Bakcell Arena

Bakının Nizami rayonunun 8-ci Kilometr qəsəbəsində tikilən yeni stadion sentyabrın 14-də istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva stadionun açılış mərasimində iştirak etmişlər.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim edildi.
Prezident İlham Əliyev stadionun rəmzi açılışını bildirən lenti kəsdi.
Stadionla tanışlıq zamanı dövlətimizin başçısına məlumat verən AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirdi ki, burada tikinti işlərinə 2010-cu ilin mayında başlanmışdır. Ümumi ərazisi 22 min 500 kvadratmetr olan stadion beynəlxalq standartlara cavab verən müasir avadanlıqla təchiz edilmişdir.
Prezident İlham Əliyevə Azərbaycan futbolunun keçdiyi 100 illik inkişaf yolundan bəhs edən “Azərbaycan futbolu-100” adlı kitab təqdim edildi. Daha sonra dövlətimizin başçısı futbol meydançasında yaradılan şəraitlə tanış oldu.