Bu gün AFFA ilə Türkiyənin məşhur kişi geyim brendi "Kiğılı" arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib.
AFFA-nın inzibati binasında təşkil olunmuş imzalanma mərasimində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, "Kiğılı" şirkətinin baş icraçı direktoru Hilal Suerdem, Azərbaycan milli komandasının üzvləri Araz Abdullayev və Sərtan Taşkın iştirak ediblər. Mərasimə videozənglə qoşulan "Kiğılı" şirkətinin təsisçisi və sahibi Abdullah Kiğılı iştirakçıları salamlayıb, qeyd edilən müqavilənin imzalanmasından məmnunluğunu ifadə edib və Azərbaycan milli komandasına uğurlar arzulayıb.
2022-ci ilin sonunadək imzalanmış müqaviləyə əsasən, Azərbaycan milli komandasının üzvləri “Kiğılı” brendinə məxsus kostyumlarla təmin olunacaqlar.
“Kiğılı” şirkəti 1938-ci ildə parça satmaq məqsədi ilə qurulub və 1965-ci ildə ilk geyim satış mağazasını həmin dövrün ən məşhur alış-veriş mərkəzlərindən olan İstanbulun İstiqlal küçəsində açıb. Qısa zamanda Türkiyənin ən öndə gedən geyim markalarından birinə çevrilmiş “Kiğılı” ölkə xaricində də fəaliyyətini uğurla davam etdirir.
"Kığılı" şirkətinin hazırda Bakı və Gəncə şəhərlərində 4 mağazası fəaliyyət göstərir və bu yaxınlarda daha 2 mağaza açılacaq.