az en
News / “Sabah çox yaxşı təşkilatlanmış komandaya qarşı oynayacağıq”

“Sabah çox yaxşı təşkilatlanmış komandaya qarşı oynayacağıq”

A Milli Dərc olundu: 05.06.2021 Çap
Sabah Kişinyovda keçiriləcək Moldova -  Azərbaycan beynəlxalq yoldaşlıq oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi və komandanın üzvü Azər Salahlının səsləndiridyi fikirlərini nəzərinizə çatdırırıq:
 
“Sabah çox yaxşı təşkilatlanmış komandaya qarşı oynayacağıq”
Canni De Byazi: “Sabah çox vacib oyunumuz olacaq. Sentyabrda keçirəcəyimiz seçmə oyunlardan öncə son sınağımızdır. Təlim-məşq toplanışı ərzində iki yaxşı oyun keçirmişik. Sabah çox yaxşı təşkilatlanmış komandaya qarşı oynayacağıq. Moldova Türkiyə ilə oyunda yaxşı futbol nümayiş etdirdi. Roberto Bordin yaxşı komanda formalaşdırıb. Çox diqqətli olmalıyıq. Çalışıb nəticə qazanmalıyıq.
 
Təkcə azarkeşlər deyil, özümüz də yaxşı oyun görmək istəyirik. Belarusla oyunda yaxşı oynadığımızı düşünürəm. Eyni tempdə 90 dəqiqə mübarizə aparmaq lazımdır. Bəzi inkişaf göz önündədir. Misal üçün, Belarusla oyunda qapı istiqamətinə 22 zərbə endirməyi bacarmışıq. Futbolda bu cür statistikalar vacib göstəricilərdir. Həmin oyunda nəyə görə qalib gəldiyimizi göstərir.
 
Eyni oyunçuların bir yerdə oynaması daha yaxşı olar. Amma dəyişikliklər də olacaq. Təlim-məşq toplanışında iştirak edən hər futbolçunun nəyə qadir olduğunu bilmək vacibdir. Millinin qapısı hər futbolçuya açıqdır. Komandada milli ruh və təşkilatçılıq olmalıdır”.
 
Azər Salahlı: “Sabah bizi ağır oyun gözləyir. Moldova yığması çox yaxşı komandadır. Buna baxmayaraq, oyuna yaxşı hazırlaşmışıq. Moldovanın oyunlarını analiz etmişik. Baş məşqçi rəqibin oyunlarını izləyib. Bizi bu barədə məlumatlandırıb. Yoldaşlıq oyunları olmasına baxmayaraq, bizim üçün çox vacibdir. Sabahkı oyunda da yaxşı oyun göstərib qalib gəlmək istəyirik”.
 
Baş Sponsor 
Partnyorlar