az en
News / Sloveniya – Azərbaycan oyunöncəsi məşqçi fikirləri

Sloveniya – Azərbaycan oyunöncəsi məşqçi fikirləri

A Milli Dərc olundu: 10.11.2020 Çap
Lyublyanadakı “Stejiçe” stadionunda keçiriləcək Sloveniya – Azərbaycan yoldaşlıq oyunu öncəsi təşkil olunmuş mətbuat konfransında hər iki milli komandanın baş məşqçisinin və Azərbaycan komandasının üzvü Emil Balayevin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
Sloveniya – Azərbaycan oyunöncəsi məşqçi fikirləri
Canni De Byazi (Azərbaycan milli komandasının baş məşqçisi): “Hamını bu böyük gün, qələbə münasibətilə təbrik edirəm. Azərbaycan xalqı bu səhər yuxudan artıq qalib xalq kimi oyanıb. Nəhayət, 30 illik münaqişəyə son qoyulur. Azərbaycan xalqına ən səmimi arzularımı çatdırıram. Sabahkı oyunda daha çox yeni cəlb etdiyimiz oyunçulara şans verəcəyəm. Oyuna yaxşı hazırlaşmaq üçün yetərli vaxtımız olmayıb. Toplanışa dəvət olunan futbolçularla bərpa məşqləri keçmək imkanımız olub. Bütün oyunlar bizim üçün vacibdir. Sabah da qalib gəlmək üçün mübarizə aparacağıq.
Hər zaman demişəm, millinin qapısı hər bir futbolçunun üzünə açıqdır. Kim özünü yaxşı tərəfdən göstərsə, dəvət alacaq. Kim verilən şansdan istifadə edə bilməsə, özünü doğrultmasa, millinin qapısı üzünə bağlana bilər”.
 
Emil Balayev: “Bizim üçün əlamətdar gündür - zəfər günüdür. Ali Baş Komandanı və xalqımızı təbrik edirəm. 30 illik yaramız sağaldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Baş məşqçimiz bəzən mənə, bəzən Şahruddinə şans verir. Bu, komandadaxili rəqabətdir. Futbolçuların işi məşqlərdə özünü maksimum göstərmək, məşqçinin rəğbətini qazanmaqdır. Qalanı məşqçinin fikridir. Bizim aramızda sağlam rəqabət var. Mən də öz şansımız gözləyib gələcəkdə daha çox şans əldə etmək istəyirəm”.
 
Matyaj Kek (Sloveniya milli komandasının baş məşqçisi): “Yoldaşlıq oyunu olmasına baxmayaraq, nəticə qazanmaq həmişə vacibdir. Sabahkı oyunda da qalib gəlmək üçün meydana çıxacağıq. Beynəlxalq yoldaşlıq oyunu olduğundan ilk dəfə milliyə dəvət olunan və daha az şans qazanan futbolçulara şans verəcəyəm. Azərbaycan fiziki cəhətdən güclü və öz oyun tərzi olan komandadır. Dediyim kimi, istənilən oyunda qələbə qazanmaq bizim üçün vacibdir”.
 
Baş Sponsor 
Partnyorlar