.
16.7  Yalnız ehtiyat futbolçu kimi göstərilən 7 nəfər oyun zamanı meydançaya daxil ola bilər. Oyun zamanı əvəzlənmiş futbolçu meydançaya bir daha qayıda bilməz.
 
17. Oyun protokolunda futbolçuların adlarının yerdəyişməsi
 
17.1 Hər iki komanda tərəfindən imzalanmış oyun protokolu hakimə təqdim olunduqdan sonra futbolçuların adlarının protokolda dəyişilməsi qadağandır. İstisna hallar aşağıdakılardır:
  • Əgər ilk 11-likdə göstərilən hər hansı futbolçunun oyundan öncə fiziki durumu ilə bağlı problemi aşkarlanarsa, o zaman 7 ehtiyat futbolçudan biri ilk 11-liyə daxil oluna bilər. Bu halda oyun ərzində komandanın 6 əvəzetmə ehtiyatı öncədən göstərildiyi kimi qüvvədə qalır.
  • Əgər oyun protokolunda göstərilən 7 ehtiyat futbolçudan hər hansı birinin fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman protokolda göstərilməyən, lakin lisenziyası olan digər bir futbolçu ilə əvəzlənə bilər.
 
18. Oyunlarda iştirakdan imtina
 
18.1 Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə, Qadınlar Liqasının təşkili şöbəsi tərəfindən texniki məğlubiyyət verilir.
18.2  Komanda 3 dəfə oyuna çıxmaqdan imtina edərsə, turnirdən kənarlaşdırılır.
18.3 Liqadan hər hansı bir səbəbə görə kənarlaşdırılan komanda növbəti mövsüm Liqaya buraxılmayacaq.
.
19. Oyunların təxirə salınması
 
Qonaq komanda və hakimlər səfərə çıxmazdan öncə oyunun təxirə salınması
 
19.1  Əgər ev sahibi komanda meydançanın oyuna yararsız vəziyyətdə olduğunu müəyyən edərsə, hakimlər və qonaq komanda səfərə çıxmadan öncə dərhal Qadınlar Liqasının təşkili şöbəsini məlumatlandırmalıdır.
Bu halda:
  • AFFA meydançanın vəziyyətini yoxlamaq üçün öz nümayəndəsini göndərə
         bilər
  • AFFA meydançanın vəziyyətini əks etdirən fotoşəkillərin elektron poçt (e-
         mail) vasitəsilə təqdim olunmasını tələb edə bilər
 
Qonaq komanda və hakimlər səfərə çıxdıqdan sonra oyunun təxirə salınması
 
19.2 Bu halda oyunun təxirə salınıb-salınmayacağı ilə bağlı hakimlər qərar verəcək.
19.3 Əgər baş hakim oyunun keçirilməsi üçün meydançanın yararsız olması ilə bağlı qərar çıxararsa, bu halda 24 saat ərzində Qadınlar Liqasının təşkili şöbəsi komandalarla razılaşdırdıqdan sonra, oyunun yeni keçirilmə tarixini, saatını və yerini təyin edir. Bu qərar son olaraq dəyişilməz qalır.
19.4 Əgər oyun başlandıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, UGYTŞ klub və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər və oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcəkdir.
19.5 Təxirə salınmış oyunun yenidən keçirilməsi üçün hər bir komandanın tələb olunan xərcləri öz üzərinə düşür.
19.6  Meydançanın yararsız vəziyyəti ilə bağlı ardıcıl olaraq 2 oyunu təxirə salan komanda 3-cü oyun üçün mütləq meydançanı təmin etməlidir.
19.7  Aşağıda göstərilən hallarda klub və ya komanda oyunun təxirə salınması ilə bağlı müraciət edə bilər:
  • Meydança yararsız vəziyyətdə olduğu halda
  • Həmin liqada sifariş olunmuş futbolçulardan ən azı 3 nəfəri yığma
         komandalara ezam olunduğu halda
  • Ən azı 10 futbolçu ciddi zədə və xəstəliklərə məruz qaldığı halda. Bu təqdirdə: 
  • AFFA-nın baş həkimi futbolçuların sağlamlığını yoxlamaq hüququna malikdir.
  • Qadınlar Liqasının təşkili şöbəsi klub və ya komandadan zədəli və xəstə futbolçularla bağlı təsdiqedici sənədləri tələb edə bilər.
 
20. Hakimlik və inspeksiya
 
20.1 Oyunları Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər briqadası idarə edir və hakimlik FİFA qaydaları əsasında həyata keçirilir. Hakimlər Komitəsi Yüksək Liqanın oyunlarına 3 nəfərdən ibarət hakimlər briqadası təyin edir (1 baş hakim, 2 yan xətt hakimi)
20.2 Hakimlər briqadası oyundan 2 saat əvvəl oyunun keçiriləcəyi yerə gəlməlidir.
20.3 Baş hakim oyunun keçirilməsinə cavabdeh olan şəxslərdən tələb etməlidir ki, onlar meydança ilə bağlı olan nöqsanları oyunun başlanmasına kimi həll etsin.
20.4 Protokollar oyundan sonra 30 dəqiqə ərzində tərtib edilməli və 24 saat ərzində AFFA-ya təqdim olunmalıdır.
20.5 Baş hakim oyunun protokoluna adı daxil edilmiş futbolçuların sənədlərini mütləq yoxlamalıdır. Oyuna sifariş edilmiş futbolçuların və iştirakçıların lisenziyaları zərurət olduqda oyunun sonunadək baş hakimdə qala bilər.
20.6 Komandalar tərəfindən nümayəndənin, hakimlərin dəyişdirilməsi ilə əlaqədar xahiş qəbul olunmur.
 
21. AFFA intizam qərarları
 
21.1 Bütün qırmızı vərəqələrə Qadınlar Liqasının təşkili şöbəsi tərəfindən baxılır. Futbolçular Qadınlar Liqasının təşkili şöbəsinin qərarları əsasında cəzalandırılır. Ümmumiyyətlə, oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları İntizam Komitəsi qəbul edir.
21.2 Alınan bütün sarı və qırmızı vərəqələrə görə öhdəlik klubun üzərinə düşür (turu buraxmalı olan oyunçu oyunda iştirak edərsə, məsuliyyəti komanda daşıyır.)
21.3 Oyunçu oyunda qırmızı vərəqə alıbsa və oyunçu haqqında Qadınlar Liqasının təşkili şöbəsi tərəfindən qərar çıxarılmayıbsa, həmin oyunçu növbəti oyunu buraxır.
21.4 Oyun zamanı qırmızı vərəqə alan futbolçu Qadınlar Liqasının təşkili şöbəsi tərəfindən çıxaracağı qərara uyğun olaraq, komandanın keçirəcəyi müəyyən olunmuş sayda növbəti oyunu (oyunları) buraxacaqdır.
21.5 Cari mövsüm ərzində mərhələdən asılı olmayaraq dörd sarı vərəqə alan futbolçu növbəti turu buraxmalıdır.
21.6 Alınan sarı vərəqələr mərhələdən asılı olmayaraq öz qüvvəsində qalır.
21.7 Baş tutmayan oyundan sonra Qadınlar Liqasının təşkili şöbəsi tərəfindən texniki məğlubiyyət alan komandanın həmin oyunu buraxmalı olan futbolçularının cəzaları qüvvədə qalır.
 
22. Mükafatlandırma
 
22.1 Liqada ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla və AFFA-nın diplomları ilə təltif olunacaq.
22.2  Mövsümün sonunda liqanın bombardiri (ən məhsuldar oyunçusu) və ən yaxşı futbolçusu seçiləcək və onlar da dəyərli hədiyyələrlə mükafatlandırılacaq.
 
23. Mətbuat
 
23.1 Oyunun işıqlandırılması (video və foto çəkilişin aparılması) üçün AFFA tərəfindən ezam olunmuş mətbuat nümayəndələrinə ev sahibi komanda tərəfindən müvafiq şərait yaradılmalıdır.
23.2  Oyundan sonra müraciət olunduqda hər hansı futbolçu, məşqçi və klub rəsmisindən AFFA-nın mətbuat nümayəndələri müsahibə almaq hüququna malikdirlər.
  
24. Reklam lövhələri və aksiyaları (promotion)
 
24.1  Meydançada reklam lövhələrinin (3 ədəd) yerləşdirilməlidir. Reklam lövhələrinə cavabdehliyi ev sahibi komanda daşıyır.
 
 
Baş Sponsor 
Partnyorlar 
Proyekt Partnyorları