Lisenziya / Siyasət
AFFA-nın futbol klublarının lisenziyalaşdırma siyasəti haqda bəyanatı
 
Lisenziyalaşdırma sistemi Azərbaycanda futbolun inkişafı üçün əsas vasitələrdən biridir. Biz bu sisteminin effektiv tətbiq olunmasını, klublara tələb olunan xidmətlərin göstərilməsini və vaxtında məlumatların çatdırılmasını öz üzərimizə götürürük.
 
Sistemin əsas prinsipləri – bitərəflik və məxfilikdir. Xüsusən bu prinsiplər qərarların qəbuluna aiddir. Biz təsdiq olunmuş vəsaitə əsasən lisenziyalaşdırma sistemini idarə etməyə öhdəmizə götürürük. Klublar yeni tətbiq olunmuş qaydalar və lisenziyalaşdırma prosesinə aid sənədlərlə bağlı daha ətraflı məlumatlar ilə mövsüm ərzində təşkil edəcəyimiz tədris seminarlarında və treninqlərdə təmin olunacaqlar.
 
Biz hər zaman çalışırıq ki, futbol klublarının lisenziyalaşdırma sistemi daim inkişaf etsin və daha da təkminləşdirilsin. Bunun üçün isə klublar tərəfindən lisenziyalaşdırma prosesinə münasibət bizim üçün çox vacibdir. Klublara göstərilən xidmətlərin daim təkmilləşdirilməsi və sistemin effektivliyinin daha da artırılması üçün biz klubların fikirlərini anketlər vasitəsi ilə öyrənib, onları təhlil edirik.
 
AFFA klubların lisenziyalaşdırılması sistemini müvafiq qaydalara əsasən tətbiq edir. Bundan savayı, biz lisenziyalaşdırma sistemində mövcud olan qaydalara, qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinə, FİFA ilə UEFA-nın qanunlarına riayət etməyi öhdəmizə götürürük.
 
Lisenziyalaşdırma sistemi çərçivəsində çalışan bütün əməkdaşları lisenziyalaşdırma sistemi ilə bağlı tələb olunan məlumatları internet, ekstranet və KİV vasitəsi ilə əldə edirlər.
 
Lisenziyalaşdırma qrupunun üzvləri biliklərinin təkminləşdirilməsi məqsədi ilə mövsüm ərzində UEFA tərəfindən keçirilən seminarlarda iştirak edirlər. Həmçinin lisenziyalaşdırma sisteminin bütün iştirakçıları lazımi şəkildə təlimatlandırılır və onların vəzifələri ətraflı izah olunur. Bilikləri və bacarıqları qiymətləndirmə və daxili audit zamanı yoxlanılır.
    
Azərbaycanda lisenziyalaşdırma sisteminin nüfuzunu qoruyub saxlamaq üçün bütün iştirakçılar etik normalara, həmçinin bitərəflik və məxfilik prinsiplərinə riayət edirlər. Bu tələblərdən hər hansı pozulduğu halda müvafiq şəxs sərt şəkildə cəzalandırılır.
    
Biz bu tədbirlərə riayət edirik və istənilən təklifləri müzakirə etməyə hazırıq.