az en
News / Kütləvi futbol layihələri üzrə qrant müsabiqəsi

Kütləvi futbol layihələri üzrə qrant müsabiqəsi

AFFA Dərc olundu: 25.04.2022 Çap
Kütləvi futbol layihələri üzrə növbəti qrant müsabiqəsi keçiriləcək. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Sizə layihənin reallaşdırılması və inkişafı üçün qrant udmaq şansını təklif edir!
Kütləvi futbol layihələri üzrə qrant müsabiqəsi
Bunun üçün sadəcə 15.05.2022 tarixədək qeydiyyatdan keçib müvafiq müraciət formasını dolduraraq öz layihənizi bizimlə bölüşməyiniz lazımdır.
Qeydiyyat üçün link: https://qrant.affa.az/formpage.html  
 
İdman növündən başqa, futbol cəmiyyətə sağlam həyat tərzini təklif edən bir mədəniyyətdir. Kütləvi futbol bizə liderlik, komandada çalışmaq və kommunikasiya bacarıqlarını inkişaf etdirməyi öyrədir, müxtəlif emosiyalar yaşadır, tamaşaçı və futbolçular arasında bağlılıq yaradır. Yaş, cins, milliyət və fiziki xüsusiyyətlərdən asılı olmayaraq, futbolu sevən hər bir şəxs bu mədəniyyətin bir təmsilçisidir. Azərbaycanda futbolu kompleks şəkildə inkişaf etdirmək üçün AFFA-nın müəyyənləşdirdiyi rioritetlərdən biri kütləvilikdir. Respublikanın bütün bölgələrində futbolun inkişafı, bu idman növü ilə məşğul olan uşaqlarda, yeniyetmələrdə, gənclərdə və daha böyük yaş qrupuna daxil olan şəxslərdə futbola maraq oyatmaq üçün daimi olaraq müxtəlif layihələrimiz icra olunur. Elan etdiyimiz qrant ölkəmizdə ən maraqlı kütləvi futbol layihələrini aşkarlamaq və onlara dəstək olmaq məqsədi daşıyır.
 
Müsabiqədə qalib gələcək layihələrin icrası üçün aşağıda qeyd olunan məbləğlərdə büdcə ayırılacaq:

1-ci yer – 5000 AZN
2-ci yer – 3000 AZN
3-cü yer – 2000 AZN 

Qrant müsabiqəsinin nominasiyası

Bu müsabiqə kütləvi futbol sahəsinə həsr edilib və nominasiya “Ən yaxşı kütləvi futbol layihəsi”dir. Qeyd olunan nominasiya üzrə aşağıdakı istiqamətlər üzrə layihə təqdim edilə bilər:

 Kütləvi futbol festivalı;
 Müəyyən yaş qrupu və ya hədəf kütləsinin iştirakı ilə futbol turniri;
 Kütləviliyin artırılması.
 
Qrant müsabiqəsi üçün müraciət qaydaları:

 Layihə bir və bir neçə tərəfdaşın iştirakı ilə həyata keçirilə bilər;
 Layihə müraciət formasında aydın və dolğun şəkildə təsvir edilməlidir;
 Təklif edilən layihənin formatından asılı olaraq təyin edilmiş məqsədlər dolğun şəkildə qeyd olunmalıdır;
 Təqdim edilmiş layihə hər iki cins nümayəndələrini əhatə etməsi arzuolunandır.
 
Kimlər iştirak edə bilər?

- Fiziki şəxslər;
- Dövlət təşkilatları;
- İctimai təşkilatlar və fondlar;
- Qeyri-hökumət təşkilatları;
- AFFA-nın birbaşa və dolayı üzvləri, Peşəkar Futbol Klublarının nümayəndələri istisna olmaqla, digər hüquqi şəxslər;
- Təhsil ocaqları və ya onları təmsil edən şagird və tələbələr.
 
Münsiflər heyəti

Qrant müsabiqəsi üçün müraciətlərə AFFA-nın Baş katibinin müavini, Texniki direktoru, Kütləvi Futbol Departamentinin rəhbəri və Marketinq və Sponsorluq Departamentinin rəhbərindən ibarət münsiflər heyəti tərəfindən baxılacaq və qalib səsvermə nəticəsində təyin ediləcək. Qalibin təyin edilməsi üçün münsiflər heyəti tərəfindən əsas üstünlük veriləcək kriteriyalar:

 Layihənin kreativliyi və unikallığı;
 Layihənin əsas performans göstəriciləri;
 Layihənin davamlılığı üçün imkanlar;
 Layihənin gələcəkdə digər insanlar, qurumlar, təşkilatlər tərəfindən tətbiq edilməsi imkanları.

Müraciət tarixləri

Qrant müsabiqəsi üçün müraciət qəbulu 25 aprel – 15 may tarixlərilərində davam edəcək. Qaliblər iyun ayında müəyyən ediləcək. Qalibə layihəni reallaşdırmaq üçün 6 ay vaxt veriləcək.
Baş Sponsor 
Partnyorlar