az en
News / AFFA-nın XXVIII növbəti Konfransı keçirilib

AFFA-nın XXVIII növbəti Konfransı keçirilib

AFFA Dərc olundu: 28.01.2020 Çap
Bu gün “Bulvar otel”də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının XXVIII növbəti Konfransı keçirilib.
AFFA-nın XXVIII növbəti Konfransı keçirilib
Qısa videoçarxın nümayişindən sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev Konfrans iştirakçılarını, qonaqları və media nümayəndələrini salamlayıb və sözü Gənclər və İdman naziri Azad Rəhimova verib. A.Rəhimov çıxış edərək AFFA-nın ölkəmizdə futbolun kütləviliyinin artırılması və sağlam həyat tərzinin təbliği istiqamətində gördüyü işləri vurğulayıb, Konfransın işinə uğurlar arzulayıb.
Baş katib Elxan Məmmədov məlumat verib ki, 35 nümayəndənin hər biri Konfransda iştirak edir və Konfrans səlahiyyətlidir.
Ardınca tərkibi Kərim Ağayev, Nadir Quliyev və Şaiq Həmidovdan ibarət say komissiyası seçilib.
AFFA-nın prezidenti Rövnəq Abdullayev prezentasiyanın müşayiəti ilə hesabat xarakterli məruzə edib. Çıxış başa çatdıqdan sonra hesabat dövründə həyata keçirilmiş işləri özündə əks etdirən videoçarx nümayiş olunub.
AFFA-nın Maliyyə və Mühasibatlıq Departamentinin müdiri Xalid Cavadov maliyyə hesabatını təqdim etdikdən sonra müstəqil auditor Ülvi Həsənovun məruzəsi dinlənib.
AFFA ilə UNICEF arasında 10 ildən artıq müddəti əhatə edən qarşılıqlı əməkdaşlıqla əlaqədar assosiasiya prezidenti Rövnəq Abdullayev UNICEF Azerbaijan-ın rəhbəri Edvard Karvardinə AFFA-nın xüsusi hədiyyəsini təqdim edib.
Avro-2020-nin Bakıda keçiriləcək oyunlarının Əməliyyat Qrupunun Könüllülərlə iş üzrə koordinatoru Yusif Vəliyevin könüllülük fəaliyyəti ilə bağlı çıxışının ardınca AFFA-nın tədbirlərində könüllülərin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Sonra Konfransda iştirak üçün ezam olunmuş UEFA nümayəndəsi Tyerri Favre və FIFA-nı təmsil edən Emily Shaw çıxış edib.
Çıxışlardan sonra seçki prosesi başlayıb. Baş katib Elxan Məmmədov məlumat verib ki, AFFA prezidenti vəzifəsinə 1 nəfərin – hazırkı prezident Rövnəq Abdullayevin namizədliyi irəli sürülüb və Nizamnamənin 33 maddəsinin 7-ci bəndinə uyğun olaraq, Konfrans iştirakçıları etiraz etmədiyi təqdirdə seçki açıq səsvermə ilə keçirilə bilər. Rövnəq Abdullayev Konfrans iştirakçılarının yekdil səsi ilə növbəti dəfə AFFA prezidenti seçilib.
Elxan Məmmədov məlumat verib ki, İcraiyyə Komitəsi üzvlüyünə də 12 yerə 12 namizəd irəli sürülüb. Nizamnaməyə uyğun olaraq, İcraiyyə Komitəsinə də seçki açıq səsvermə yolu ilə keçirilib və adları aşağıda göstərilmiş şəxslər AFFA İcraiyyə Komitəsinin üzvü seçilib:
 
1. İsgəndər Cavadov
2. Kazbek Tuayev
3. Elxan Məmmədov
4. Zaur Axundov
5. Rauf Əliyev
6. Vaqif Sadıqov
7. Elşad Nəsirov
8. Fərid Mansurov
9. Firudin Qurbanov
10. Mahir Məmmədov
11. Elmar Məmmədyarov
12. Könül Mehtiyeva
 
Seçki başa çatdıqdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev növbəti dəfə ona etimad göstərdikləri üçün Konfrans iştirakçılarına təşəkkürünü bildirib və İcraiyyə Komitəsinin üzvlərini təbrik edib.
 
Baş Sponsor 
Partnyorlar