az en
Təqvim Cədvəl Əsasnamə
 
2019/2020-ci il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən ümumtəhsil məktəblərinin V-VI sinif şagirdləri arasında keçirilən U-11 Qızlar Liqasının
 
Əsasnaməsi
 
1. Əsas müddəalar
 
1.1 Bu qaydalar liqada iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
 
2. Məqsəd və vəzifələr
 
2.1 U-11 Qızlar Liqası aşağıdakı məqsədlər üçün keçirilir:
Məktəbli uşaqlar arasında futbolun təbliği və kütləviliyin artırılması;
Uşaq qız futbolçuların ustalığının yüksəldilməsi;
Uşaqların idmana marağının artırılması və zərərli vərdişlərdən uzaqlaşdırılması;
Məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlar arasında dostluq əlaqələrinin yaradılması, sağlam həyat tərzinin təbliğ edilməsi.
Komandaların mövsümün yekununda tutduqları yerin müəyyən edilməsi. 
 
3. İştirakçıların müəyyən olunması
 
3.1 U-11 Qızlar Liqasında komandalara iştirak hüququnu AFFA verir. 
3.2 U-11 Qızlar Liqasında bir məktəb bir komanda ilə təmsil oluna bilər. 
3.3 U-11 Qızlar Liqasında oynayan futbolçular ancaq oxuduqları məktəbi təmsil edə bilərlər. 
 
4. Futbolçuların təvəllüdləri və liqalardakı iştirakı
 
 4.1  U-11 Qızlar Liqasında Təhsil Nazirliyinin dəstəyi, AFFA-nın təşkilatçılığı ilə həyata keçirilən "Məktəblərdə futbol dərsi" layihəsinə qoşulan Bakı şəhərinin 15 ümumi təhsil məktəbinin 11 yaşlı V və VI sinif şagirdləri (2008 və 2009-cü il doğum tarixli) iştirak edə bilər. 
 
5. Qeydiyyat qaydaları
 
5.1 U-11 Qızlar liqasında iştirak edən qız futbolçular AFFA-nın təşkilatçılığı ilə həyata keçirilən "Məktəblərdə futbol dərsi" layihəsi üzrə qeydiyyatdan keçmiş iştirakçılardır.
5.2 U-11 Qızlar liqasında iştirak üçün sifariş sənədləri Qadınlar liqasının təşkili şöbəsinə müəyyən edilmiş vaxtda çatdırılmalı və yoxlandıqdan sonra Qeydiyyat və Statistika şöbəsinə təqdim edilməlidir. Sənədlər gec təqdim olunacağı təqdirdə məktəb turnirə buraxılmayacaqdır. Qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər tələb olunur:
a) AFFA tərəfindən xüsusi hazırlanmış sifariş vərəqəsi (şəkil və möhür olmaq şərti ilə) - 1 nüsxə 
b) Şəxsiyyəti təsdiq edən sənədin surəti (doğum haqqında şəhadətnamə, səxsiyyət vəsiqəsi və ya xarici pasport) - 1 nüsxə
c) Elektron formatda təqdim olunan 3x4 ölçüdə fotoşəkil
d) Məşqçilər üçün onların təhsilini, məşqçilik kursları (UEFA Pro, A, B, C) və digər xüsusi kurslarda iştirak etdiklərini təsdiq edən sənədlərin (diplom, sertifikat və digər)  surətləri  (Əgər mövcuddursa).
e) Bütün oyunçular üçün həkim tərəfindən imzalanmış və möhürlənmiş tibbi sağlamlıq haqqında arayış.
f) Qeydiyyatdan əlavə oyunçu keçirmək istəyən komandalar ən gec oyundan iki gün əvvəl müraciət etməlidir. 
 
5.3 Hər bir futbolçu eyni zamanda yalnız bir komandada qeydiyyatda ola bilər.
5.4 Komandanın əlavə sifariş etmək hüququna məhdudiyyət yoxdur.
5.5 Bütün təqdim olunan sənədlərə görə baş məşqçi məsuliyyət daşıyır.
 
6. Komanda tərəfindən təqdim olunmuş futbolçuların saxta sənədləri
 
6.1 Mövsüm ərzində aşağıda göstərilən hallar sənədlərin saxtalaşdırılması kimi qəbul olunur:
a) Sifariş zamanı təqdim olunan aşağıdakı sənədlər saxta olarsa:
Doğum haqqında şəhadətnamə
Şəxsiyyət vəsiqəsi
Tibbi arayış
Elektron formatda təqdim olunan 3x4 ölçüdə fotoşəkil və s.
b) Sifariş vərəqəsində adı qeyd olunmamış futbolçunu oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı;
Qeyd: Saxtakarlığa yol verən komandanın məşqçisinin əmək haqqından müvafiq qaydada 100% miqdarında tutulur. 
 
6.2 Yuxarıda göstərilən hallar aşkarlanarsa, bu cəzalar Qadınlar liqasının təşkili şöbəsi  tərəfindən tətbiq oluna bilər:
a) Futbolçunun iştirak etdiyi bütün oyunların nəticələrinin ləğvi (texniki məğlubiyyət);
b) Məşqçinin yarışda iştirak etmək üçün verilən lisenziyasının 12 aylıq ləğvi;
c) Məşqçinin məşqçilik lisenziyasının (Pro, A, B, C) ləğvi;
ç) Komandanı təmsil etdiyi quruma xəbərdarlıq məktubunun göndərilməsi;
d) Məşqçinin futbolla bağlı fəaliyyətdən 12 aylıq uzaqlaşdırılması və s.
 
7. İştirakçı komandanın öhdəlikləri
 
7.1 İştirakçı komandalar bu Əsasnamənin bütün bəndinə riayət etməlidirlər.
7.2 İştirakçı komandalar FİFA tərəfindən tərtib olunmuş Fair Play prinsiplərinə riayət etməlidirlər.
7.3 Komandalar onları təmsil edən hər hansı bir şəxsin (futbolçular, rəsmi şəxslər, azarkeşlər və s.) davranışına görə məsuliyyət daşıyırlar.
7.4 Ev sahibi komanda oyunu topla təhciz etməlidir.
7.5 Hər komanda əlaqələndirici şəxsi təyin etməlidir və onu tələb olunan qaydada qeydiyyatdan keçirməlidir. Klub anketində əlaqə telefonu, elektron poçtun ünvanı (e-mail) və.s göstərilməlidir.
 
Oyun forması ilə bağlı qaydalar:
 
7.6 U-11 Qızlar Liqasının komandalarının formalarının üzərində həmin Liqanın şevronu əks oluna bilər. 
7.7 U-11 Qızlar Liqasında forma seçimində üstünlük ev sahibi komandaya verilir. 
7.8 Qarşılaşan komandaların forma rəngləri eyni olduqda, protokolda nominal qonaq qismində qeyd olunmuş komanda AFFA tərəfindən təqdim olunmuş oyun gödəkçələrini geyinir.
7.9 Futbolçunun oyun formasının kürəyində nömrəsi olmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının altında qoruyucular (şitki) olmalıdır.
7.10 İştirakçı komanda sponsorun loqosunu futbol maykasının üzərində əks etdirmək istədikdə, bu haqda öncədən Qadınlar Liqasının təşkili şöbəsinə məlumat verməlidir.
 
8. Yarışın keçirilmə sistemi
 
8.1 U-11 Qızlar Liqası 4 zonaya bölünür və dairəvi sistem üzrə keçirilir (yarımfinal və final oyunlarından ibarətdir). Yarış 2 dövrədən ibarət olacaqdır. Qrup mərhələsindəki oyunlar arasındakı fasilə minimum 1 həftə olacaqdır.  
8.2 U-11 Qızlar Liqasının təqvimi zonalar üzrə tərtib olunur. İlkin olaraq eyni zonaya aid ümumtəhsil məktəbləri bir-birilə görüşür və hər zonanın I və II yeri tutan komandaları final oyunlarına vəsiqə qazanır (toplam 8 komanda). Hər bir komanda qrup mərhələsi çərçivəsində 2 oyun (ev-səfər olmaqla) keçirəcək. İki oyunun nəticəsinə uyğun olaraq qalib gələn komandalar final mərhələsində mübarizə aparacaqlar.  
8.3 Oyunlar №4 toplarla keçirilir. 
8.4 U-11 Qızlar Liqasının oyunlarını AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər idarə edəcək.
8.5 Komandaların birinci dövrədə topladığı xallar növbəti dövrədə qüvvədə qalır.
8.6 Yarışın təqvimi Qadınlar Liqasının təşkili şöbəsi tərəfindən tərtib olunur. 
 
Qaliblərin müəyyən olunması
 
8.7 Birinci və ikinci dövrələrdə qaliblərin müəyyən olunması aşağıdakı kimidir: 
8.8 Komandaların turnir cədvəlində tutduğu yerlər toplanmış xallara görə müəyyən olunur.
8.9 Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə görə isə xal verilmir. 
8.10 Komandaların xalları bərabər olarsa, turnir cədvəlindəki sıralama aşağıdakı göstəricilərə görə müəyyən olunur:
8.11 Komandaların öz aralarında keçirdikləri oyunlarda qazandıqları xallara əsasən;
8.12 Komandaların öz aralarında keçirdikləri oyunlarda vurulmuş və buraxılmış qolların sayına əsasən;
8.13 Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə;
Bütün oyunlarda vurulmuş qolların sayına əsasən;
Komandaların qələbə saylarına əsasən;
Ən az qırmızı və sarı vərəqələrə görə toplanmış xalların fərqinə əsasən (sarı vərəqə 1 xal, qırmızı vərəqə 3 xal);
 
Final mərhələsi
 
8.14 Final mərhələsində 8 komanda iştirak edir. 
8.15 Final mərhələsi 1/4, 1/2 mərhələlərindən, III yer uğrunda oyun və final oyunundan ibarətdir.
8.16 Final mərhələsinin 1/4 final cütlükləri püşkatma yolu ilə müəyyən olunur.
8.17 1/2 final mərhələsində məğlub olan komandalar üçüncü yer uğrunda, qaliblər isə çempionluq uğrunda mübarizə aparır.
8.18 Final mərhələsindəki oyunlarda ev, səfər sistemi tətbiq olunacaqdır. Hər bir komanda iki oyun oynayacaq və oyunlar Qadınlar liqasının təşkili şöbəsinin müəyyənləşdirdiyi mərkəzləşdirilmiş meydanda keçiriləcək. İki oyunun nəticəsinə əsasən qalib müəyyənləşməzsə, qalib penaltilər seriyasında müəyyənləşir. Hər komanda ilkin olaraq 5 zərbə vurmaq hüququna malikdir. Əgər 5 zərbədən sonra qalib müəyyənləşməzsə, penalti zərbələri qalib müəyyənləşənə qədər davam etdirilir. 
 
9. Meydan
 
9.1 Birinci mərhələnin oyunları məktəb meydanlarında (təqvimdə adı birinci qeyd olunan komanda ev sahibi hesab olunur), final mərhələsinin oyunları isə AFFA tərəfindən təyin olunmuş meydanlarda keçiriləcəkdir. Oyunlar zamanı həkim briqadası AFFA tərəfindən təmin olunacaq.
 
10. Oyunun təşkili
 
10.1 U-11 Qızlar Liqasının oyunları həftə içi (dərs günləri) keçirilir. İstisna hal kimi digər günlər Qadınlar Liqasının təşkili şöbəsi tərəfindən təyin oluna bilər.
10.2 Qadınlar Liqasının təşkili şöbəsi hər turdan öncə oyunların vaxtı ilə əlaqədar komandadakı əlaqələndirici şəxsə məlumat verir. 
10.3 Komandalar oyunun başlanmasına ən azı 30 dəqiqə qalmış oyun keçirilən meydana gəlməlidirlər. Oyunun başlanmasına ən azı 15 dəqiqə qalmış oyunun protokoluna nömrələri göstərilməklə futbolçuların adları və soyadları yazılmalı, futbolçuların çap olunmuş sifariş vərəqələri ilə birlikdə hakimə təqdim edilməlidir. Oyundan əvvəl sifariş vərəqələri oyunun hakiminə təqdim edilmədiyi halda hakim oyunu başlamamalıdır. Sifariş vərəqəsi komandalar tərəfindən çap olunub hakimə təqdim olunmalıdır. 
10.4 Oyun başlayan vaxt komanda meydanda olmazsa, aldığı yol xərcinin 50% miqdarında cəzalandırılır. Təyin olunan vaxtdan sonrakı 20 dəqiqə ərzində komanda meydanda olmadığı təqdirdə pul cəzası 100%-ə çatdırılır və oyunun protokolu bağlanılır (Fors-major hallara rast gəlinərsə, komanda bu haqda təcili Qadınlar Liqasının təşkili şöbəsinə məlumat verməli və Qadınlar Liqasının təşkili şöbəsi bu halları araşdırıb müvafiq qərar verməlidir). 
10.5 U-11 Qızlar Liqasında bütün komandalar AFFA tərəfindən nəqliyyat xərcləri ilə təmin olunur.
10.6 Təqvimə uyğun olaraq adı birinci yerdə olan komanda ev sahibi hesab edilir.
 
11. Oyun qaydaları
 
11.1 Bütün oyunlar FİFA oyun qaydalarına əsasən keçirilir.  
11.2 Oyunların keçirilmə müddəti yarışın təqvimi ilə müəyyən olunur. Oyunlar iki hissədən ibarətdir. Hər hissə 15 (on beş) dəqiqə, hissələrarası fasilə isə 5 (beş) dəqiqədir. Matçın elektron protokoluna minimum 10 (6 əsas, 4 ehtiyat olmaqla) maksimum 15 qız futbolçunun ad və soyadı daxil edilə bilər. 
11.3 Yalnız rəsmi heyətdən 3 nəfər və 4 futbolçunun ehtiyat skamyalarında oturmalarına icazə verilir. 
11.4 Top qapı xəttindən kənara çıxarsa top meydana ayaq ilə daxil olunmalıdır (top oyuna qapıdan əllə deyil, ayaq ilə daxil olunur)
11.5 Texniki zonada siqaret çəkmək qadağandır.  
 
12. Oyun zamanı futbolçuların əvəzlənməsi
 
12.1 Oyun ərzində hər komandada limitsiz və təkrar əvəzetmə mümkündür.
12.2 Meydana daxil olmağa hazırlaşan futbolçu hakimə çap olunmuş sifariş vərəqəsi ilə yaxınlaşmalıdır. Oyunlarda əvəzetmə matçın elektron protokolunda adları göstərilmiş futbolçularla həyata keçirilir.
12.3 Oyun ərzində ehtiyat futbolçular isinmə hərəkətlərini etmək üçün texniki zonanı tərk edə bilər. Oyunun hakimi oyundan öncə isinmə hərəkətləri üçün təyin olunmuş yerləri komandalara göstərir. İsinmə hərəkətlərini 3 futbolçu eyni zamanda edə bilər.                
                                                                     
13. Oyunun protokolu
 
13.1 Oyundan öncə hər komanda elektron qaydada hazırlanmış protokolu hakimə göndərməlidir (və ya elektron qaydada hazırlanmış protokol çap edilərək oyundan öncə hakimə təqdim olunmalıdır). 
13.2 Protokolda futbolçunun adı, soyadı, təvəllüdü və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat skamyada oturan rəsmi şəxslərin adı, soyadı və vəzifəsi yazılmalıdır. Elektron protokolun çap olunmuş forması hər iki komandanın rəsmi şəxsləri tərəfindən imzalanmalıdır.
13.3 İlk 6-lıq kimi protokolda göstərilən futbolçular oyuna başlayır. Digər 4 futbolçu ehtiyat skamyasında əyləşir. Futbolçuların futbol formalarında göstərilən nömrələr, protokoldakı nömrələrlə uyğun gəlməlidir.
13.4  Komandalar oyundan ən azı 15 dəqiqə öncə protokolu baş hakimə təqdim etməlidirlər.
13.5 Oyunun başlaması üçün hər komandanın əsas heyətində minimum 6 nəfər futbolçu olmalıdır. Əks halda oyun baş tutmamış sayılır, məşqçinin əmək haqqının 100% miqdarında cəzalandırılır  və oyunun protokolu bağlanılır. 
 
14. Oyun protokolunda futbolçu adlarının yer dəyişməsi
 
14.1 Hər iki komanda tərəfindən imzalanmış oyun protokolu hakimə təqdim olunduqdan sonra futbolçuların adlarının protokolda dəyişilməsi qadağandır. İstisna hallar aşağıdakılardır:
Əgər ilk 6-lıqda göstərilən hər hansı futbolçunun oyundan öncə fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman 4 ehtiyat futbolçudan biri ilk 6-lığa daxil ola bilər. Bu halda oyun ərzində komandanın 4 əvəzetmə ehtiyatı öncədən göstərildiyi kimi qüvvədə qalır. 
Əgər oyun protokolunda göstərilən 4 ehtiyat futbolçudan hər hansı birinin fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman protokolda göstərilməyən, lakin sifariş vərəqəsində adı olan digər bir futbolçu ilə əvəzlənə bilər. 
 
15. Oyunlarda iştirakdan imtina və oyunların dayandırılması
 
15.1 Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə, texniki məğlubiyyət verilir.
15.2 Səbəbindən asılı olmayaraq (yaş limitinin pozulması; yetər say olmadığı halda; oyuna gəlmədiyi halda və s.) çempionat ərzində 3 texniki məğlubiyyət alan komanda avtomatik turnirdən kənarlaşdırılır.
15.3 Əgər oyun başlandıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, Qadınlar Liqasının təşkili şöbəsi klub və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər. Oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcəkdir.
 
16. Hakimlik və İnspeksiya
 
16.1 U-11 Qızlar Liqasının oyunlarını AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakim idarə edir və hakimlik FİFA qaydaları əsasında həyata keçirilir. Hakimlər Komitəsi U-11 Qızlar Liqasının oyunlarına 1 nəfərdən ibarət hakim təyin edir. 
16.2 Hakim oyunun başlanmasından 60 dəqiqə öncə gəlib, meydanın oyuna hazırlıq vəziyyətini yoxlamalıdır. 
16.3 Protokollar oyun bitdikdən sonra növbəti günü saat 11:00 qədər AFFA-nın Qadınlar Liqasının təşkili şöbəsinin koordinatoruna elektron poçt vasitəsilə göndərilməlidir.
16.4 Baş hakim oyunun elektron protokoluna adı daxil edilmiş futbolçuların sənədlərini mütləq yoxlamalıdır. Oyuna sifariş edilmiş futbolçuların və iştirakçıların sifariş vərəqələrini zərurət olduqda oyunun sonunadək baş hakimdə qala bilər. 
16.5 Komandalar tərəfindən hakimlərin dəyişdirilməsi ilə əlaqədar xahiş qəbul olunmur.
 
17. Cəzalar
 
17.1 Qırmızı vərəqə alan oyunçu meydanı 5 dəqiqəlik tərk edir. Həmin oyunuçunun əvəzinə ehtiyatda olan oyunçu meydana daxil ola bilər.
17.2 Qırmızı vərəqə alan oyunçu komandanın keçirəcəyi növbəti oyunu buraxmır (Cəzalar növbəti mərhələyə aid edilmir).
17.3 Heyətində sənədi saxtalaşdırılan futbolçu aşkarlanan komanda dərhal yarışdan kənarlaşdırılır və nəticələri ləğv olunur.
17.4 Hər hansı saxtakarlıq edən komandanın məşqçisi (müəllimi) yarışlarda iştirak hüququnu itirir.
 
18. Protestlər
 
18.1 Protest verən baş məşqçi oyundan dərhal sonra bu barədə baş hakimi xəbərdar etməlidir. Protestin verilməsi oyunun protokolunda öz əksini tapmalıdır. Oyunun gedişində ciddi münaqişələr baş verərsə, oyunun baş hakimi AFFA-nın Qadınlar Liqasının təşkili şöbəsinə öz izahatlarını göndərməlidirlər. Protest komandanın baş məşqçisi tərəfindən imzalanmalı, 24 saat ərzində AFFA-nın Qadınlar Liqasının təşkili şöbəsinə çatdırılmalıdır.  
18.2 Oyun zamanı hakimin verdiyi qərarlar müzakirə olunmur. 
18.3 İntizam Komitəsinin qərarlarından qərar alındığı gündən 15 (on beş) gün ərzində AFFA Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verilə bilər.  Apellyasiya Arbitraj Tribunalının qərarı yekun qərardır.
 
19. Mükafatlandırma
 
Final mərhələsi
19.1 Liqada ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla və AFFA-nın diplomları ilə təltif olunur.
19.2 Mövsümün sonunda liqanın bombardiri (ən məhsuldar oyunçusu) və ən yaxşı futbolçusu seçilərək dəyərli hədiyyələrlə mükafatlandırılır.
 
20. Mətbuat
 
20.1 Oyundan sonra müraciət olunduqda hər hansı futbolçu, məşqçi və komanda rəsmisindən AFFA-nın mətbuat nümayəndələri müsahibə almaq hüququna malikdirlər.
 
21. İştirakçı komandaların təminatı
 
21.1 Mövsüm ərzində AFFA tərəfindən müəyyən olunmuş komandalar aşağıdakı bəndlər üzrə təmin olunur:
a) Oyun gödəkçələri (jilet)
b) Nəqliyyat 
 
22. Reklam lövhələri və aksiyaları
 
22.1  Meydanda tələb olunarsa reklam lövhələri yerləşdirilməlidir. 
 
 
 
 
Baş Sponsor 
Proyekt Partnyorları