az en
News / “Avro-2020 Könüllülər Proqramı”nın universitet təqdimatları yekunlaşıb

“Avro-2020 Könüllülər Proqramı”nın universitet təqdimatları yekunlaşıb

Avro-2020 Dərc olundu: 20.11.2019 Çap
Avro-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək 3 qrup oyunu, eləcə də 1/4 final mərhələsi qarşılaşması ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu tədbirə hazırlıq məqsədilə oktyabrın 15-dən noyabrın 15-dək Bakının 18 ali təhsil ocağında tələbələr, tələbə gənclər təşkilatları və müəllim heyəti üçün Könüllülər Proqramının təqdimatını keçirib.
“Avro-2020 Könüllülər Proqramı”nın universitet təqdimatları yekunlaşıb
5000-dən çox tələbənin iştirak etdiyi təqdimatlarda Avropa çempionatının tarixi, maraqlı faktlarla yanaşı, Könüllülər Proqramının ötənilki uğurları, eləcə də Avro-2020 ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqda təqdimat nümayiş olunub. 
Tədbirlərdə təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA, Avro-2020 Təşkilat Komitəsinin nümayəndəsi, eyni zamanda, “Könüllülər Proqramı”nın səfiri Taleh Yüzbəyov da iştirak ediblər. Qonaqlar tələbələrin idman və qeyri-idman sahəsində lazımi təcrübə əldə etməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, onların irimiqyaslı və ölkə əhəmiyyətli tədbirlərlə bağlı texniki bilik və bacarıqlarının artırılması baxımından bu cür tədbirlərin təşkilinin əhəmiyyətindən danışıblar, həmçinin bir zamanlar könüllü olaraq qazandıqları təcrübə və xatirələri tədbir iştirakçıları ilə bölüşüblər. 
Qeyd edək ki, Könüllülər Proqramına qeydiyyat prosesi üçün son müraciət tarixi noyabrın 30-dur. Bugünədək 6000-dən çox könüllü qeydiyyata alınıb ki, bu göstərici ilə Avropa çempionatına ev sahibliyi edəcək 12 şəhər arasında Bakı birincidir.
Proqramın müsahibə mərhələsinə isə sentyabrın 30-dan start verilib. Bakı Olimpiya Stadionunun İnformasiya Mərkəzində dekabrın 28-dək davam edəcək müsahibə mərhələsində bugünədək 4000-dən çox namizəd iştirak edib. Qeydiyyat üçün müraciət edən könüllülər arasında 15-dən artıq ölkəni əhatə edən 600-ə yaxın beynəlxalq namizəd var. Onlar əsasən Ukrayna, Rusiya və Asiya ölkələrindəndir. Hazırda həmin könüllülərlə də onlayn müsahibələr təşkil olunur və yekunda 300 beynəlxalq könüllünün seçilməsi nəzərdə tutulub.
Proqram haqqında ətraflı məlumat Bakı Avro-2020-nin rəsmi veb-saytında - euro2020.affa.az səhifəsində yerləşdirilib.
Qeyd edək ki, Könüllülər Proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıqdır. 
 
 
Baş Sponsor 
Partnyorlar