Bakının Nizami rayonu ərazisində tikilmiş “8 km stadionu” AFFA tərəfindən “Bakcell Arena” adlandırılıb. Bu məqsədlə 22 fevral 2013–cü il tarixində Bakcell-in ofisində müqavilə imzalanıb. Müqaviləni Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer və AFFA-nın baş katibi Elxan Məmmədov imzalayıb.
 
Qeyd edək ki, ümumi ərazisi 22 min 500 kv.m. olan stadionun tikintisinə 2010-cu ilin may ayında başlanıb və beynəlxalq standartlara cavab verən stadion qısa müddət ərzində istifadəyə verilib.
 
11 min tamaşaçı yeri olan “Bakcell Arena” ümumi, media və VİP olmaqla üç giriş hissədən və beş sektordan ibarətdir. Tribunada ailə baxış və 17 skayboks VİP, tribunanın alt hissəsində komandaların istifadəsi üçün dörd soyunma- geyinmə, məşqçilər, hakimlər, həkimlər, mətbuat nümayəndələri üçün otaqlar və konfrans zalları, dopinq-nəzarət və digər otaqlar yerləşir. Stadionun 400 avtomobil tutumu olan dayanacağı var.
 
Stadionun girişindən tutmuş tribunalara və soyunma-geyinmə otaqlarına qədər hər yer xüsusi brendinq planına uyğun olaraq yüksək səviyyədə tərtib olunub.
Bakcell şirkətinin milli tərəfdaşı olduğu FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin bir çox oyunu burada keçirilib.
 
 “Azərbaycanın futbol azarkeşləri Bakcell-in futbolun inkişafına göstərdiyi qayğı və diqqəti hər zaman hiss edir. Biz ölkədə futbolun inkişafı üçün səylər göstəririk. Ötən il biz bu istiqamətdə AFFA ilə sıx əməkdaşlığa başlamışıq. Sponsorluq və adlandırma vasitəsilə stadionların imkanlarının gücləndirilməsi və inkişafı bütün dünyada geniş yayılmış bir ənənədir. Biz Azərbaycanda AFFA- nı və ümumilikdə futbolu dəstəkləməkdən məmnunuq. “Bakcell Arena” böyük bir brenddir, böyük oyunu və böyük stadionu bir araya gətirən unikal layihədir. Bir çox başqa sahələrdə olduğu kimi, biz bu sahədə də birinci olmaqdan çox məmnunuq” - deyə Bakcell şirkətinin Baş icraçı direktoru cənab Riçard Şirer bildirib.
 
AFFA-nın baş katibi Elxan Məmmədov isə fikrini belə izah edib: "AFFA tərəfindən stadionun adlandırılması ilə bağlı keçirilən tenderdə iştirak etdiyinə və qalib gəldiyinə görə Bakcell şirkətinin kollektivini təbrik edir və birgə əməkdaşlıq yolunda uğurlar arzulayıram. FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012- nin milli tərəfdaşlarından biri olan Bakcell çempionatın keçirilməsinə öz dəstəyini göstərib. Bununla yanaşı, qeyd etmək istərdim ki, Bakcell stadionun adını almaqla bir kommersiya şirkəti olaraq bu sahədə ölkəmizdə daha bir ilkə imza atdı. Bu onu göstərir ki, ölkəmizdə futbolun inkişafı naminə həyata keçirilən kompleks tədbirlər ondan reklam və sosial məsuliyyət sahəsində də istifadə olunmasına geniş zəmin yaradır. "
 
23 Fevral 2013-cü ildə  AFFA tərəfindən inşa edilmiş 8 KM stadionunda "Bakcell Arena"nın adını əks etdirən lövhənin açılış mərasimi keçirilib. Mərasimdə AFFA-nın prezidenti Rövnəq Abdullayev və "Bakcell"in baş icraçı direktoru Riçard Şirer iştirak edib.
 
R.Abdullayev çıxış edərək bu stadionun müasir tələblərə cavab verdiyini qeyd edib: "Ötən il FIFA U-17 qadınlararası dünya çempionatının bir neçə oyunu bu stadionda keçirildi. "Bakcell Arena" uğurlu infrastruktur layihələrindən biridir. Sevindirici haldır ki, artıq yerli şirkətlər futbol sahəsinə maraq göstərir. Bildiyiniz kimi, bu stadionun adı üçün AFFA tender elan etdi və tenderin qalibi "Bakcell" şirkəti oldu. İnanırıq ki, bu əməkdaşlıq hər iki tərəf üçün səmərəli olacaq və gələcəkdə başqa şirkətlər də futbol sahəsinə sərmayə yatırmağa çalışacaq".
 
"Bakcell" şirkətinin baş icraçı direktoru AFFA ilə əməkdaşlıqdan məmnun olduqlarını qeyd edib: “Şadıq ki, AFFA ilə əməkdaşlıq edirik. Biz bunun bəhrəsini ötən il gördük. Çünki Azərbaycanda keçirilmiş mundialda AFFA-nın partnyorlarından biri də biz idik. Bu stadionda ölkə çempionatının oyunları da təşkil olunur. Hazırda “Neftçi” Azərbaycanın ən güclü klublarından biridir. Sevinirik ki, məhz bu komanda bizim şirkətin adını daşıyan stadionda ev oyunlarını keçirir”.
 
Çıxışlardan sonra Rövnəq Abdullayev və Riçard Şirer "Bakcell Arena"nın adını əks etdirən lövhənin üzərindən ağ parçanı götürüb.