az en
News / Milli üzvlərinin oyunla bağlı fikirləri

Milli üzvlərinin oyunla bağlı fikirləri

A Milli Dərc olundu: 01.06.2021 Çap
Sabah Minskdə keçiriləcək Belarus - Azərbaycan beynəlxalq yoldaşlıq oyunu öncəsi milli komandamızın üzvləri Emin Mahmudov, Bədavi Hüseynov və Əli Qurbani affa.az-a açıqlama veriblər:
 
Milli üzvlərinin oyunla bağlı fikirləri
Emin Mahmudov: “Milli komanda üçün həmişə əlimdən gələnin maksimumunu etməyə çalışmışam. Hər oyun fərqli olur. Türkiyə millisi daha çox hücum futbolu oynayır. Belarus isə gənc komandadır. Təbii ki, daha istəkli olacaqlar. Hamısı özünü göstərməyə çalışacaq. Əsas öz oyunumuzdur. Türkiyə ilə oyunda olduğu kimi topu özümüzdə saxlasaq, daha çox hücumlar təşkil etsək, yaxşı şanslarımız olacaq. Dediyim kimi, yenə də diqqətli olmalıyıq. Çünki həmin oyunda yaxşı oynaya-oynaya standart vəziyyətdən iki top buraxdıq. Sabah əlimizdən gələni edəcəyik ki, nəticə əldə edək. Əlbəttə, bunu yaxşı oyunla icra etmək istəyirik. Misal üçün, Türkiyə millisi ilə oyunda oynadığımız futbolu oynasaq, nəticə qazana bilərik. Komanda olaraq Belarus millisinin oyunlarını izləmişik. Baş məşqçi necə oynamaq lazım olduğunu izah edib. Mövsüm yeni başa çatıb və oyuna tam hazırıq. Son oyunda nümayiş etdirdiyimiz futbolu davam etdirə bilsək, nəticə qazanacağıq”.
 
Bədavi Hüseynov: “Türkiyə ilə oyunda buraxdığımz səhvləri analiz etmişik. Bir neçə hücum təşkil edib qol imkanları yaratmağı bacardıq. Düşünürəm ki, bu cür oyunumuzu davam etdirməliyik. Qələbə üçün darıxmışıq. Komanda olaraq əhval-ruhiyyəmiz yaxşıdır. Yaxşı futbol oynayaraq nəticə qazanmağa çalışacağıq. Türkiyə ilə oyunda buraxdığımız səhvləri təkrarlamamalıyıq. Etiraf etmək lazımdır ki, standart vəziyyətlər üzərində çalışırıq. Onlarda çempionat davam etsə də, düşünmürəm ki, bu, rəqib üçün üstünlük olsun. Çünki bizdə də mövsüm yeni başa çatıb, Türkiyə ilə hazırlıq oyunu oynamışıq. Belarus millisi ilə oyun bərabər səviyyəli komandaların mübarizəsi olacaq”.
 
Əli Qurbani: “Belarus millisi yaxşı komandadır. Türkiyə ilə oyunda uduzsaq da, yaxşı oynadığımızı düşünürəm. Fərqlənmək üçün şanslarımız oldu, sadəcə son anda dəqiq ola bilmədik. Əgər bu cür davam etsək, yaxşı nəticələr əldə edəcəyimizi düşünürəm. Hazırda Belarus çempionatı davam edir. Bu amil onlar üçün üstünlük ola bilər. Amma biz də mövsüm ərzində 4 gündən bir futbol oynamışıq. Hazır formada olduğumuzu düşünürəm. Hər hansı yorğunluqdan söhbət gedə bilməz. Yaxşı nəticə əldə etmək üçün bacarığımızı ortaya qoymalıyıq. Xüsusən, güclü komandalarla – Portuqaliya, Serbiya, Türkiyə ilə oyunlarda nəyə qadir olduğumuzu nümayiş etdirmişik. Yaratdığımız fürsətləri dəyərləndirə bilsək, komandanın özünəinamı artacaq”.
 
Baş Sponsor 
Partnyorlar