az en
News / "Futbolda hər şey mümkündür"

"Futbolda hər şey mümkündür"

A Milli Dərc olundu: 09.06.2022 Çap
UEFA Millətlər Liqası çərçivəsində sabah "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Slovakiya oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında baş məşqçi Canni De Byazi və komandanın üzvü Emin Mahmudovun səsləndirdiyi fikirləri nəzərinizə çatdırırıq:
 
"Futbolda hər şey mümkündür"
Canni De Byazi: Qazaxıstan və Belarusla oyunlarda rəqibdən üstün futbol oynadıq, keyfiyyətli oyun nümayiş etdirdik. Təəssüf ki, hələ də qol vura bilməmişik. Baxmayaraq ki, kifayət qədər şanslarımız olub. Bu amil bizi məyus edir. Futbolda bu gün baş verməyən sabah nə vaxtsa gerçəkləşir. Sabah bizi ağır oyun gözləyir. Slovakiyanın Qazaxıstana məğlubiyyəti bizim üçün gözlənilməz oldu. Sabah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
Tənqidin olması normaldır. Bu, sizin və mütəxəssislərin işidir. Hər kəs öz işini görür. Çox dərinliyə getmək niyyətində deyiləm. Amma heç kim deyə bilməz ki, son iki oyunda pis çıxış etmişik. Futbolda bu gün uduzursan, hamı səni pisləyir. Ancaq bir qələbə qazanan kimi səni tərifləyirlər. Statistikaya baxırıq, indi burada iki qələbə haqqında da danışa bilərdik. Futbolda hər şey mümkündür.
Slovakiya millisi qrupumuzun ən güclü komandasıdır. Oyunçularının çoxu İtaliyada, İngiltərədə çıxış edir, yüksək keyfiyyətə malikdirlər. Oyunlarını analiz etmişik. Qazaxıstanla oyunda çoxlu qol imkanları oldu, lakin dəyərləndirə bilmədilər. Qazaxıstan 11 nəfərlə sona qədər mübarizə apardı. Biz də sabah bu cür oynamalı və oyunu 11 nəfərlə tamamlamalıyıq. Lazımsız qayda pozuntuları etməməliyik".
 
Emin Mahmudov: “Bizim meydana rahat çıxmaq haqqımız yoxdur. Tam gücümüzlə mübarizə aparmalı, əlimizdən gələni etməliyik ki, qələbə qazanaq. İlk iki oyunda qalib gələ bilməmişik. Bu dəfə uğurlu nəticə üçün çalışacağıq.
Bəzən şanssızlıq olur, bəzən rəqib qapıçılar yaxşı qurtarış edir. Bəzi epizodlarda da dəqiqlik çatmır. Ya son zərbə, ya da ötürmə dəqiq olmur ki, hücumu qolla tamamlayaq. Slovakiya millisinin Bakıya qalib və ya məğlub gəlməsinin heç bir əhəmiyyəti yoxdur. Onlar qələbə qazanmaq üçün tam güclərini ortaya qoyacaqlar. Yeni baş məşqçinin rəhbərliyi altında oynayacaqlar. Ancaq biz də qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
 
Baş Sponsor 
Partnyorlar