Johan Cruyff Institute idman, xüsusilə futbol sahəsində ixtisaslaşmış aparıcı beynəlxalq təhsil müəssisələrindən biridir. 1999-cu ildən fəaliyyət göstərən institut idman menecmenti, futbol biznesi, idman marketinqi, liderlik və əlaqəli sahələr üzrə mütəxəssislərin bilik və bacarıqlarının inkişafına töhfə verir.
İnstitutun əsas missiyası idmanda peşəkar idarəetmənin inkişafını dəstəkləmək, idman təşkilatlarında çalışan mütəxəssislərin idarəçilik, strateji düşünmə və liderlik bacarıqlarını gücləndirmək, həmçinin beynəlxalq səviyyədə innovativ yanaşmaların tətbiqinə töhfə verməkdir.
Johan Cruyff Institute bu gün bir neçə ölkədə fəaliyyət göstərir, 90-dan çox təhsil proqramı təqdim edir və dünyanın müxtəlif ölkələrindən olan 11 000-dən artıq məzunu birləşdirən qlobal şəbəkəyə malikdir. Təhsil proqramları idman menecmenti, futbol biznesi, idman marketinqi, sponsorluq, liderlik, rəqəmsal transformasiya və digər müvafiq istiqamətləri əhatə edir.
İnstitut idman sahəsində fəaliyyət göstərən mütəxəssislərə, idman təşkilatlarının əməkdaşlarına, keçmiş və hazırkı idmançılara, eləcə də idman idarəçiliyi sahəsində karyera qurmaq istəyən şəxslərə beynəlxalq təhsil imkanları təqdim edir.
AFFA və Johan Cruyff Institute arasında əməkdaşlıq çərçivəsində Azərbaycanda idman və futbol sahəsində təhsil almaq istəyən şəxslər institutun proqramlarına daha əlçatan və güzəştli şərtlərlə müraciət edə bilərlər. Əməkdaşlıq çərçivəsində qəbul olunan namizədlər müxtəlif proqramlar üzrə 10–20 faiz aralığında təhsil haqqı güzəştlərindən yararlana bilərlər.