Paşa Sığorta AFFA-nın rəsmi sığorta partnyoru elan edildi

21 dekabr tarixində Landmark biznes mərkəzində 2010-cu ilin ən yaxşı futbolçularının mükafatlandırılma mərasimi keçirildi. Tədbirdə ölkənin idman icmasının rəhbərləri, dövlətin və Milli Məclisin rəsmiləri, futbol hərəkatının veteranları, iri biznes təşkilatlarının rəhbərləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdi.
 
Tədbir zamanı Paşa Sığorta şirkətinin 2010/2011-ci illər üçün AFFA-nın rəsmi sığorta partnyoru təyin edilməsi ilə bağlı Razılaşmanın rəsmi imzalanması həyata keçirildi. AFFA-nın baş katibi və Paşa Sığorta şirkətinin İdarə Heyətinin sədri tərəfindən imzalanan Tərəfdaşlıq Razılaşmasına görə AFFA və Azərbaycanın futbol yığmasının əmlakı, nəqliyyat vasitələri, qəzalar və digər risklərinin sığortalanması, AFFA-nın Azərbaycanda və xaricdə keçirdiyi reklam kampaniyalarında Paşa Sığorta-nın fəal iştirakı, həmçinin AFFA-nın dəstəyi ilə həyata keçirilən xüsusi tədbirlərdə sığortaçının iştirak imkanı Paşa Sığorta şirkətinə verilir. İmzalanma mərasimindən sonra AFFA-nın baş katibi çıxış edərək Paşa Sığorta şirkətini AFFA-nın yeni tərəfdaşı vəzifəsində salamlamış və xüsusilə qeyd etmişdir ki, Paşa Sığorta milli futbol ittifaqının ilk rəsmi sığortaçısıdır. O, ölkənin digər iri bizneslərinə müraciət edərək onları da Paşa Sığorta-dan nümunə götürərək ölkədə futbol hərəkatını daha fəal dəstəkləməyə çağırmışdır. Öz növbəsində, Paşa Sığorta şirkətinin rəhbəri də Paşa Sığorta şirkətini öz sığorta partnyoru seçdikləri üçün AFFA prezidenti cənab Rövnəq Abdullayev və AFFA Katibliyinə öz minnətdarlığını bildirmiş və əminliklə qeyd etmişdir ki, tərəfdaşlığın ilk ili AFFA və Paşa Sığorta arasında uzun müddətli qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoyacaqdır.
 
Razılaşmanın imzalanması mərasimindən sonra tərəflər bir-birinə xatirə hədiyyələri təqdim etdilər. AFFA sığorta şirkətinə üzərində komanda oyunçularının imzaları olan yığmanın köynəyini, Paşa Sığorta isə AFFA rəhbərliyinə 2010/2011-ci illər üçün korporativ sığortaçının qızıl kartını hədiyyə etdi.
AFFA və Paşa Sığorta rəsmi sığorta əməkdaşlığına dair Sazişin uzadılmasını elan etdilər Paşa Sığorta AFFA-nın rəsmi sığorta partnyoru elan edildi