az en
News / “Meydanda xarakter göstərməliyik”

“Meydanda xarakter göstərməliyik”

A Milli Dərc olundu: 05.06.2022 Çap
UEFA Millətlər Liqası çərçivəsində sabah Serbiyanın Novi Sad şəhərində keçiriləcək Belarus – Azərbaycan oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi və komandanın üzvü Bəhlul Mustafazadə səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
“Meydanda xarakter göstərməliyik”
Canni De Byazi: “Futbolda vacib olan nəticədir. Bunu anlamalıyıq. Qazaxıstan millisi ilə oyunda qol vurmaq üçün yaxşı imkanlarımız oldu. Təəsüf ki, qol vurmursansa, qələbə qazana bilmirsən. Oyundan sonra futbolçulara təşəkkürümü bildirdim. Oyunumuzu təhlil etdik. Rəqib iki zərbə vurdu, qalib gəldi. Bizim isə 15 zərbəmiz vardı. Kiçik səhvlər etdik və nəticədə qollar buraxdıq. Çalışacağıq ki, sabah qalib gələk.
Belarus komandasını Slovakiya ilə oyunlarından əvvəl analiz etmişik. Onlar da üç mərkəz müdafiəçi ilə oynayırlar. Solda sağ ayaq, sağda sol ayaqlı futbolçu çıxış edir. Fantaziyası çox olmayan komandadır. Təxminən bizimlə eyni səviyyədədirlər. Ucaboy futbolçulara malikdir, standart vəziyyətdən təhlükəli ola bilirlər. Amma onların oynamağı bizdən asılı olacaq. Biz imkan versək oynayacaqlar, verməsək yox. Necə ki, Qazaxıstana ilk hissədə oynamaq imkanı verməmişdik. Daha xarakterli olmalıyıq. Ən əsası meydanda xarakter göstərməliyik. Bilirəm ki, komandamızın yaxşı keyfiyyətləri var”.
Heyətlə bağlı dəqiq qərar verməmişəm. Bu gün kimin özünü fiziki cəhətdən necə hiss etdiyinə baxacağıq. Uzun yol qət etmişik. Kimsə daha tez bərpa olur, kimdəsə bu alınmır. Çalışacağıq balansı itirməyək və matçda yaratdığımız imkanlarından düzgün yararlanaq”.
 
Bəhlul Mustafazadə: “Qazaxıstanla oyuna çox yaxşı başladıq, kifayət qədər qol imkanları yaratdıq, müdafiədə də etibarlı çıxış etdik. Sadəcə, hücumda qol imkanlarını reallaşdıra bilmədik. Qazaxıstanla oyunda qol imkanlarını qaçırdıqca bizim də üzərimizə təzyiqlər artdı və səhvlərdən qollar buraxdıq. Rəqibi komandanı təhlil etmişik. Belarus da Qazaxıstan millisi kimi, 5 müdafiəçi ilə oynayır. Ancaq Belarus Qazaxıstandan daha kompakt komandadır. Onlara qarşı kreativ olmalıyıq. Buna görə də kreativliyimizi artırmalı və ələ düşən imkanlardan yararlanmalıyıq. Əlimizdən gələni edəcəyik ki, Belarus üzərində qələbə qazanaraq həm özümüzü, həm də Azərbaycan xalqını sevindirək”.
 
Baş Sponsor 
Partnyorlar