Bakcell & Milli komandalar

2013-cü il dekabrın 17-də “Hilton Baku" otelində AFFA və Bakcell şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanması və milli komandaların ən yaxşı futbolçularının mükafatlandırılması mərasimi keçirilib.
 
Son illərdə Azərbaycanda futbolun inkişafına xüsusi diqqət göstərən Bakcell şirkəti bir sıra uğurlu layihələr həyata keçirməklə yanaşı 2012-ci ildə FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012 çərçivəsində AFFA ilə əməkdaşlığa başlayıb. Bu uğurlu başlanğıcdan sonra 2013- cü ilin yanvar ayında AFFA- nın inşa etdiyi stadionuna Bakcell Arena adı verilib. "Futbol Bakcell ilə" layihəsi çərçivəsində görülən çoxsaylı işlər, Mançester Yunayted klubunun Yay Futbol Məktəbinin Bakıda təlim- məşq toplanışının təşkili və bu toplanışda fərqlənən uşaqların Mançester şəhərində keçirilən yay futbol məktəbinə yollanılması Bakcell şirkətinin AFFA ilə birgə həyata keçirdiyi uğurlu layihələrin nəticəsidir.
 
"Bakcell Azərbaycan milli futbol komandasına dəstək olmaqdan qürur duyur. Biz növbəti 5 il ərzində milli komanda və AFFA ilə birlikdə uğur qazanacağımıza inanırıq. Futbol bir xalq oyunudur, Bakcell isə xalqın mobil operatorudur. Ona görə də biz futbola bu qədər yaxınıq və bununla fəxr edirik. Futbol eyni zamanda qlobal səviyyəli bir oyundur; o, bütün dünyada və bütün cəmiyyətlərdə insanların maraq dairəsindədir. Biz inanırıq ki, Azərbaycan futbolunun bğyük potensialı var və bu potensial ölkə futbolunu irəliyə aparmağa qadirdir. Ona görə də biz AFFA ilə əməkdaşlıq çərçivəsində bütün ölkə ərazisini əhatə edən işlərə dəstək veririk. Azərbaycanın futbol azarkeşləri “Bakcell”in futbolun inkişafına göstərdiyi qayğı və diqqəti hər zaman hiss edir. Biz ölkədə futbolun inkişafı üçün səylər göstəririk və bu məqsədlə AFFA ilə əməkdaşlıqdan məmnunuq", - deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.
 
AFFA-nın baş katibi cənab Elxan Məmmədov: "Azərbaycan futbolunun inkişaf etdirilməsi məqsədilə AFFA bir sıra şirkətlərlə əməkdaşlıq edir. Sevindirici haldır ki, ölkəmizdə fəaliyyət göstərən ən nüfuzlu şirkətlərdən biri olan Bakcell futbolumuza biganə deyil və bu idman növünün inkişafı naminə bizimlə əməkdaşlıq etməkdədir. Ötən il Azərbaycanda ilk dəfə FIFA turnirinin final mərhələsi təşkil olundu və U-17 qadınlararası dünya çempionatında bizim partnyorlarımızdan biri də Bakcell şirkəti idi. Bu gün bizim bir neçə birgə layihəmiz uğurla icra olunmaqdadır. Ümid edirəm ki, AFFA ilə Bakcell arasında imzalanan əməkdaşlıq müqaviləsi səmərəli birgə fəaliyyətimizə daha yaxşı zəmin yaradacaq".