Coca-Cola Məktəbli Kuboku

22.06.2011 AFFA-nın inzibati binasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Coca-Cola Bottlers Ltd arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib. Tədbirdə ilk olaraq AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edib: «Son dövrlərdə Azərbaycan futbolunun inkişafı məqsədilə görülən işlər, bu istiqamətdə əldə olunan konkret nəticələr, ölkəmizdə futbolun kütləviliyinin təmin olunması, uşaq futbolunun tərəqqisi, infrastrukturun müasir tələblər səviyyəsinə çatdırılması üçün həyata keçirilən məqsədyönlü tədbirlər müsbət nəticələr verməkdədir. Sevindirici haldır ki, futbolun inkişafı məqsədilə görülən işlər ölkəmizdə fəaliyyət göstərən nüfuzlu şirkətlərin diqqətini cəlb edir və onlar da bu prosesin iştirakçısı ola bilmək üçün AFFA ilə əməkdaşlıq edirlər. Bu gün AFFA ilə Coca-Cola Bottlers Ltd arasında bağlanan müqavilənin Azərbaycan futbolunun inkişafına dəyərli töhfələrini verəcəyinə ümid edirəm. Əməkdaşlığımızın U-13 Liqası və Məktəbli kuboku layihələrini əhatə etməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki uşaq futbolunun inkişafı və kütləviliyin təmin olunması baxımından bu layihələrin ölkə futbolunda xüsusi rolu var».
 
Sonra U-13 Liqasının və Məktəbli kubokunun 2010-2011-ci il mövsümünün oyunlarından hazırlanmış videoçarx nümayiş olunub. Ardınca Coca-Cola-nın baş meneceri Lisani Atasayan çıxış edib:«Mən bu gün «Coca-Cola Company» və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası arasında tərədaşlıq münasibətlərini möhkəmləndirən U-13 liqasına və Coca-Cola Məktəbli Kubokuna dəstək haqqında sazişı xoşbəxtlik və iftixar hissi ilə imzalayıram.
 
Biz Azərbaycan futbolunun tərkib hissəsi olmaqla gələcək Azərbaycan və dünya futbol ulduzlarının yetişdirilməsi işində çalışmağımızdan məmnunuq. Bu tərəfdaşlıq həm Bakıda, həm də yerlərdə yeniyetmə futbolunun inkişafına yardım göstərəcək.
 
Sağlam həyat tərzinə dəstək – daim Coca-Cola şirkətinin prioritetləri sırasındadır. Biz Azərbaycanın idman hərəkatının tərəqqisinin tərkib hissəsi olmağımızdan məmnunluq duyuruq.
 
Bu tərəfdaşlıq ittifaqının işlənib hazırlanmasında iştirak edənlərin hamısına minnətdarlığımı bildirirəm və gələcək müvəffəqiyyətlərə inanıram».
Sonra AFFA-nın baş katibi Elxan Məmmədov və Coca-Cola-nın baş meneceri Lisani Atasayan müqaviləni imzalayıblar.
 
E.Məmmədov Azərbaycan milli komandasının futbolkasını Coca-Cola şirkətinə hədiyyə verib. Öz növbəsində, L.Atasayan təmsil etdiyi şirkətin xatirə hədiyyəsini AFFA-ya təqdim edib.
 
Tədbirin sonunda brifinq təşkil olunub. Coca-Cola-nın baş meneceri Lisani Atasayan və AFFA-nın baş katibi Elxan Məmmədov mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.
 
Qeyd edək ki, 5 illik müddəti əhatə edən müqavilə çərçivəsində AFFA və Coca-Cola şirkəti iki layihə üzrə – «U-13 Coca-Cola Liqa» və «Coca-Cola Məktəbli kuboku» – əməkdaşlıq edəcək. Müqavilə müddəti ərzində Coca-Cola Bottlers Ltd tərəfindən AFFA-ya nəzərdə tutulan layihələr üçün 1 milyon 75 min ABŞ dolları məbləğində vəsait köçürüləcək.