az en
Əsasnamə Təqvim Cədvəl
2019/2020-ci il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən 9 yaşadək  (U-9) futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının
 
Əsasnaməsi
 
1. Əsas müddəalar
1.1 Bu qaydalar liqada iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
 
2. Məqsəd və vəzifələr
2.1  U-9 Liqası aşağıdakı məqsədlər üçün keçirilir:
Uşaqlar arasında futbolun təbliği və kütləviliyi
Uşaq futbolçuların ustalığının yüksəldilməsi
 
3. İştirakçıların müəyyən olunması
3.1 U-9 Liqada klublara və komandalara iştirak hüququnu AFFA verir.                             
3.2 U-9 Liqada bir klub bir ad altında, bir komanda ilə təmsil oluna bilər.
 
4. İştirakçı komandanın öhdəlikləri
4.1 İştirakçı klublar və ya komandalar bu Əsasnamənin bütün bəndlərinə riayət etməlidirlər.
4.2 İştirakçı klublar və ya komandalar FİFA tərəfindən tərtib olunmuş Fair Play prinsiplərinə riayət etməlidirlər.
4.3 Klublar və komandalar onları təmsil edən hər hansı bir şəxsin (futbolçular, rəsmi şəxslər, azarkeşlər və s.) davranışına görə məsuliyyət daşıyırlar.
4.4 U-9 Liqada iştirak edən klub və ya komandalar xarici ölkələrə təlim-məşq toplanışına və ya beynəlxalq turnirlərə gedərsə və bu səfər Liqa təqvimi ilə üst-üstə düşərsə, klub 20 gün əvvəl AFFA-ya yazılı məlumat verməlidir. Klubun təlim-məşq toplanışı ilə U-9 Liqanın təqvim oyunları üst-üstə düşdüyü halda, oyunların təxirə salınıb-salınmaması ilə bağlı son qərarı AFFA verir.
 
5.Oyun forması ilə bağlı qaydalar:
5.1 Qarşılaşan komandaların forma rəngləri eyni olduqda, protokolda nominal qonaq qismində qeyd olunmuş komanda AFFA tərəfindən təqdim olunmuş oyun gödəkçələrini geyinir.
5.2 Futbolçunun oyun formasının kürəyində nömrəsi olmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının altında mütləq qoruyucular (şitki) olmalıdır.
5.3 İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol maykasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən UGYTŞ-yə məlumat verməlidir.
 
6.Klub və ya komanda tərəfindən təqdim olunmuş futbolçuların saxta sənədləri
6.1 Mövsüm ərzində aşağıda göstərilən hallar sənədlərin saxtalaşdırılması kimi qəbul olunur:
a) Sifariş zamanı təqdim olunan saxta sənədlər: 
Doğum haqqında şəhadətnamə
Şəxsiyyət vəsiqəsi
Ümumvətəndaş pasportu
Tibbi arayış
Məktəb arayışı
Elektron formatda təqdim olunan fotoşəkil (3x4)
Müqavilə
b) Bir futbolçunun digər futbolçuya məxsus olan lisenziya ilə oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
c) Lisenziyasız futbolçunu oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
d) Oyundan öncə AFFA tərəfindən tərtib olunmayan lisenziyanın hakimə təqdim olunması və s.
e) Təqdim olunan sənədlərdəki (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi) təvəllüdlə Təhsilin İdarə olunmasının Məlumat Sistemi (TİMS) saytında göstərilən təvəllüd fərqli olarsa, komanda məlumatlandırılacaq. Bir həftə ərzində oyunçunun əsl sənədi (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və VVAQ-dan arayış) təqdim edilməlidir. Bu müddət ərzində tələb olunan sənədlər təqdim olunmasa, bu hal sənədlərin saxtalaşdırılması kimi qəbul olunacaq.
 
Qeyd: Saxtakarlıq edən klub və ya komanda həmin tur üçün nəzərdə tutulan yol xərcinin 100% miqdarında AFFA nümayəndəsi tərəfindən cəzalandırılır.
 
6.2 Yuxarıda göstərilən hallar aşkarlanarsa,İntizam Komitəsi tərəfindən aşağıda qeyd olunan cəzalar tətbiq oluna bilər:
a) Futbolçunun lisenziyasının ləğvi;
b) Məşqçiyə yarışda iştirak etmək üçün verilən lisenziyanın 12 aylıq ləğvi;
c) Məşqçinin məşqçilik lisenziyasının (Pro, A, B, C) ləğvi;
d) Kluba və ya təmsil etdiyi quruma xəbərdarlıq məktubunun göndərilməsi;
e) Məşqçinin futbolla bağlı fəaliyyətdən 12 aylıq uzaqlaşdırılması və s.
 
 
7.  Meydan
7.1 Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydanda keçirilir. 
7.2 Meydanın uzunluğu (45-50 m.), eni (30-32 m.)
7.3 Meydanda iki qapı olmalıdır.
7.4 Penalti nöqtəsindən qapı xəttinə olan məsafə 7 m.
7.5 Cərimə meydançası qapı xəttindən 9 m. məsafədə və ona paralel olmalıdır
 
Meydanın sxemi
 
 
8.Oyunun təşkili
 
8.1 U-9 liqasında oyuna hakimliyi  birinci hissədə nominal qaydada qonaq komanda qismində çıxış edən komandanın  məşqçisi,ikinci hissədə isə nominal qaydada ev sahibi qismində çıxış edən komandanın məşqçisi edəcək.
8.2 U-9 Liqanın oyunları həftənin şənbə və ya bazar günləri keçirilir. Oyunlar istisna hal kimi digər günlərə UGYTŞ tərəfindən təyin oluna bilər.
8.3 UGYTŞ hər turdan öncə oyunların vaxtı ilə əlaqədar regional nümayəndəliyinə və yaxud komandanın əlaqələndirici şəxsinə məlumat verir.
8.4 Komandalar oyunun başlanmasına ən azı 30 dəqiqə qalmış oyun keçirilən meydana gəlməlidirlər. Təqvimə uyğun olaraq adı birinci yerdə dayanan komanda ev sahibi hesab edilir.Oyunun başlanmasına 20 dəqiqə qalmış oyunun protokoluna nömrələri göstərilməklə futbolçuların adları və soyadları yazılmalı, futbolçuların lisenziyaları rəqib komandanın baş məşqçisinə təqdim edilməlidir. Oyundan əvvəl lisenziyalar rəqib (qonaq) komandanın baş məşqçilərinə təqdim edilmədiyi halda  oyun başlamamalıdır. 
8.5  Oyun başlayan vaxta klub və ya komanda meydanda olmasa, aldığı yol xərcinin 50% miqdarında cəzalandırılır.Təyin olunan vaxtdan sonrakı 20 dəqiqə ərzində komanda meydanda olmadığı təqdirdə pul cəzası 100%-ə çatdırılır və oyunun protokolu bağlanılır.
8.6 U-9 Liqasında əvvəlcədən təyin olunmuş komandaların nəqliyyat xərcləri AFFA tərəfindən təmin olunur (Peşəkar futbol klubları və Bakı zonasında çıxış edən komandalar istisna olmaq şərti ilə)
8.7 U-9 Liqasında mərkəzləşdirilmiş yerlərdə keçirilən oyunların stadionunun icarə haqqı AFFA tərəfindən ödənilir.
 
9.Oyun qaydaları
9.1 Bütün oyunlar bəzi istisnalar olmaqla FİFA oyun qaydalarına əsasən keçirilir. 
9.2 U-9 Liqada “Oyundankənar “ (off-side) vəziyyəti  tətbiq olunmur.
9.3.Liqada yaşı 9-dək olan futbolçular iştirak edə bilər (təvəllüdü 01.01.2011-ci ildən başlayanlar və maksimum iki il aşağı təvəllüdlü). 
9.4 2019/2020-ci il mövsümündə AFFA tərəfindən keçirilən bütün liqalarda eyni klubun tərkibində sifariş olunmuş futbolçu mövcud lisenziyanı təqdim etdikdə, digər liqalarda yaş həddini keçməmək şərti ilə oynaya bilər.
9.5 Oyunlar iki hissədən ibarətdir. Hər hissə 20 dəqiqə, hissələrarası fasilə isə 5 dəqiqədir.
9.6 Oyunlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş futbolçularla həyata keçirilir. Əvvəlcə protokolu meydan sahibi olan komanda doldurur. Oyunun protokoluna 20 futbolçunun adı qeyd olunur (7 əsas və 13 ehtiyat oyunçu).
9.7 Komanda oyun zamanı əvəzetmələrdən istifadə etməklə ehtiyatda olan bütün oyunçuları oynatmalıdır.
9.8 Yalnız komanda tərkibində qeydiyyatdan keçmiş rəsmi şəxslərin və 13 futbolçunun ehtiyat skamyalarında əyləşməsinə icazə verilir.
9.9 Top qapı xəttindən kənara çıxarsa, mərkəz xəttini keçməmək şərti ilə meydana əl və ya ayaq ilə daxil oluna bilər. 
9.10 Top mərkəz xəttini keçərsə rəqib sərbəst zərbə ilə oyuna başlayır.
9.11 Top mərkəzdən başlanıldığı zaman 3 toxunuş olmadan vurulan qol hesaba alınmır. 
9.12 Oyun zamanı oyunçu öz qapıçısına ötürmə edərsə, qapıçının topa əl ilə toxunması qadağandır. 
9.13 Meydanda eyni zamanda maksimum 2 əcnəbi vətəndaşın olmasına icazə verilir
9.14. Texniki zonada siqaret çəkmək qadağandır.
 
10.Oyun zamanı futbolçuların əvəzlənməsi
 10.1 U-9 Liqada əvəzetmə limitsizdir. Əvəz olunmuş oyunçu yenidən meydana daxil ola bilər. 
 10.2 Meydana daxil olmağa hazırlaşan futbolçu oyuna hakimlik edəcək komandanın baş məşqçisinə  lisenziya ilə yaxınlaşmalıdır.
 10.3 Oyun ərzində ehtiyat futbolçular isinmə hərəkətlərini etmək üçün texniki zonanı tərk edə bilər. İsinmə hərəkətlərini 13 futbolçu eyni zamanda edə bilər.
 
11.Oyunun protokolu
11.1 Oyundan öncə hər komanda oyunun elektron protokolunu doldurmalıdır.
11.2 Protokolda  futbolçunun  adı, soyadı, təvəllüdü və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat skamyada oturan rəsmi şəxslərin adı, soyadı və vəzifəsi yazılmalıdır. 
11.3 Komandalar oyundan ən azı 75 dəqiqə öncə protokolu oyuna hakimlik edəcək qonaq komanda qismində çıxış edən komandanın baş məşqçisinə  təqdim etməlidirlər.
11.4 Futbolçuların futbol formalarında göstərilən nömrələr, protokoldakı nömrələrlə uyğun gəlməlidir.
11.5  Hər iki komandanın baş məşqçisi oyundan öncə protokolda göstərilən bütün şəxslərin lisenziyasını yoxlayır (Ev sahibi komandanın baş məşqçisi qonaq komandanın,qonaq komandanın baş məşqçisi isə ev sahibi komandanın lisenziyasını yoxlayır). Yarışda iştirak edən komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyanı  çap edib oyuna gətirməlidir.
 Lisenziyada aşağıdakılar əks olunur:
Lisenziyanın nömrəsi
Komandanın adı
Şəxsin adı, soyadı, atasının adı
Fotoşəkil
Təvəllüdü
11.6 Əgər oyunun protokolu tələb olunan vaxtda oyuna hakimlik edəcək qonaq komanda qismində çıxış edən komandanın baş məşqçisinə təqdim olunmazsa, bu məsələyə AFFA-nın İntizam Komitəsi tərəfindən baxılacaqdır. 
11.7 Oyunun baş tutması üçün komandalar meydanda tam heyətlə olmalıdırlar. Əks halda oyun baş tutmamış sayılır, komanda üçün nəzərdə tutulan yol xərcinin 100% miqdarında cəzalandırılır  və oyunun protokolu bağlanılır.
11.8 Oyun zamanı zədələnmə və s. kimi hallar baş verərsə,oyunçu dəyişikliyi üçün ehtiyat oyunçu olmazsa, komanda 5 nəfər ilə (2 nəfər azlıqda) oyunu davam edə bilər .
 
12. Oyunlarda iştirakdan imtina və oyunların dayandırılması
12.1 Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə AFFA-nın İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilir.
12.2  Komanda 3 dəfə oyuna çıxmaqdan imtina edərsə turnirdən kənarlaşdırılır.
12.3  Liqadan hər hansı bir səbəbə görə kənarlaşdırılan komanda növbəti mövsüm liqaya buraxılmır.
12.4 Əgər oyun başladıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, UGYTŞ klublar və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər. Oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcəkdir.
 
13. AFFA intizam qərarları
13.1 Oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları İntizam Komitəsi qəbul edir.
 
Sarı, qırmızı və yaşıl vərəqələr
13.2  U-9 Liqada sarı və qırmızı vərəqələrdən istifadə olunmur.
13.3  Oyun zamanı kobudluq edən oyunçu olarsa oyuna hakimlik edəcək komandanın baş məşqçisi tərəfindən baş məşqçiyə bildirilir və həmin oyunçu 2 dəqiqəlik oyundan kənarlaşdırılır.
13.4  Oyundan kənarlaşdırılmış oyunçu cəza müddəti (2 dəqiqə) bitdikdən sonra yenidən oyuna daxil ola bilər (komanda meydanda tam heyətdə olmalıdır)
13.5  Oyun zamanı cəzalandırılmış oyunçunun (cəza müddəti bitməmiş) əvəzinə digər oyunçu meydana çıxa bilər.
13.6 AFFA-nın U-9 Liqasında "Yaşıl kart" qaydası tətbiq olunur. Oyun ərzində FAIR PLAY qaydalarına əməl edən futbolçulara hakimlər tərəfindən "Yaşıl kart" göstəriləcək. 
 
14. Mətbuat
14.1  Oyundan sonra müraciət olunduqda hər hansı futbolçu, məşqçi və klub rəsmisindən AFFA-nın mətbuat nümayəndələri müsahibə almaq hüququna malikdirlər.
 
15. Stadion və iştirakçı komandaların təminatı
15.1 Mövsüm ərzində AFFA tərəfindən stadionlar aşağıdakı bəndlər üzrə təmin olunur:
a) Top №3 (təsdiq edilmiş sayda)
b) Qapılar 4 ədəd
c) Qapı toru
d) Oyun gödəkçələri (jilet)
e) İcarə haqqı
15.2 Mövsüm ərzində AFFA tərəfindən müəyyən olunmuş komandalar aşağıdakı bəndlər üzrə təmin olunur:
a) Nəqliyyat xərcləri (təsdiq edilmiş məbləğdə)
 
16. Mükafatlandırma
16.1 Liqada keçiriləcək oyunların nəticəsi qeydə alınmayacaq, liqa üzrə qaliblər müəyyənləşdirilməyəcək.
16.2 Nəticələr qeydə alınmayacağı üçün final mərhələsi təşkil olunmayacaq, əvəzində, hər 3 şəhəri təmsil edən komandalar mövsümün sonuna qədər çıxış edəcəklər.
 
 
 
Baş Sponsor 
Proyekt Partnyorları