az en
Əsasnamə Təqvim Cədvəl Bombardir
2019/2020-ci  il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən qadınlardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının (Yüksək Liqa)
 
Əsasnaməsi
 
1. Əsas müddəalar
1.1 Bu qaydalar liqada iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
 
2. Məqsəd və vəzifələr
2.1   Yüksək Liqa aşağıdakı məqsədlər üçün keçirilir:
Turnirin qalibini müəyyən etmək
Qadınlar arasında futbolun təbliği və kütləviliyi
Qadın futbolçuların ustalığının yüksəldilməsi
Qadın futbolçuların klublarda hazırlanması və yığma komandalara cəlb olunması
Komandaların mövsümün yekununda tutduqları yerlərin müəyyən edilməsi
 
3. Yarışlara rəhbərlik
3.1   Yüksək Liqanın keçirilməsini və nəzarəti AFFA həyata keçirir.
3.2   Qadınlar Liqasının təşkili şöbəsinin nümayəndəsi oyunlarda AFFA nümayəndəsi qismində iştirak edə bilər.
 
4. İştirakçıların müəyyən olunması
4.1 Yüksək Liqada komandalara iştirak hüququnu AFFA verir. 
4.2 Yüksək Liqada bir klub bir ad altında, bir komanda ilə təmsil oluna bilər. 
 
5. Futbolçuların təvəllüdləri və liqalardakı iştirakı
5.1  Liqada ən gənc – 2005-ci il təvəllüdlü futbolçular iştirak edə bilər. 
5.2  U-16 Qızlar Liqasından olan 2004, 2005-ci il təvəllüdlü cəmi 5 futbolçu Yüksək Liqada iştirak edə  bilər. (Qeyd: Bu bənd U-16 liqası olmayanlara şamil olunmur)
 
6. Qeydiyyat qaydaları, transfer, icarə və sifariş məsələləri
6.1 Qızlar liqası komandaları 2019/20-ci il mövsümündən etibarən “Futbola Qoşul” onlayn qeydiyyat sistemi vasitəsi ilə oyunçu/məşqçilərini qeydiyyatdan keçirdikdən sonra, komandanı tərtib edir. Və yeni tətbiq edilmiş “Lisenziya Kartlarına Bax”  funksiyası vasitəsi ilə komandasına baxıb sonra onu yükləyib/çap etməklə oyunun keçirilmə yerinə gətirməlidir. Lisenziya kartları plastik formada olmayacaq. Lisenziya kartları A4 formatda çap edilmiş formada yarış yerinə gətirilməsi birbaşa klub/komandanın məsuliyyəti olacaq. Protokol çap edilmiş A4 lisenziya kartları ilə birgə hakimə təqdim olunmalıdır. Hər hansı neqativ hal və ya şübhə olduqda hakim lisenziyanı və futbolçunu əvvəlcədən “Play Market”dən yüklədiyi “AFFA QR Code Scanner” vasitəsilə lisenziyanı yoxlaya bilər. Lisenziya yoxlanılan zaman oyunçu mövsümdə aktivdirsə skan edildikdə telefonun/planşetin ekranında əks olunacaq. Mövcud deyilsə yenə ekranda müvafiq yazı ilə (mövcud deyil və ya digər şəxsin məlumatı/şəkli ilə) əks etdiriləcək. Çap olunmuş A4 lisenziya formasında sənədin yüklənmə tarixi və mənbəyi (Futbola qoşul) göstərilir. Bu yeni funksiyaya liqasından asılı olmayaraq bütün klub/komandaların giriş imkanı olacaq.
6.2  Hər bir futbolçu eyni zamanda yalnız bir klubda qeydiyyatda ola bilər.
6.3 Bəzi fərdi münaqişələrə AFFA-nın Futbolçuların Statusu və Transferlər Komitəsi tərəfindən baxılacaqdır.
6.4  Hər futbolçu mövsüm ərzində ən çox iki klubda çıxış edə bilər. 
6.5  Futbolçuların mövsüm ərzində əlavə sifarişi və transferləri aşağıda göstərilən qaydalar üzrə həyata keçirilməlidir:
a) Klubun əlavə sifariş etmək hüququna məhdudiyyət yoxdur.
b) Dövrələrarası fasilədə əlavə sifarişlərin sayına məhdudiyyət yoxdur. Sifarişlərin müddəti Qadınlar Liqasının təşkili şöbəsi tərəfindən əvvəlcədən rəsmi elan olunur.
6.6 Bütün təqdim olunan sənədlərə görə klub və baş məşqçi məsuliyyət daşıyır.
 
7. Klub və ya komanda tərəfindən təqdim olunmuş futbolçuların saxta sənədləri
7.1  Mövsüm ərzində aşağıda göstərilən hallar sənədlərin saxtalaşdırılması kimi qəbul olunur:
a) Sifariş zamanı təqdim olunan aşağıdakı sənədlər saxta olarsa:
Doğum haqqında şəhadətnamə
Şəxsiyyət vəsiqəsi
Ümumvətəndaş pasportu
Tibbi arayış
Elektron formatda təqdim olunan 3x4 ölçüdə fotoşəkil
Müqavilə və s.
b) Bir futbolçunun digər futbolçuya məxsus olan elektron lisenziya ilə oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı;
c) Lisenziyasız futbolçunu oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı;
Qeyd: Saxtakarlıq edən klub və ya komanda həmin tur üçün nəzərdə tutulan yol xərcinin 100% miqdarında AFFA nümayəndəsi tərəfindən cəzalandırılır.
 
7.2 Yuxarıda göstərilən hallar aşkarlanarsa, bu cəzalar İntizam Komitəsi tərəfindən tətbiq oluna bilər:
a) Futbolçunun iştirak etdiyi bütün oyunların nəticələrinin ləğvi (texniki məğlubiyyət)
b) Futbolçunun lisenziyasının ləğvi
c) Məşqçinin yarışda iştirak etmək üçün verilən lisenziyasının 12 aylıq ləğvi 
ç) Məşqçinin məşqçilik lisenziyasının (Pro, A, B, C) ləğvi
d) Kluba və ya təmsil etdiyi quruma xəbərdarlıq məktubunun göndərilməsi
e) Məşqçinin futbolla bağlı fəaliyyətdən 12 aylıq uzaqlaşdırılması və s.
 
8. İştirakçı komandanın öhdəlikləri
8.1 İştirakçı klublar və ya komandalar bu Əsasnamənin hər bir bəndinə riayət etməlidirlər. 
8.2 İştirakçı klublar və ya komandalar FİFA tərəfindən tərtib olunmuş Fair Play prinsiplərinə riayət etməlidirlər.
8.3 Klublar və komandalar onları təmsil edən hər hansı bir şəxsin (futbolçular, rəsmi şəxslər, azarkeşlər və s.) davranışına görə məsuliyyət daşıyırlar. 
8.4 Ev sahibi komanda oyunu topla təhciz etməlidir.
8.5 Hər klub və ya komanda əlaqələndirici şəxsi təyin etməlidir və onu tələb olunan qaydada qeydiyyatdan keçirməlidir. Klub anketində əlaqə telefonu, elektron poçtun ünvanı (e-mail) və.s göstərilməlidir.
8.6 Yüksək Qızlar Liqasında iştirak edən klub və ya komandalar ölkə xaricinə təlim-məşq toplanışına və ya beynəlxalq turnirlərə gedərsə və bu səfər Liqa təqvimi ilə üst-üstə düşərsə, klub 20 gün əvvəl AFFA-ya yazılı məlumat verməlidir. Klubun təlim-məşq toplanışı ilə Yüksək Qızlar Liqasının təqvim oyunları üst-üstə düşdüyü halda, liqanın oyunları həmin liqada sifariş olunmuş futbolçulardan ən azı 4 nəfəri yığma komandalara ezam olunarsa təxirə salınacaqdır.
8.7 Hakim-inspektorun oyunu izləməsi üçün tribunada müvafiq yer ayrılmalıdır. Oyundan sonra nəticə ilə bağlı AFFA-nın Qadınlar Liqasının təşkili şöbəsini məlumatlandırılması vəzifələrini yerinə yetirməlidir. 
 
Oyun forması ilə bağlı qaydalar:
 
8.8 Yüksək Qızlar Liqasının komandalarının formalarının üzərində həmin Liqanın şevronu əks oluna bilər. 
8.9 Yüksək Qızlar Liqasında iştirak edən yeni komandaların idman geyimləri AFFA tərəfindən verilir. Forma seçimində üstünlük ev sahibi komandaya verilir. 
8.10 Qarşılaşan komandaların forma rəngləri eyni olduqda, protokolda nominal qonaq qismində qeyd olunmuş komanda AFFA tərəfindən təqdim olunmuş oyun gödəkçələrini geyinir.
8.11 Futbolçunun oyun formasının kürəyində nömrəsi olmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının altında qoruyucular (şitki) olmalıdır.
8.12 İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol maykasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən Qadınlar Liqasının təşkili şöbəsinə məlumat verməlidir.
 
9. Yarışın keçirilmə sistemi
9.1 Yarışın təqvimi Qadınlar Liqasının təşkili şöbəsi tərəfindən tərtib olunur. Yüksək Liqada oyunlar 8 komandanın iştirakı ilə 3 dövrədən ibarət dairəvi sistemlə keçirilir. III dövrənin təqvimi püşkatmanın nəticəsindən asılı olaraq, I və ya II dövrənin təkrarı olacaq.
9.2 Qaliblərin müəyyən olunması aşağıdakı kimidir: 
a. Komandaların turnir cədvəlində tutduğu yerlər toplanmış xallara görə müəyyən olunur.
b. Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə görə isə xal verilmir.
c. Komandaların xalları bərabər olarsa, turnir cədvəlindəki sıralama aşağıdakı göstəricilərə görə müəyyən olunur:
Komandaların öz aralarında keçirdikləri oyunlarda qazandıqları xallara əsasən;
Komandaların öz aralarında keçirdikləri oyunlarda vurulmuş və buraxılmış qolların sayına əsasən;
Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə;
Bütün oyunlarda vurulmuş qolların sayına əsasən;
Komandaların qələbə saylarına əsasən;
Ən az qırmızı və sarı vərəqələrə görə toplamış xalların fərqinə əsasən (sarı vərəqə 1 xal, qırmızı vərəqə 3 xal);
9.3 Yüksək Liqanın oyunları həftənin şənbə günü keçirilir. İstisna hal kimi digər günlər Qadınlar Liqasının təşkili şöbəsinin koordinatoru tərəfindən təyin oluna bilər. 
9.4  Oyunların keçirilmə müddəti yarışın təqvimi ilə müəyyən olunur. Oyunlar ev-səfər sistemi ilə keçirilir.
 
10. Meydança
10.1 Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydançalarda keçirilir. 
10.2  Meydanda standartlara uyğun iki qapı olmalıdır.
 
11. Oyunın təşkili
11.1 Oyun ev sahibi komanda tərəfindən təşkil olunur.
11.2 Təqvimə uyğun olaraq adı birinci yerdə olan komanda ev sahibi hesab edilir.
11.3 Komandalar oyunun başlanmasından 45 dəqiqə öncə oyun keçirilən meydana gəlməlidirlər. Oyun başlayan vaxta klub və ya komanda meydanda olmazsa aldığı yol xərcinin 50% miqdarında cəzalandırılır. Təyin olunan vaxtdan sonrakı 20 dəqiqə ərzində komanda meydanda olmadığı təqdirdə pul cəzası 100%-ə çatdırılır və oyunun protokolu bağlanılır. (Fors-major hallarına rast gəlinərsə komanda bu haqda təcili Qadınlar Liqasının təşkili şöbəsinə məlumat verməli və Qadınlar Liqasının təşkili şöbəsi bu halları araşdırıb müvafiq qərar verməlidir) 
11.4  Yalnız rəsmi heyətdən 6 nəfərin və 7 futbolçunun ehtiyat skamyalarında oturmalarına icazə verilir. 
11.5  Texniki zonada siqaret çəkmək qadağandır. 
11.6 Elektron lisenziyalar komandalar tərəfindən çap olunub hakimə təqdim olunmalıdır. 
11.7 Oyun günü ev sahibi komanda AFFA bayrağının stadionda asılmasını təmin etməlidir.
 
12. Oyun qaydaları
12.1   Bütün oyunlar FİFA oyun qaydalarına əsasən keçirilir.
12.2   Oyunlar iki hissədən ibarətdir. Hər hissə 45 (qırx beş) dəqiqədir.
12.3   Hissələrarası fasilə isə 15 (on beş) dəqiqədir. 
 
13. Oyun zamanı futbolçuların əvəzlənməsi
13.1 Oyunlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş futbolçularla həyata keçirilir. Hər komanda oyun zamanı yalnız 5 əvəzetmədən istifadə edə bilər. Oyunun protokoluna 18 (on səkkiz) futbolçunun (11 əsas, 7 ehtiyat) adı və soyadı yazılır. Əvəzetmə zamanı ehtiyat hakim meydanı tərk edən və meydana daxil olan futbolçuların nömrələrini tabloda göstərməlidir. 
13.2 Meydana daxil olmağa hazırlaşan futbolçu ehtiyat hakimə çap olunmuş elektron lisenziya ilə yaxınlaşmalıdır.
13.3 Oyun ərzində ehtiyat futbolçular isinmə hərəkətləri etmək üçün texniki zonanı tərk edə bilər. Oyunun baş hakimi oyundan öncə isinmə hərəkətləri üçün təyin olunmuş yerləri komandalara göstərir. İsinmə hərəkətlərini 3 futbolçu eyni zamanda edə bilər. 
Qeyd: Stadionun vəziyyətindən asılı olaraq oyunun baş hakimi eyni vaxtda isinmə hərəkətləri edəcək oyunçuların sayını müəyyən etmək hüququna malikdir.
13.4  Yalnız ehtiyat futbolçu kimi göstərilən 7 nəfər oyun zamanı meydana daxil ola bilər. Oyun zamanı əvəzlənmiş futbolçu meydana bir daha qayıda bilməz. 
 
14. Oyunun protokolu
14.1 Komanda məşqçisi oyunun başlanmasına ən azı 60 dəqiqə qalmış elektron qaydada hazırlanmış protokolu (nömrələri göstərilməklə futbolçuların adları və soyadları yazılmalıdır) hakimin elektron poçt ünvanına göndərməlidir. Protokolda hər hansı bir dəyişiklik olduğu halda, oyunun hakiminə oyun başlayana kimi çap olunmuş protokol futbolçuların elektron lisenziyaları ilə birlikdə təqdim edilməlidir. Oyundan əvvəl lisenziyalar oyunun hakiminə təqdim edilmədiyi halda hakim oyunu başlamamalıdır. 
14.2 Protokolda  futbolçunun adı, soyadı, təvəllüdü və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat skamyada oturan rəsmi şəxslərin adları, soyadları və vəzifələri yazılmalıdır. Elektron protokolun çap olunmuş forması hər iki komandanın rəsmi şəxsləri tərəfindən imzalanmalıdır.
14.3 İlk 11-lik kimi protokolda göstərilən futbolçular oyuna başlayır. Digər 7 futbolçu ehtiyat skamyasında əyləşir. Futbolçuların futbol formalarında göstərilən nömrələr, protokoldakı nömrələrlə uyğun gəlməlidir.
14.4 Hakimlər briqadası oyundan öncə protokolda göstərilən bütün şəxslərin elektron lisenziyalarını yoxlayır. Meydana daxil olmağa hazırlaşan futbolçu hakimə çap olunmuş elektron lisenziya ilə yaxınlaşmalıdır. Yarışda iştirak edən komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş elektron lisenziyaya malik olmalıdır. Lisenziyada aşağıdakılar əks olunur:
Ad
Soyad
Ata adı
Təvəllüdü
Klub
İdman
Rol
Mövsüm
AFFA ID (Lisenziyanın nömrəsi).
14.5 Əgər oyunun protokolu tələb olunan vaxtda hakimlərə təqdim olunmazsa, bu məsələyə AFFA-nın İntizam Komitəsi tərəfindən baxılacaqdır. 
 
15. Oyun protokolunda futbolçuların adlarının yerdəyişməsi
15.1 Hər iki komanda tərəfindən imzalanmış oyun protokolu hakimə təqdim olunduqdan sonra futbolçuların adlarının protokolda dəyişilməsi qadağandır. İstisna hallar aşağıdakılardır:
Əgər ilk 11-likdə göstərilən hər hansı futbolçunun oyundan öncə fiziki durumu ilə bağlı problemi aşkarlanarsa, o zaman 7 ehtiyat futbolçudan biri ilk 11-liyə daxil oluna bilər. Bu halda oyun ərzində komandanın 7 əvəzetmə ehtiyatı öncədən göstərildiyi kimi qüvvədə qalır. 
Əgər oyun protokolunda göstərilən 7 ehtiyat futbolçudan hər hansı birinin fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman protokolda göstərilməyən, lakin elektron lisenziyası olan digər bir futbolçu ilə əvəzlənə bilər.
 
16. Oyunlarda iştirakdan imtina
16.1 Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə, AFFA-nın İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilir. Bu hal 3 dəfə təkrarlanarsa, komanda İntizam Komitəsinin qərarına əsasən turnirdən kənarlaşdırılır.
16.2 Səbəbindən asılı olmayaraq (Misal: yaş limitinin pozulması; yetər say olmadığı halda; oyuna gəlmədiyi halda və s.) çempionat ərzində 3 texniki məğlubiyyət alan komanda avtomatik turnirdən kənarlaşdırılır.
16.3 Liqadan hər hansı bir səbəbə görə kənarlaşdırılan komanda növbəti mövsüm liqaya buraxılmır.  
16.4 Əgər oyun başladıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, Qadınlar Liqasının təşkili şöbəsi klublarla və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər. Oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcəkdir. 
 
 
17. Oyunların təxirə salınması
Qonaq komanda və hakimlər səfərə çıxmazdan öncə oyunun təxirə salınması
 
17.1 Əgər ev sahibi komanda meydançanın oyuna yararsız vəziyyətdə olduğunu müəyyən edərsə, hakimlər və qonaq komanda səfərə çıxmadan öncə dərhal Qadınlar Liqasının təşkili şöbəsini  məlumatlandırmalıdır. 
Bu halda:
AFFA meydançanın vəziyyətini yoxlamaq üçün öz nümayəndəsini göndərə bilər
AFFA meydançanın vəziyyətini əks etdirən fotoşəkillərin elektron poçt (e-mail) vasitəsilə təqdim olunmasını tələb edə bilər.
 
Qonaq komanda və hakimlər səfərə çıxdıqdan sonra oyunun təxirə salınması
17.2 Bu halda oyunun təxirə salınıb-salınmayacağı ilə bağlı hakimlər qərar verəcək.
17.3 Əgər baş hakim oyunun keçirilməsi üçün meydançanın yararsız olması ilə bağlı qərar çıxararsa, bu halda 24 saat ərzində Qadınlar Liqasının təşkili şöbəsi komandalarla razılaşdırdıqdan sonra, oyunun yeni keçirilmə tarixini, saatını və yerini təyin edir. Bu qərar son olaraq dəyişilməz qalır.
17.4 Əgər oyun başladıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, Qadınlar Liqasının təşkili şöbəsi klublarla və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər və oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcəkdir.
17.5  Aşağıda göstərilən hallarda klub və ya komanda oyunun təxirə salınması ilə bağlı müraciət edə bilər:
Meydança yararsız vəziyyətdə olduğu halda
Həmin liqada sifariş olunmuş futbolçulardan ən azı 4 oyunçu yığma komandalara ezam olunduğu halda
 
18. Hakimlik və İnspeksiya
18.1 Yüksək Liqanın oyunlarını AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər idarə edir və hakimlik FİFA oyun qaydaları əsasında həyata keçirilir. Hakimlər Komitəsi Yüksək Liqanın oyunlarına 3 nəfərdən ibarət hakimlər briqadası təyin edir (1 baş hakim, 2 yan xətt hakimi)
18.2 Hakimlər briqadası oyunun başlanmasından 60 dəqiqə öncə gəlib, meydançanın oyuna hazırlıq vəziyyətini yoxlamalıdırlar.
18.3 Hakim oyunun keçirilməsinə cavabdeh olan şəxslərdən tələb etməlidir ki, onlar meydança ilə bağlı olan nöqsanları oyunun başlamasına kimi həll etsin.
18.4 Protokollar oyun bitdikdən sonra növbəti günü saat 11:00 qədər AFFA-nın Qadınlar Liqasının təşkili şöbəsinin koordinatoruna elektron poçt vasitəsilə göndərilməlidir. 
18.5 Baş hakim oyunun protokoluna adı daxil edilmiş futbolçuların sənədlərini mütləq yoxlamalıdır. Oyuna sifariş edilmiş futbolçuların və iştirakçıların çap olunmuş elektron lisenziyaları zərurət olduqda oyunun sonunadək baş hakimdə qala bilər.
18.6 Komandalar tərəfindən hakimlərin dəyişdirilməsi ilə əlaqədar xahiş qəbul olunmur.
 
19. AFFA intizam qərarları
19.1 Bütün qırmızı vərəqələrə İntizam Komitəsi tərəfindən baxılır. Futbolçular İntizam Komitəsinin qərarları əsasında cəzalandırılır. Oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları İntizam Komitəsi qəbul edir.
 
Sarı və qırmızı vərəqələr
19.2 Əvvəlki mövsüm ərzində qırmızı vərəqə almış oyunçu cəzasını tam çəkmədiyi halda, bu cəzanın qalan hissəsi (istisna hallardan başqa) cari mövsümə tətbiq olunmur. 
İstisna hallar;
Ciddi dava-dalaşa görə verilən cəzalar,
Oyun epizodundan kənarda baş verən xüsusi münaqişələr zamanı verilən cəzalar. 
19.3 Sarı və qırmızı vərəqələrə görə öhdəlik klubun üzərinə düşür (turu buraxmalı olan oyunçu oyunda iştirak edərsə, məsuliyyəti komanda daşıyır.) 
19.4 Oyunçu qırmızı vərəqə alıbsa və oyunçu haqqında İntizam Komitəsində qərar çıxarılmayıbsa, həmin oyunçu növbəti oyunu buraxır.
19.5 Qırmızı vərəqə alan futbolçu İntizam Komitəsinin çıxaracağı qərara uyğun olaraq, komandanın keçirəcəyi müəyyən olunmuş sayda növbəti oyunu (oyunları) buraxacaqdır.
19.6 Sarı vərəqələr mərhələdən asılı olmayaraq öz qüvvəsində qalır.
19.7 Cari mövsüm ərzində mərhələdən asılı olmayaraq dörd sarı vərəqə alan futbolçu növbəti turu buraxmalıdır. 
19.8 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət alan komandanın həmin oyunu buraxmalı olan futbolçularının cəzaları qüvvədə qalır.
19.9 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki qələbə alan komandanın həmin oyunu buraxmalı olan futbolçuları cəza çəkmiş kimi hesab olunur. 
19.10 Futbolçunun müəyyən liqada aldığı cəza digər liqaya şamil olunmur.
 
20. Protestlər
20.1 Protest verən baş məşqçi oyundan dərhal sonra bu barədə baş hakimi xəbərdar etməlidir. Protestin verilməsi oyunun protokolunda öz əksini tapmalıdır. Oyunun gedişində ciddi münaqişələr baş verərsə, oyunun baş hakimi, yan xətt hakimləri və ya inspektor AFFA-nın Qadınlar Liqasının təşkili şöbəsinə öz izahatlarını göndərməlidirlər. Protest komandanın baş məşqçisi tərəfindən imzalanmalı, 24 saat ərzində AFFA-nın Qadınlar Liqasının təşkili şöbəsinə çatdırılmalıdır. 
20.2 Protestlərə aşağıdakı hallarda baxılmır:
11 metrlik cərimə zərbələrinin təyin olunması
11 metrlik cərimə zərbələrinin təyin olunmaması
Oyundankənar (off-side) vəziyyətin müəyyən edilməsi barədə
Topun qapıdan keçib-keçməməsi barədə 
20.3 İntizam Komitəsinin qərarlarından qərar alındığı gündən 15 (on beş) gün ərzində AFFA Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verilə bilər.  Apellyasiya Arbitraj Tribunalının qərarı yekun qərardır.
 
21. Mükafatlandırma
21.1 Liqada ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla və AFFA-nın diplomları ilə təltif olunur. 
21.2  Mövsümün sonunda liqanın bombardiri (ən məhsuldar oyunçusu) və ən yaxşı futbolçusu seçilərək dəyərli hədiyyələrlə mükafatlandırılacaq. 
 
22. Mətbuat
22.1 Oyunun işıqlandırılması (video və foto çəkilişin aparılması) üçün AFFA tərəfindən ezam olunmuş mətbuat nümayəndələrinə ev sahibi komanda tərəfindən müvafiq şərait yaradılmalıdır. 
22.2  Oyundan sonra müraciət olunduqda hər hansı futbolçu, məşqçi və klub rəsmisindən AFFA-nın mətbuat nümayəndələri müsahibə almaq hüququna malikdirlər.
 
23. Reklam lövhələri və aksiyaları
23.1  Meydançada tələb olunarsa reklam lövhələri yerləşdirilməlidir. 
 
24. Stadion və iştirakçı komandaların təminatı
24.1 Mövsüm ərzində AFFA tərəfindən stadionlar aşağıdakı bəndlər üzrə təmin olunur:
a. Top №5 (təsdiq edilmiş sayda)
b. Qapılar 2 ədəd
c. Qapı toru
d. Oyun gödəkçələri (jilet)
e. İcarə haqqı
24.2 Mövsüm ərzində AFFA tərəfindən müəyyən olunmuş komandalar aşağıdakı bəndlər üzrə təmin olunur:
a. Top №5 (təsdiq edilmiş sayda)
b. Nəqliyyat xərcləri (təsdiq edilmiş miqdarda)
c. İdman ləvazimatları.
  
25. Cərimələrin tətbiqi
25.1 AFFA tərəfindən komandalara oyunlar üçün nəqliyyat vasitələri, nəqliyyat xərcləri və komanda məşqçiləri üçün əmək haqqı təyin olunur (peşəkar komandalar istisna olmaq şərtilə). Komandaların oyuna gəlmədiyi, yaş limitinin pozulması, yetərsay olmadığı və bir sıra digər səbəblərdən oyunlar baş tutmadığı təqdirdə nəqliyyat xərcləri və ya əmək haqqından cərimə tutulması tətbiq olunacaq. Cərimələrin tətbiqi aşağıdakı kimidir: 
 
a. Səbəbindən asılı olmayaraq (yaş limitinin pozulması; yetər say olmadığı halda; oyuna gəlmədiyi halda və s.) texniki məğlubiyyət alan komanda nəqliyyat xərcinin  (nəqliyyat xərci olmayan komandanın məşqçisinin əmək haqqının) 100% miqdarında cəzalandırılır; 
b. Oyuna gecikmə halı baş verərsə, (təyin olunan vaxtdan sonrakı 20 dəqiqə ərzində komanda meydanda olmadığı təqdirdə və ya ev sahibi komanda oyunun vaxtında başlamasına şərait yarada bilməzsə: təcili tibbi yardımla təmin etməməsi səbəbilə və s.) komanda nəqliyyat xərcinin (nəqliyyat xərci olmayan komandanın məşqçisinin əmək haqqının) 100% miqdarında cəzalandırılır;  
c. Futbolçunun oyun forması qaydasında olmadığı təqdirdə (formasının kürəyində nömrəsinin olmaması; futbol corablarının altında qoruyucular (şitki) olmaması və s. hallarda) komanda məşqçisinin əmək haqqından (və ya nəzərdə tutulan nəqliyyat xərcindən) ilk halda 30%, bu hal ikinci dəfə təkrarlanarsa 50% tutulacaq. Bu hal 3-cü dəfə təkrarlandığı təqdirdə məşqçinin müqaviləsinə xitam veriləcək və komanda çempionatdan kənarlaşdırılacaq. 
 
Baş Sponsor 
Proyekt Partnyorları