Əsasnamə Təqvim Cədvəl
2014-2015-ci il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən 16 yaşadək  (U-16) qız futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının
 
Əsasnaməsi
 
1. Əsas müddəalar
 
  1. Bu qaydalar Liqada iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir
 
2. Məqsəd və vəzifələr
 
2.1   U-16 Qızlar Liqa aşağıdakı məqsədlər üçün keçirilir
  •  Uşaq və yeniyetmələr (qızlar) arasında futbolun təbliği və kütləviliyi
  •  Uşaq və yeniyetmə qız futbolçuların ustalığının yüksəldilməsi
  •  Uşaq və yeniyetmə qız futbolçuların klublarda hazırlanması və yığma komandalara cəlb olunması
  •  Komandaların mövsümün yekununda tutduqları yerlərin müəyyən edilməsi
 
3. İştirakçıların müəyyən olunması
 
3.1  U-16 Qızlar Liqasında klublara və komandalara iştirak hüququnu AFFA verir                            
3.2  U-16 Qızlar Liqasında bir klub bir ad altında bir komanda ilə təmsil oluna bilər
 
4. Qeydiyyat qaydaları
 
  1. Sifariş sənədləri Texniki Departamentə əvvəlcədən müəyyən edilmiş vaxtda təqdim olunmalıdır. Sifariş sənədləri Texniki Departament tərəfindən yoxlanıldıqdan sonra Qeydiyyat və Statistika şöbəsinə təqdim edilir
  2. Sənədlər tələb olunan tarixdən gec təqdim olunduğu təqdirdə komanda liqaya buraxılmır
  3. Aşağıdakı sənədlər tələb olunur:
  • Üzərində klub rəhbərinin imzası, möhürü və həkimin imzası (hər bir
futbolçunun qarşısında və sifariş vərəqəsinin arxasında), möhürü olan
sifariş vərəqəsi. Sifariş vərəqəsində komandanın əlaqələndirici şəxsinin və ya klubun e-mail ünvanı, sifarişin verilmə tarixi mütləq göstərilməlidir. İlkin sifariş vərəqəsinə əlavə sifariş olunacaq oyunçuların adları qeyd oluna bilməz
  • Əlavə sifariş verildiyi zaman, yalnız mövsüm öncəsi komandalara təqdim olunmuş əlavə sifariş vərəqələrindən istifadə etmək olar. Əlavə sifariş vərəqəsinin doldurulma qaydası ilkin sifariş vərəqəsinin doldurulma qaydası ilə eynidir
  • Futbolçuların və məşqçilərin klubları ilə olan müqaviləsi (əgər varsa) mütləqdir
  • Hər futbolçunun, məşqçinin və klub işçisinin anketi
  • Qüvvədə olan şəxsiyyəti təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi)
  • Futbolçuların və məşqçilərin elektron formatda fotoşəkli (3x4 JPG formatda)
  • Əgər klubun loqotipi həmin formatda diskə əlavə oluna bilər
  • Hər iştirakçı komandanın baş məşqçisin ən azı aşağıdakı ixtisaslardan birinə sahib olmalıdır:
  1. Ali təhsil (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının diplomu)
  2. Xüsusi məşqçilik kursları (UEFA Pro, A və B, AFFA C)
 
 
 
  1. Sifariş sənədləri təqdim olunduqdan iki həftə sonra klub və ya komanda nümayəndələri təqdim olunan sənədlərdəki çatışmazlıqlar və lisenziyaların təhvil alınması ilə bağlı Texniki Departamentdən məlumat almalıdırlar
  2. Sifariş vərəqəsində göstərilməyən və müvafiq lisenziya almayan komanda üzvləri oyunlar keçirilən zaman texniki zonaya buraxılmır
  3. Klub və ya komandalar sifariş vərəqəsinə 25 futbolçunun adını daxil etmək hüququna malikdir. Sifariş limiti dolduqda hər əlavə olunacaq futbolçunun əvəzinə bir futbolçunun adı sifariş vərəqindən çıxarılmalıdır. Sifarişdən çıxarılmış futbolçunun lisenziyası Qeydiyyat və Statistika şöbəsinə təhvil verilməlidir
  4. Klub və ya komanda əlavə sifariş etmək istədiyi halda, əlavə sifariş vərəqəsi ilə Qeydiyyat və Statistika şöbəsinə müraciət etməlidir
  5. Sənədlərin təqdim edilməsi və lisenziyaların alınması klub və ya komandanın rəsmi nümayəndəsi vasitəsi ilə aparılmalıdır
  6. Təqdim olunan lisenziya yararsız hala düşdükdə (itirildikdə və s.) yenilənməsi üçün tələb olunan vəsait 3 AZN-dir
 
Futbolçuların doğum tarixləri və liqalardakı iştirakı
 
4.10   Liqada yaşı 16-dək olan futbolçular iştirak edə bilər (doğum tarixi 01.01.1999-cu ildən başlayanlar, 2000, 2001 və 3 nəfər 1998).
4.11  2014-2015 cü il mövsümündə AFFA tərəfindən keçirilən bütün liqalarda eyni klubun və ya komandanın tərkibində sifariş olunmuş futbolçu yalnız qeyd olunan liqada  yaş həddini keçməmək şərti ilə oynaya bilər.
4.12   Futbolçunun liqada aldığı cəza digər liqaya şamil olunmur.
4.13 Klub və ya komanda sifariş vərəqəsinə istənilən sayda  əcnəbi  vətəndaşın adını qeyd edə bilər
Transfer və sifariş məsələləri
 
4.14 Hər bir futbolçu eyni zamanda yalnız bir klubun və ya komandanın sifariş vərəqəsinə daxil oluna bilər. Bir qız yalnız bir liqada iştirak edə bilər və yanvar ayında klubunu dəyişə bilər.
 
4.15 Əgər futbolçunun adı iki və ya daha çox komandanın sifariş vərəqəsində təqdim olunarsa məsələnin araşdırılmasında aşağıda qeyd olunan sənədlərə üstünlük verilir:
 
4.16 Hər futbolçu mövsüm ərzində ən çox iki komandada çıxış edə bilər.
4.17 Futbolçuların mövsüm ərzində əlavə sifarişi və transferləri aşağıda göstərilən qaydalar üzrə həyata keçirilməlidir:
a) Klub və ya komanda mövsüm ərzində istənilən sayda futbolçu sifariş etmək hüququna malikdir.
b) İlkin sifariş və ya transfer zamanı sifariş verən komanda oyunçunun klubla
müqaviləsi olduğu halda:
  • əvvəlki klubundan azad transfer (və ya icarə haqqında məktub) və lisenziyasını təqdim etməlidir
müqaviləsi olmadığı halda:
  • əvvəlki klubundan lisenziyasını təhvil verməlidir
c) U-16 Qızlar Liqasının başlanğıcından sonunadək əlavə sifarişlərin sayına məhdudiyyət yoxdur.
4.18 Bütün təqdim olunan sənədlərə görə klub və baş məşqçi məsuliyyət daşıyır.
       
         Klub və ya komanda tərəfindən təqdim olunmuş futbolçuların saxta sənədləri
 
4.19 Mövsüm ərzində aşağıda göstərilən hallar sənədlərin saxtalaşdırılması kimi qəbul olunur:
a) Sifariş zamanı təqdim olunan saxta sənədlər:
  • Doğum haqqında şəhadətnamə
  • Şəxsiyyət vəsiqəsi
  • Elektron formatda və ya kağız üzərində təqdim olunan fotoşəkil
  • Anket
  • Sifariş vərəqəsi və s.
b) Bir futbolçunun digər futbolçuya məxsus olan lisenziya ilə oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
c) Lisenziyasız futbolçunun oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
d) Oyundan öncə AFFA tərəfindən tərtib olunmayan lisenziyanın hakimə təqdim olunması və s.
4.20 Yuxarıda göstərilən hallar aşkarlanarsa, bu cəzalar Texniki Departament və qızlar liqasının koordinatoru tərəfindən tətbiq oluna bilər.
a) Futbolçunun iştirak etdiyi bütün oyunların nəticələrinin ləğvi (texniki məğlubiyyət)
b) Futbolçunun lisenziyasının ləğvi
c) Məşqçinin yarışda iştirak etmək üçün verilən lisenziyasının 12 aylıq ləğvi
d) Məşqçinin məşqçilik lisenziyasının (Pro, A, B, C) ləğvi
e) Kluba və ya təmsil etdiyi quruma xəbərdarlıq məktubunun göndərilməsi
f) Məşqçinin futbolla bağlı fəaliyyətdən 12 aylıq uzaqlaşdırılması və məşqçiyə ayrılan əmək haqqının tutulması
 
5. İştirakçı komandanın öhdəlikləri
 
5.1 İştirakçı klub və ya komandalar bu əsasnamənin hər bəndinə riayət etməlidirlər.
5.2  İştirakçı klub və ya komandalar UEFA tərəfindən tərtib olunmuş Fair Play prinsiplərinə riayət etməlidirlər.
5.3   Klub və komandalar onları təmsil edən hər hansı bir şəxsin (futbolçular, rəsmi şəxslər, azarkeşlər və s.) davranışlarına məsuliyyət daşıyırlar.
5.4   Təcili Tibbi Yardım maşını oyuna 15 dəqiqə qalmış meydançanın ərazisində olmalıdır (Təcili Tibbi Yardım maşını olmadan baş hakim oyunu başlaya bilməz)
 
Oyun forması ilə bağlı qaydalar:
 
5.5  U-16 Qızlar liqasında iştirak edən komandaların idman geyimləri AFFA tərəfindən verilir.Forma seçimində üstünlük ev sahibi komandaya verilir.
5.6 Futbolçunun oyun formasının kürəyində nömrəsi olmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının altında qoruyucular (şitki) olmalıdır.
5.7 İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol maykasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən Texniki Departament və yaxud qızlar liqasının kooordinatoruna məlumat verməlidir
 
6. Yarışın keçirilmə sistemi
 
6.1 U-13 Qızlar Liqasında oyunlar 2 region üzrə Şərq və Qərb regionlarında 16 komandanın iştirakı ilə iki dövrədən ibarət dairəvi sistemlə keçirilir.
6.2 Qaliblərin müəyyən olunması:
  • Hər iki dövrənin oyunları bitdikdən sonra bütün komandaların xalları toplanılır və aşağdakı göstərilən cədvələ uyğun final oyunlarına vəsiqə qazanır
       
Şərq regionu
Qərb regionu
1.
4 komanda
4 komanda
 
  • Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə
         görə isə xal verilmir
  • Komandaların xalları bərabər olarsa, turnir cədvəlindəki sıralama aşağıdakı
         göstəricilərə görə müəyyən olunur:
  • Komandaların öz aralarında keçirdikləri oyunların xallarına əsasən
  • Komandaların öz aralarında keçirdikləri oyunlarda vurulmuş və buraxılmış
         qolların sayına əsasən
  • Komandaların öz aralarında vurulan qolların sayına əsasən
  • Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə
  • Bütün oyunlarda vurulmuş qolların sayına əsasən
  • Komandaların qələbə saylarına əsasən
  • Ən az qırmızı və sarı kartlara görə toplamış xalların fərqinə əsasən (sarı kart   
         1 xal, qırmızı kart 3 xal)
6.3 U-16 Qızlar Liqasının oyunları həftənin bazar günü keçirilir. İstisna hal kimi digər günlər qızlar liqasının koordinatoru tərəfindən təyin oluna bilər. Milli komandanın oyunlarına görə liqanın oyunları təxirə salınayacaq
6.4  U-16 Qızlar Liqasında iştirak edən komandalar xarici ölkələrə təlim məşq toplanışına və ya beynəlxalq turnirlərə gedərsə və bu səfər Liqa təqvimi ilə üst-üstə düşərsə klub 20 gün əvvəl AFFA-ya yazılı məlumat verməlidir. Klubun təlim-məşq toplanışı ilə U-16 Qızlar Liqasının təqvim oyunları üst-üstə düşdüyü halda oyunların təxirə salınıb-salınmaması ilə bağlı son qərarı AFFA verir
6.5 Oyunların keçirilmə müddəti yarışın təqvimi ilə müəyyən olunur. Oyunlar iki hissədən ibarətdir. Hər hissə 35 (otuz beş) dəqiqə, hissələrarası fasilə isə 10 (on) dəqiqədir. Oyunlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş futbolçularla həyata keçirilir. Hər komanda oyun zamanı yalnız 5 əvəzetmədən istifadə edə bilər. Oyunun protokoluna 18 (on səkkiz) futbolçunun (11 əsas 7 ehtiyat) adı və soyadları yazılır
6.6 Komandalar oyunun başlamasına 60 dəqiqə qalmış oyun keçirilən meydançaya gəlməlidirlər. Oyunun başlanmasına 45 dəqiqə qalmış oyunun protokoluna nömrələri göstərilməklə futbolçuların adlarını və soyadlarını yazmalı, futbolçuların lisenziyalarını baş hakimə təqdim etməlidirlər. Oyundan əvvəl lisenziyalar oyunın hakiminə təqdim edilmədiyi halda baş hakim oyunu başlamamalıdır. Təqvimə uyğun olaraq adı birinci yerdə dayanan komanda ev sahibi hesab edilir
 
7. Oyunun təşkili
 
7.1   Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydanlarda keçirilir. U-16 Qızlar Liqasında iştirak edən bütün komandaların idman geyimləri, idman ləvazimatları, yol xərcləri, yemək xərcləri, stadion xərcləri və məşqçilərin əmək haqqları AFFA tərəfindən ödənilir
7.2   Təqvimə uyğun olaraq adı birinci yerdə olan komanda ev sahibi hesab edilir.
7.3 Komandalar oyunun başlamasından 60 dəqiqə öncə oyun keçirilən meydançaya gəlməlidirlər.
7.4   Yalnız 3 məşqçi və 7 futbolçuya ehtiyat skamyalarında oturmalarına icazə verilir
7.5  Texniki zonada siqaret çəkmək qadağandır
7.6 Komandalar oyunun başlanmasından 45 dəqiqə öncə protokola nömrələri göstərilməklə futbolçuların adlarını və soyadlarını yazmalı və futbolçuların lisenziyalarını baş hakimə təqdim etməlidirlər. Oyundan əvvəl lisenziyalar  hakimlərə təqdim edilmədiyi halda baş hakim oyunu başlamamalıdır
7.7   Oyun günü ev sahibi komanda AFFA bayrağının stadionda asılmasını təmin etməlidir
 
8. Oyun qaydaları
 
8.1   Bütün oyunlar FİFA oyun qaydalarına əsasən keçirilir. Yalnız aşağıdakı hallar istisnadır:
  • Oyunlar iki hissədən ibarətdir. Hər hissə 35 (otuz beş) dəqiqədir
  • Hissələrarası fasilə 10 (on) dəqiqədir
  • U-16 Qızlar Liqasında oyundan kənar vəziyyət var
  • U-16 Qızlar liqasının oyunları №5 top ilə keçirilir
  • Oyuna azlıqda gələn komanda 50% cərimə olunacaq
  • Əgər komanda oyun zamanı 11 nəfərdən az oyunçu ilə meydana çıxarsa, oyuna gecikərsə, yoxlanış zamanı oyunçu lisenziyalarına problem olarsa, oyunun gedişi zamanı lisenziyası olmayan futbolçu meydana daxil olarsa və aşağı yaş qrupuna lisenziya verilmiş oyunçuları yuxarı yaş qruplarında oynadarsa  məşqçinin əmək haqqısından 30 % və yol xərclərindən isə 25 tutulacaq
 
 
9. Oyun zamanı futbolçuların əvəzlənməsi
 
9.1 Oyun ərzində hər komanda 5 əvəzetmədən istifadə edə bilər. Əvəzetmə zamanı ehtiyat hakim meydançanı tərk edən və meydana daxil olan futbolçuların nömrələrini tabloda göstərməlidir
9.2 Meydançaya daxil olmağa hazırlaşan futbolçu ehtiyat hakimə lisenziya ilə yaxınlaşmalıdır
19.3 Oyun ərzində ehtiyat futbolçular isinmə hərəkətləri etmək üçün texniki zonanı tərk edə bilər. Oyunun baş hakimi oyundan öncə isinmə hərəkətləri üçün təyin olunmuş yerləri komandalara göstərir. İsinmə hərəkətlərini 3 futbolçu eyni zamanda edə bilər
Qeyd: Stadionun vəziyyətindən asılı olaraq oyunun baş hakimi eyni vaxtda isinmə hərəkətləri edəcək oyunçuların sayını müəyyən etmək hüququna malikdir
 
10. Oyunun protokolu
 
10.1  Oyundan öncə hər komanda oyunun protokolunu doldurmalıdır.
10.2 Protokolda  futbolçunun  adı, soyadı, doğum tarixi və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat skamyada oturan rəsmi şəxslərin adları, soyadları və vəzifələri yazılmalıdır. Oyun protokolu hər iki komandanın rəsmi şəxsləri tərəfindən imzalanmalıdır
10.3 İlk 11-lik kimi protokolda göstərilən futbolçular oyuna başlayır. Digər 7 ehtiyat oyunçular skamyasında əyləşir. Futbolçuların oyun formalarında göstərilən nömrələr, protokoldakı nömrələrlə uyğun gəlməlidir
10.4 Komandalar oyundan ən azı 45 dəqiqə öncə protokolu baş hakimə təqdim etməlidirlər
10.5 Hakimlər briqadası oyundan öncə protokolda göstərilən bütün şəxslərin lisenziyalarını yoxlayır. Yarışda iştirak edən komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyaya malik olmalıdır. Lisenziyada aşağıdakılar əks olunur:
  • Lisenziyanın nömrəsi
  • Komandanın adı
  • Şəxsin adı, soyadı, atasının adı
  • Fotoşəkil
  • Doğum tarixi
10.6 Yalnız ehtiyat futbolçu kimi göstərilən 7 nəfər oyun zamanı meydançaya daxil ola bilər. Oyun zamanı əvəzlənmiş futbolçu meydançaya bir daha qayıda bilməz
 
11. Oyun protokolunda futbolçuların adlarının yer dəyişməsi
 
11.1 Hər iki komanda tərəfindən imzalanmış oyun protokolu hakimə təqdim olunduqdan sonra futbolçuların adlarının protokolda dəyişilməsi qadağandır. İstisna hallar aşağıdakılardır:
  • Əgər ilk 11-likdə göstərilən hər hansı futbolçunun oyundan öncə fiziki
          durumu ilə bağlı problem aşkarlanarsa, o zaman 7 ehtiyat futbolçudan biri
          ilk 11-liyə daxil oluna bilər. Bu halda oyun ərzində komandanın 5 əvəzetmə   
          huququ öncədən göstərildiyi kimi qüvvədə qalır
 
12. Oyunlarda iştirakdan imtina
 
12.1 Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə qızlar liqasının koordinatoru tərəfindən texniki məğlubiyyət verilir
12.2  Komanda 3 dəfə oyuna çıxmaqdan imtina edərsə turnirdən kənarlaşdırılır
12.3 Liqadan hər hansı bir səbəbə görə kənarlaşdırılan komanda növbəti mövsüm Liqaya buraxılmayacaqdır
.
 
13. Oyunların təxirə salınması
 
Komandalar və hakimlər səfərə çıxdıqdan öncə oyunun təxirə salınması
 
13.1 Hava şəraiti ilə əlaqədar olaraq təqvimə əsasən qeyd olunan oyunlar yalnız qızlar liqasının koordinatoru tərəfindən  təxirə salına bilər. Bu haqda öncədən klub məşqçilərinə əlaqə telefonu və yaxud elektron poçt (e-mail) vasitəsilə qızlar liqasının koordinatoru məlumat verməlidir
 
14. Hakimlik və İnspeksiya
 
14.1 U-16 Qızlar Liqasının oyunlarını AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər idarə edir və hakimlik FİFA qaydaları əsasında həyata keçirilir. Hakimlər Komitəsi U-16 Qızlar Liqasının oyunlarına 3 nəfərdən ibarət hakimlər briqadası təyin edir (1 baş hakim, 2 yan xətt hakimi)
14.2 Hakimlər briqadası oyunun başlanmasından 90 dəqiqə öncə gəlib, meydançanın oyuna hazırlıq vəziyyətini yoxlamalıdırlar
14.3 baş hakim oyunun keçirilməsinə cavabdeh olan şəxslərdən tələb etməlidir ki, onlar meydança ilə bağlı olan nöqsanları oyunun başlanmasına kimi həll etsinlər
14.4 Protokollar oyundan sonra 30 dəqiqə ərzində tərtib edilməli və 24 saat ərzində AFFA-ya təqdim olunmalıdır
14.5 Baş hakim oyunun protokoluna adı daxil edilmiş futbolçuların sənədlərini mütləq yoxlamalıdır. Oyuna sifariş edilmiş futbolçuların və iştirakçıların lisenziyaları zərurət olduqda oyunun sonunadək baş hakimdə qala bilər
14.6 Komandalar tərəfindən hakimlərin dəyişdirilməsi ilə əlaqədar xahiş qəbul olunmur
 
15. Sarı və qırmızı vərəqələr
 
15.1 Liqa zamanı dörd sarı vərəqə alan futbolçu növbəti oyunu buraxır
15.2 Oyunçu oyunda qırmızı vərəqə alıbsa 1 oyunluq cəzalanır
15.3 Alınan bütün sarı və qırmızı vərəqələrə görə öhdəlik klubun üzərinə düşür (turu buraxmalı olan oyunçu oyunda iştirak edərsə məsuliyyəti komanda daşıyır.)
 
 
16. Protestlər
 
16.1 Protest verən baş məşqçi oyundan dərhal sonra bu barədə baş hakimi xəbərdar etməlidir. Protestin verilməsi oyunun protokolunda öz əksini tapmalıdır. Oyunun gedişində ciddi münaqişələr baş verərsə, oyunun baş hakimi, yan xətt hakimləri və qızlar liqasının koordinatoru və təşkilatçılarına öz izahatlarını göndərməlidirlər. Protest komandanın baş məşqçisi tərəfindən imzalanmalı, 24 saat ərzində AFFA-nın Texniki Departamentinə çatdırılmalıdır.
16.2 Protestlərə aşağıdakı hallarda baxılmır:
  • 11 metrlik cərimə zərbələrinin təyin olunması
  • 11 metrlik cərimə zərbələrinin təyin olunmaması
  •  “Oyundankənar” (off-side) vəziyyətin müəyyən edilməsi barədə
  • Topun qapıdan keçib-keçməməsi barədə
 17. Mükafatlandırma
 
17.1 Liqada ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla və AFFA-nın diplomları ilə təltif olunacaq
17.2  Mövsümün sonunda liqanın bombardiri (ən məhsuldar oyunçusu) və ən yaxşı futbolçusu seçiləcək və onlar da dəyərli hədiyyələrlə mükafatlandırılacaq
 
18. Mətbuat
 
18.1 Oyunun işıqlandırılması (video və foto çəkilişin aparılması) üçün ezam olunmuş mətbuat nümayəndələrinə müvafiq şərait yaradılmalıdır
18.2  Oyundan sonra müraciət olunduqda hər hansı futbolçu, məşqçi və klub rəsmisindən mətbuat nümayəndələri müsahibə almaq hüququna malikdirlər.