Новости Əsasnamə Təqvim Cədvəl
2014-2015-ci il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən 19 yaşadək  (U-19) futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının
 
Əsasnaməsi
 
1. Əsas müddəalar
 
  1. Bu qaydalar liqada iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
 
2. Məqsəd və vəzifələr
 
2.1   U-19 Liqa aşağıdakı məqsədlər üçün keçirilir:
  • Turnirin qalibini müəyyən etmək
  • Yeniyetmələr arasında futbolun təbliği və kütləviliyi
  • Yeniyetmə futbolçuların ustalığının yüksəldilməsi
  • Yeniyetmə fubolçuların klublarda hazırlanması və yığma komandalara cəlb olunması
  • Komandaların mövsümün yekununda tutduqları yerlərin müəyyən edilməsi
 
3. Yarışlara rəhbərlik
  • U-19 liqanın keçirilməsini və nəzarəti AFFA həyata keçirir.
  • Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin (UGYTŞ) nümayəndəsi oyunlarda AFFA nümayəndəsi qismində iştirak edə bilər.
 
 
3. İştirakçıların müəyyən olunması
 
3.1    U-19 Liqada klublara və komandalara iştirak hüququnu AFFA verir.
  1. U-19 Liqada bir klub bir ad altında bir komanda ilə təmsil oluna bilər.
 
 
4. Qeydiyyat qaydaları
 
 
4.1 Sifariş sənədləri Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinə (UGYTŞ) əvvəlcədən müəyyən edilmiş vaxtda təqdim olunmalıdır. Sifariş sənədləri UGYTŞ tərəfindən yoxlanıldıqdan sonra Qeydiyyat və Statistika şöbəsinə təqdim edilir.
 Sifariş vərəqəsində komandanın əlaqələndirici şəxsinin və ya klubun e-mail ünvanı mütlləq göstərilməlidir. Sənədlər gec təqdim olunacağı təqdridə komanda liqaya buraxılmayacaq.
4.2 Sifariş sənədləri təqdim olunduqdan iki həftə sonra klub və ya komanda nümayəndələri təqdim olunan sənədlərdəki çatışmazlıqlar və lisenziyaların təhvil alınması ilə bağlı UGYTŞ - Qeydiyyat və Statistika şöbəsindən məlumat almalıdırlar.
4.3  Sifarişdə göstərilməyən və müvafiq lisenziya almayan komanda üzvləri oyunlar keçirilən zaman texniki zonaya buraxılmayacaqdır.
4.4 Təqdim olunan lisenziya yararsız hala düşdükdə (itirildikdə və s.) yenilənməsi üçün tələb olunan vəsait 3 azn-dir.
4.5   Aşağıdakı sənədlər tələb olunur:
  • Üzərində klub rəhbərinin imzası, möhürü və həkimin imzası (hər bir
futbolçunun qarşısında və sifariş vərəqəsinin arxasında), möhürü olan
sifariş vərəqəsi. Sifariş vərəqəsində komandanın əlaqələndirici şəxsinin və ya klubun e-mail ünvanı, mütləq göstərilməlidir. İlkin sifariş vərəqəsinə əlavə sifariş olunacaq oyunçuların adları qeyd oluna bilməz.
  • Əlavə sifariş verildiyi zaman, yalnız mövsüm öncəsi komandalara təqdim olunmuş əlavə sifariş vərəqələrindən istifadə etmək olar. Əlavə sifariş vərəqəsinin doldurulma qaydası ilkin sifariş vərəqəsinin doldurulma qaydası ilə eynidir.
  • Futbolçu və məşqçilərin klublar ilə olan müqaviləsi (Premyer Liqa klublar üçün mütləqdir)
  • Hər futbolçunun, məşqçinin və klub işçisinin anketi
  • Qüvvədə olan şəxsiyyəti təsdiqedici sənəd (doğum haqqında şəhadətnamə,    
         şəxsiyyət vəsiqəsi və xarici pasport)
  • Futbolçuların və məşqçilərin elektron formatda fotoşəkli (3x4 JPG formatda)
  • Klubun loqotipi həmin formatda diskə əlavə oluna bilər.
  • Məşqçilər üçün əlavə sənədlər:
    1. Ali təhsil (Azərbaycan Respublikası Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) ,
    2. Xüsusi məşqçilik kursları (Pro, A, B, AFFA C).
 
 
Qeyd 1: UEFA yarışlarında iştirak etmək üçün lisenziya almağa müraciət edəcək klubların baş         məşqçiləri minimum   “B” kateqoriyasına sahib olmalıdır.
 
 
Qeyd 2: Premyer Liqada iştirak etmək üçün lisenziya almağa müraciət edəcək klubların
baş məşqçiləri minimum “B” kateqoriyasına və ya ali təhsil (Azərbaycan Respublikası   
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol ixtisası) diplomuna sahib  olmalıdır.
 
Qeyd olunan ixtisasa sahib olmayan məşqçilər baş məşqçi kimi komandaya sifariş oluna bilməz.
 
4.6  Klub və ya komandalar sifariş vərəqəsinə 30 futbolçunun adını daxil etmək hüququna malikdir. Sifariş limiti dolduqda hər əlavə olunacaq futbolçunun əvəzinə bir futbolçunun adı sifarişdən çıxarılmalıdır. Sifarişdən çıxarılmış futbolçunun lisenzıyası Qeydiyyat və Statistika şöbəsinə təhvil verilməlidir.
4.7   Klub və ya komanda əlavə sifariş etmək istədiyi halda, əlavə sifariş vərəqəsi ilə Qeydiyyat və Statistika şöbəsinə müraciət etməlidir.
4.8 Sənədlərin təqdim edilməsi və lisenziyaların alınması klub və ya komandanın rəsmi nümayəndəsi vasitəsi ilə aparılmalıdır.
 
Qeyd:  AFFA-nın nümayəndələri kluba və ya komandaya xəbərdarlıq etmədən hər bir iştirakçı-futbolçu ilə bağlı yoxlama aparmaq hüququna malikdir.
 
Futbolçuların doğum tarixləri və liqalardakı iştirakı
 
4.9   Liqada yaşı 19-dək olan futbolçular iştirak edə bilər (doğum tarixi 01.01.1996-cu ildən başlayanlar).
4.10  2014-2015 cü il mövsümündə AFFA tərəfindən keçirilən bütün liqalarda eyni klubun və ya komandanın tərkibində sifariş olunmuş futbolçu mövcud lisenziyanı təqdim etdikdə, digər liqalarda yaş həddini keçməmək şərti ilə oynaya bilər.
4.11   Futbolçunun müəyyən liqada aldığı cəza digər liqaya şamil olunmur.
4.12 “U-19 Liqa”da klub və ya komandanın sifariş vərəqəsinə aşağıdakı hallarda maksimum 2 qeyri-Azərbaycan vətəndaşının adı salına bilər:
a) Ata, ana, baba və nənə Azərbaycanda yaşayarlarsa
b) Valideynlərdən hər  hansı biri Azərbaycanda hal-hazırda işləyirsə
c) Qaçqın və ya məcburi köçkün statusuna malik olduğu halda
d) Valideynləri (və ya biri) azərbaycanlı olduğu halda, oyunçunun sənədləşmə işləri notarial qaydada valideyn tərəfindən Azərbaycan Respublikası vətəndaşına verilərsə
 
 
Qeyd: a), b), c) və d) bəndlərində göstərilən hallar müvafiq sənədlə təsdiq olunmalıdır.
 
4.13 Meydanda eyni zamanda maksimum 2 qeyri-Azərbaycan vətəndaşının olmasına icazə verilir.
 
Transfer və sifariş məsələləri
 
4.14 Hər bir futbolçu eyni zamanda yalnız bir klubun və ya komandanın sifariş vərəqəsinə daxil oluna bilər.
4.15 Əgər futbolçunun adı iki və ya daha çox komandanın sifariş vərəqəsində təqdim olunarsa məsələnin araşdırılmasında aşağıda qeyd olunan sənədlərə üstünlük verilir:
a) Futbolçunun klub və ya komanda ilə yazılı müqaviləsi
b) Müqavilə olmadıqda, futbolçunun valideyninin (qəyyumunun) yazılı surətdə olan rəsmi mövqeyi
c) Bəzi fərdi münaqişələrə AFFA-nın Futbolçuların Statusu və Transferlər komitəsi tərəfindən baxılacaqdır.
4.16 Hər futbolçu mövsüm ərzində ən çox iki komandada çıxış edə bilər.
4.17 Futbolçuların mövsüm ərzində əlavə sifarişi və transferləri aşağıda göstərilən qaydalar üzrə həyata keçirilməlidir:
a) Klub və ya komanda mövsüm ərzində ayın ilk 15 günündə ən çox 3 (üç) futbolçunu sifariş etmək hüququna malikdir.
b) İlkin sifariş və ya transfer zamanı sifariş verən komanda oyunçunun klubla
müqaviləsi olduğu halda:
  • əvvəlki klubundan azad transfer (və ya icarə haqqında məktub) və cari lisenziya təqdim etməlidir.
müqaviləsi olmadığı halda:
  • əvvəlki klubundan lisenziyasını təhvil verməlidir
c) Dövrələrarası fasilədə əlavə sifarişlərin sayına məhdudiyyət yoxdur. Sifarişlərin müddəti UGYTŞ tərəfindən əvvəlcədən rəsmi elan olunur.
4.18 Bütün təqdim olunan sənədlərə görə klub və baş məşqçi məsuliyyət daşıyır.
 
Klub və ya komanda tərəfindən təqdim olunmuş futbolçuların saxta sənədləri
 
4.19 Mövsüm ərzində aşağıda göstərilən hallar sənədlərin saxtalaşdırılması kimi qəbul olunur:
a) Sifariş zamanı təqdim olunan saxta sənədlər:
  • Doğum haqqında şəhadətnamə
  • Şəxsiyyət vəsiqəsi
  • Xarici pasport
  • Elektron formatda və ya kağız üzərində təqdim olunan fotoşəkil
  • Müqavilə
  • Anket
  • Sifariş vərəqəsi və s.
b) Bir futbolçunun digər futbolçuya məxsus olan lisenziya ilə oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
c) Lisenziyasız futbolçunun oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
d) Oyundan öncə AFFA tərəfindən tərtib olunmayan lisenziyanın hakimə təqdim olunması və s.
4.20 Yuxarıda göstərilən hallar aşkarlanarsa, bu cəzalar İntizam Komitəsi tərəfindən tətbiq oluna bilər:
a) Futbolçunun iştirak etdiyi bütün oyunların nəticələrinin ləğvi (texniki məğlubiyyət)
b) Futbolçunun lisenziyasının ləğvi
c) Məşqçinin yarışda iştirak etmək üçün verilən lisenziyasının 12 aylıq ləğvi
d) Məşqçinin məşqçilik lisenziyasının (Pro, A, B, C) ləğvi
e) Kluba və ya təmsil etdiyi quruma xəbərdarlıq məktubunun göndərilməsi
f) Məşqçinin futbolla bağlı fəaliyyətdən 12 aylıq uzaqlaşdırılması və s.
 
 
5. İştirakçı komandanın öhdəlikləri
 
5.1 İştirakçı klub və ya komandalar bu əsasnamənin hər bir bəndinə riayət etməlidirlər.
5.2  İştirakçı klub və ya komandalar FİFA tərəfindən tərtib olunmuş Fair Play prinsiplərinə riayət etməlidirlər.
5.3 Klub onu təmsil edən hər hansı bir şəxsin (futbolçular, rəsmi şəxslər, azarkeşlər və s.) davranışlarına məsuliyyət daşıyır.
5.4   Ev sahibi komanda oyun zamanı stadionda təhlükəsizliyə məsuliyyət daşıyır. Komanda oyuna 15 dəqiqə qalmış meydançanın ərazisini Polislə təmin etməlidir.
 (Polis olmadan baş hakim oyunu başlaya bilməz)
5.5   Ev sahibi komanda oyunu 6 topla təhciz etməlidir.
5.6   Təcili Tibbi Yardım maşını oyuna 15 dəqiqə qalmış meydançanın ərazisində olmalıdır (Təcili Tibbi Yardım maşını olmadan baş hakim oyunu başlaya bilməz)
5.7  Ev sahibi komanda bir gün öncə digər şəhərdən gələn qonaq komanda tərəfindən müraciət olunduğu halda məşq üçün meydançanı təmin etməlidir. Komandalar arasında qarşılıqlı razılaşma olmadığı halda qonaq komanda məşq üçün meydançanı bir saatdan artıq müddətə tələb edə bilməz.
5.8  Hər klub və ya komanda əlaqələndirici şəxs təyin etməlidir və onu tələb olunan qaydada qeydiyyatdan keçirməlidir. Sifariş vərəqəsində əlaqə telefonu, elektron poçtun ünvanı (e-mail) və.s göstərilməlidir.
5.9  Hakim-inspektorun oyunu izləməsi üçün tribunada müvafiq yer ayrılmalıdır. Oyundan sonra nəticə ilə bağlı AFFA-nın UGYTŞ-ni məlumatlandırılması vəzifələrini yerinə yetirməlidir.
 
Oyun forması ilə bağlı qaydalar:
 
5.10  Forma seçimində üstünlük ev sahibi komandaya verilir.
5.11 Futbolçunun oyun formasının kürəyində nömrəsi olmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının (getri) altında qoruyucular (şitki) olmalıdır.
5.12 İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol maykasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən UGYTŞ-ə məlumat verməlidir.
5.13 U-19 liqasının loqosu(şevron) oyun formasında əks olunmalıdır.
 
 
6. Yarışın keçirilmə sistemi
 
6.1 U-19 Liqada oyunlar 10 komandanın iştirakı ilə 3 dövrədən ibarət dairəvi sistemlə keçirilir
6.2 3-cü dövrədə ev oyunları püşkatma yolu ilə müəyyən edilir.
6.3 Mövsümün təqvimi püşkatma yolu ilə tərtib olunur.
6.4 Qaliblərin müəyyən olunması:
  • Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə
         görə isə xal verilmir
  • Komandaların xalları bərabər olarsa, turnir cədvəlindəki sıralama aşağıdakı
         göstəricilərə görə müəyyən olunur:
  • Komandaların öz aralarında keçirdikləri oyunların xallarına əsasən
  • Komandaların öz aralarında keçirdikləri oyunlarda vurulmuş və buraxılmış
         qolların sayına əsasən
  • Komandaların öz aralarında səfərdə vurulan qolların sayına əsasən
  • Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə
  • Bütün oyunlarda vurulmuş qolların sayına əsasən
  • Komandaların qələbə saylarına əsasən
  • Ən az qırmızı və sarı kartlara görə toplanmış xalların fərqinə əsasən (sarı kart   
         1 xal, qırmızı kart 3 xal)
 
6.6 U-19 Liqanın oyunları həftənin üçüncü (çərşənbə) günündə keçirilir. İstisna hal kimi digər günlər UGYTŞ tərəfindən təyin oluna bilər.
6.7 UGYTŞ hər ayın əvvəli liqanın aylıq təqvim planını klub və ya komandanın əlaqələndirici şəxsinin elektron poçtuna (e-mail) göndərəcəkdir. Təqvimdə oyunların yerləri, tarixləri, keçirilmə saatları göstəriləcəkdir. Hər bir klub və ya komandanın ələqələndirici şəxsi ay ərzində hər hansı turun ilk oyununun başlamasından ən azı 4 gün öncə oyunun keçirilmə yeri və ya saat dəyişikliyi ilə bağlı müraciət edə bilər. Müraciətlər yalnız yazılı şəkildə və səbəbi göstərilmək şərti ilə qəbul olunacaqdır
6.8  U-19 Liqada iştirak edən komandalar xarici ölkələrə təlim-məşq toplanışına və ya beynəlxalq turnirlərə gedərsə və bu səfər Liqanın təqvimi ilə üst-üstə düşərsə, klub 20 gün əvvəl AFFA-ya yazılı məlumat verməlidir. Klubun təlim-məşq toplanışı ilə U-19 Liqanın təqvim oyunları üst-üstə düşdüyü halda oyunların təxirə salınıb-salınmaması ilə bağlı son qərarı AFFA verir.
6.9 Turun ilk oyununun başlamasından 4 gün öncə oyunun keçirilmə yeri və ya saat dəyişikliyi ilə bağlı müraciət UGYTŞ-yə daxil olmadığı halda aylıq təqvim planında göstərilən tarix, yer və saat dəyişilməz olaraq qalacaqdır və oyuna 3 gün qalmış rəsmi məktub klub və ya komandanın əlaqələndirici şəxsinin elektron poçtuna (e-mail) göndəriləcəkdir.
6.10 Oyunların keçirilmə müddəti yarışın təqvimi ilə müəyyən olunur. Oyunlar iki hissədən ibarətdir. Hər hissə 45 (qırx beş) dəqiqə, hissələrarası fasilə isə 15 (on beş) dəqiqədir. Oyunlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş futbolçularla həyata keçirilir. Hər komanda 5 əvəzetmədən istifadə edə bilər. Meydan sahibi olan komanda protokolu əvvəl doldurur. Oyunun protokoluna 18 (on səkkiz) futbolçunun (11 əsas, 7 ehtiyat) adı və soyadı yazılır.
6.11 Komandalar oyunun başlamasına 60 dəqiqə qalmış oyun keçirilən meydançaya gəlməlidirlər. Oyunun başlanmasına 45 dəqiqə qalmış oyunın protokoluna nömrələri göstərilməklə futbolçuların adlarını və soyadlarını yazmalı, futbolçuların lisenziyalarını baş hakimə təqdim etməlidirlər. Oyundan əvvəl lisenziyalar oyunun  hakiminə təqdim edilmədiyi halda baş hakim oyunu başlamamalıdır. Təqvimə uyğun olaraq adı birinci yerdə dayanan komanda ev sahibi hesab edilir. Oyunun təşkili ev sahibi komanda tərəfindən həyata keçirilir.
 
7. Meydança
 
7.1 Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydanlarda keçirilir. Klublar ev oyunlarını keçirəcəkləri meydança ilə bağlı təminat məktubunu UGYTŞ-yə təqdim etməlidirlər. UGYTŞ meydançanı yoxlamağa ehtiyac gördükdə meydançada inspeksiya aparmaq hüququna malikdir. AFFA icazə verdikdən sonra komanda rəqiblərini həmin meydançada qəbul edə bilər. Bir meydançadan maksimum 3 komandanın istifadə etmək hüququ var. Meydança ilə müqaviləni təqdim edən ilk 3 komandanın meydançadan istifadəsinə icazə veriləcəkdir. 4-cü komandanın sənədləri qəbul olunmayacaqdır.
7.2  Fors-major hallarda komanda meydançanı dəyişmək üçün AFFA-ya müraciət edə bilər.
7.3  Meydançada standartlara uyğun iki qapı olmalıdır.
 
 
8. Oyunın təşkili
 
8.1 Oyun ev sahibi komanda tərəfindən təşkil olunur.
8.2   Təqvimə uyğun olaraq adı birinci yerdə olan komanda ev sahibi hesab edilir.
8.3 Komandalar oyunun başlamasından 60 dəqiqə öncə oyun keçirilən meydançaya gəlməlidirlər. (Fors – major hallarına rast gəlinərsə, komanda bu haqda təcili UGYTŞ-ya məlumat verməli və UGYTŞ bu halları araşdırıb müvafiq qərar verməlidir.)
8.4   Yalnız 6 rəsmi şəxsin və 7 futbolçunun ehtiyat skamyalarında oturmalarına icazə verilir.
8.5   Ev sahibi komandanın 6 rəsmi şəxsindən biri mütləq həkim olmalıdır.
8.6  Texniki zonada siqaret çəkmək qadağandır.
8.7  Komandalar oyunun başlanmasından 45 dəqiqə öncə protokola nömrələri göstərilməklə futbolçuların adlarını və soyadlarını yazmalı və futbolçuların lisenziyalarını baş hakimə təqdim etməlidirlər. Oyundan əvvəl lisenziyalar  hakimlərə təqdim edilmədiyi halda baş hakim oyunu başlamamalıdır.
 
9. Oyun qaydaları
 
9.1   Bütün oyunlar FİFA oyun qaydalarına əsasən keçirilir. Yalnız aşağıdakı hallar istisnadır:
  • Oyunlar iki hissədən ibarətdir. Hər hissə 45 (qırx beş) dəqiqədir.
  • Hissələrarası fasilə isə 15 (on beş) dəqiqədir.
 
10. Oyun zamanı futbolçuların əvəzlənməsi
 
10.1 Oyun ərzində hər komanda 5 əvəzetmədən istifadə edə bilər. Əvəzetmə zamanı ehtiyat hakim meydançanı tərk edən və meydana daxil olan futbolçuların nömrələrini tabloda göstərməlidir.
10.2 Meydançaya daxil olmağa hazırlaşan futbolçu ehtiyat hakimə lisenziya ilə yaxınlaşmalıdır.
10.3 Oyun ərzində ehtiyat futbolçular isinmə hərəkətləri  etmək üçün texniki zonanı tərk edə bilər. Oyunun baş hakimi oyundan öncə isinmə hərəkətləri üçün təyin olunmuş yerləri komandalara göstərir. İsinmə hərəkətlərini 7 futbolçu eyni zamanda edə bilər.
Qeyd: Stadionun vəziyyətindən asılı olaraq oyunun baş hakimi eyni vaxtda isinmə hərəkətləri edəcək oyunçuların sayını müəyyən etmək hüququna malikdir.
 
 
11. Oyunun protokolu
 
11.1  Oyundan öncə hər komanda oyunun protokolunu doldurmalıdır.
11.2 Protokolda  futbolçunun  adı, soyadı, doğum tarixi və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat skamyada oturan rəsmi şəxslərin adları, soyadları və vəzifələri yazılmalıdır. Oyun protokolu hər iki komandanın rəsmi şəxsləri tərəfindən imzalanmalıdır.
11.3 İlk 11-lik kimi protokolda göstərilən futbolçular oyuna başlayır. Digər 7 futbolçu ehtiyat skamyasında əyləşir. Futbolçuların futbol formalarında göstərilən nömrələr, protokoldakı nömrələrlə uyğun gəlməlidir.
11.4  Komandalar oyundan ən azı 45 dəqiqə öncə protokolu baş hakimə təqdim etməlidirlər.
11.5  Hakimlər briqadası oyundan öncə protokolda göstərilən bütün şəxslərin lisenziyalarını yoxlayır. Yarışda iştirak edən komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyaya malik olmalıdır. Lisenziyada aşağıdakılar əks olunur:
  • Lisenziyanın nömrəsi
  • Komandanın adı
  • Şəxsin adı, soyadı, atasının adı
  • Fotoşəkil
  • Doğum tarixi
11.6 Əgər oyunun protokolu tələb olunan vaxtda hakimlərə təqdim olumazsa, bu məsələyə AFFA-nın İntizam Komitəsi tərəfindən baxılacaqdır.
11.7  Yalnız ehtiyat futbolçu kimi göstərilən 7 nəfər oyun zamanı meydançaya daxil ola bilər. Oyun zamanı əvəzlənmiş futbolçu meydançaya bir daha qayıda bilməz.
 
12. Oyun protokolunda futbolçuların adlarının yerdəyişməsi
 
12.1 Hər iki komanda tərəfindən imzalanmış oyun protokolu hakimə təqdim olunduqdan sonra futbolçuların adlarının protokolda dəyişilməsi qadağandır. İstisna hallar aşağıdakılardır:
  • Əgər ilk 11-likdə göstərilən hər hansı futbolçunun oyundan öncə fiziki
          durumu ilə bağlı problemi aşkarlanarsa, o zaman 7 ehtiyat futbolçudan biri
          ilk 11-liyə daxil oluna bilər. Bu halda oyun ərzində komandanın 5 əvəzetmə   
          ehtiyatı öncədən göstərildiyi kimi qüvvədə qalır.
  • Əgər oyun protokolunda göstərilən 7 ehtiyat futbolçudan hər hansı birinin
          fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman protokolda
göstərilməyən, lakin lisenziyası olan digər bir futbolçu ilə əvəzlənə bilər.
 
 
13. Oyunlarda iştirakdan imtina
 
13.1 Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə, AFFA-nın İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilir.
13.2  Komanda 3 dəfə oyuna çıxmaqdan imtina edərsə, turnirdən kənarlaşdırılır.
13.3 Liqadan hər hansı bir səbəbə görə kənarlaşdırılan komanda növbəti mövsüm Liqaya buraxılmayacaq.
.
 
14. Oyunların təxirə salınması
 
Qonaq komanda və hakimlər səfərə çıxmazdan öncə oyunun təxirə salınması
 
14.1  Əgər ev sahibi komanda meydançanın oyuna yararsız vəziyyətdə olduğunu müəyyən edərsə, hakimlər və qonaq komanda səfərə çıxmadan öncə dərhal UGYTŞ-ni  məlumatlandırmalıdır.
Bu halda:
  • AFFA meydançanın vəziyyətini yoxlamaq üçün öz nümayəndəsini göndərə
         bilər
  • AFFA meydançanın vəziyyətini əks etdirən fotoşəkillərin elektron poçt (e-
         mail) vasitəsilə təqdim olunmasını tələb edə bilər
 
Qonaq komanda və hakimlər səfərə çıxdıqdan sonra oyunun təxirə salınması
 
14.2 Bu halda oyunun təxirə salınıb-salınmayacağı ilə bağlı hakimlər qərar verəcək.
14.3 Əgər baş hakim oyunun keçirilməsi üçün meydançanın yararsız olması ilə bağlı qərar çıxararsa, bu halda 24 saat ərzində UGYTŞ komandalarla razılaşdırdıqdan sonra, oyunun yeni keçirilmə tarixini, saatını və yerini təyin edir. Bu qərar son olaraq dəyişilməz qalır.
14.4 Əgər oyun başlandıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, UGYTŞ klub və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər və oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcəkdir.
14.5 Təxirə salınmış oyunun yenidən keçirilməsi üçün hər bir komandanın tələb olunan xərcləri öz üzərinə düşür.
14.6  Meydançanın yararsız vəziyyəti ilə bağlı ardıcıl olaraq 2 oyunu təxirə salan komanda 3-cü oyun üçün mütləq meydançanı təmin etməlidir.
14.7  Aşağıda göstərilən hallarda klub və ya komanda oyunun təxirə salınması ilə bağlı müraciət edə bilər:
  • Meydança yararsız vəziyyətdə olduğu halda
  • Həmin liqada sifariş olunmuş futbolçulardan ən azı 5 nəfəri yığma
         komandalara ezam olunduğu halda
  • Ən azı 10 futbolçu ciddi zədə və xəstəliklərə məruz qaldığı halda. Bu təqdirdə:  
  • AFFA-nın baş həkimi futbolçuların sağlamlığını yoxlamaq hüququna malikdir.
  • UGYTŞ klub və ya komandadan zədəli və xəstə futbolçularla bağlı təsdiqedici sənədləri tələb edə bilər.
 
15. Hakimlik və İnspeksiya
 
15.1 U-19 Liqanın oyunlarına AFFA-nın nümayəndəsi və Hakim-inspektor nəzarət edir. Nümayəndənin səlahiyyətinə oyunun keçirilməsi və ona nəzarət, hakim-inspektorun səlahiyyətinə isə oyunun hakimlər briqadasının işinə qiymət vermək daxildir.
15.2 Oyunları hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər briqadası  idarə edir və hakimlik FİFA qaydaları əsasında həyata keçirilir. Hakimlər Komitəsi U-19 Liqanın oyunlarına 4 nəfərdən ibarət hakimlər briqadası təyin edir (1 baş hakim, 2 yan xətt hakimi, 1 ehtiyat hakim)
15.3 Hakimlərin işinə nəzarəti AFFA-nın Hakim-inspektorları həyata keçirir.
15.4 Zərurət olduqda Hakim-inspektorlar eyni zamanda AFFA nümayəndəsi vəzifəsini yerinə yetirə bilər.
15.5 Hakimlər briqadası oyunadan 2 saat əvvəl oyunun keçiriləcəyi yerə gəlməlidir.
15.6 Hakim-inspektor oyunun başlanmasından 60 dəqiqə öncə gəlib, meydançanın oyuna hazırlıq vəziyyətini yoxlamalı, təhlükəsizlik əməkdaşları, Təcili Tibbi Yardım nümayəndəsi klub nümayəndələri və hakimlərlə birgə iclas təşkil etməlidir.
15.7 Hakim-inspektor və baş hakim oyunun keçirilməsinə cavabdeh olan şəxslərdən tələb etməlidir ki, onlar meydança ilə bağlı olan nöqsanları oyunun başlanmasına kimi həll etsin.
15.8 Protokollar oyundan sonra 30 dəqiqə ərzində tərtib edilməli və 24 saat ərzində AFFA-ya təqdim olunmalıdır.
15.9 Baş hakim oyunun protokoluna adı daxil edilmiş futbolçuların sənədlərini mütləq yoxlamalıdır. Oyuna sifariş edilmiş futbolçuların və iştirakçıların lisenziyaları zərurət olduqda oyunun sonunadək baş hakimdə qala bilər.
15.10 Komandalar tərəfindən nümayəndənin, hakim-inspektorun və hakimlərin dəyişdirilməsi ilə əlaqədar xahiş qəbul olunmur.
 
 
16. AFFA intizam qərarları
 
16.1 Bütün qırmızı vərəqələrə İntizam Komitəsi tərəfindən baxılır. Futbolçular İntizam Komitəsinin qərarları əsasında cəzalandırılır. Ümmumiyyətlə, oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları İntizam Komitəsi qəbul edir.
 
Sarı və qırmızı vərəqələr
 
16.2 Keçən mövsüm ərzində qırmızı vərəqə almış oyunçu cəzasını tam çəkmədiyi halda, bu cəzanın qalan hissəsi iştirak etdiyi liqadan asılı olmayaraq cari mövsümə tətbiq olunur.
16.3 Alınan bütün sarı və qırmızı vərəqələrə görə öhdəlik klubun üzərinə düşür (turu buraxmalı olan oyunçu oyunda iştirak edərsə, məsuliyyəti komanda daşıyır.)
16.4 Oyunçu oyunda qırmızı vərəqə alıbsa və oyunçu haqqında İntizam Komitəsində qərar çıxarılmayıbsa, həmin oyunçu növbəti oyunu buraxır.
 
16.5 Oyun zamanı qırmızı vərəqə alan futbolçu İntizam Komitəsinin çıxaracağı qərara uyğun olaraq, komandanın keçirəcəyi müəyyən olunmuş sayda növbəti oyunu (oyunları) buraxacaqdır.
16.6 Cari mövsüm ərzində mərhələdən asılı olmayaraq dörd sarı vərəqə alan futbolçu növbəti turu buraxmalıdır.
16.7 Alınan sarı vərəqələr mərhələdən asılı olmayaraq öz qüvvəsində qalır.
16.8 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət alan komandanın həmin oyunu buraxmalı olan futbolçularının cəzaları qüvvədə qalır.
16.9 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki qələbə alan komandanın həmin oyunu buraxmalı olan futbolçuları cəza çəkmiş kimi hesab olunur.
 
 
 
17. Protestlər
 
17.1 Protest verən baş məşqçi oyundan dərhal sonra bu barədə baş hakimi xəbərdar etməlidir. Protestin verilməsi oyunun protokolunda öz əksini tapmalıdır. Oyunun gedişində ciddi münaqişələr baş verərsə, oyunun baş hakimi, yan xətt hakimləri və ya inspektor AFFA-nın UGYTŞ-yə öz izahatlarını göndərməlidirlər. Protest komandanın baş məşqçisi tərəfindən imzalanmalı, 24 saat ərzində AFFA-nın UGYTŞ-yə çatdırılmalıdır.
17.2 Protestlərə aşağıdakı hallarda baxılmır:
  • 11 metrlik cərimə zərbələrinin təyin olunması
  • “Oyundankənar” (off-side) vəziyyətin müəyyən edilməsi barədə
  • Topun qapıdan keçib-keçməməsi barədə
17.3 İntizam Komitəsinin qərarı ilə razılaşmayan komanda 3 gündən gec olmayaraq apellyasiya verə bilər.
 
 
18. Mükafatlandırma
 
18.1 Liqada ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla və AFFA-nın diplomları ilə təltif olunacaq
18.2  Mövsümün sonunda liqanın bombardiri (ən məhsuldar oyunçusu) və ən yaxşı futbolçusu seçiləcək və onlar da dəyərli hədiyyələrlə mükafatlandırılacaq.
 
19. Mətbuat
 
19.1 Oyunun işıqlandırılması (video və foto çəkilişin aparılması) üçün AFFA tərəfindən ezam olunmuş mətbuat nümayəndələrinə ev sahibi komanda tərəfindən müvafiq şərait yaradılmalıdır.
19.2  Oyundan sonra müraciət olunduqda hər hansı futbolçu, məşqçi və klub rəsmisindən AFFA-nın mətbuat nümayəndələri müsahibə almaq hüququna malikdirlər.
 
 
20. Reklam lövhələri və aksiyaları (promotion)
 
20.1  Meydançada reklam lövhələrinin (3 ədəd) yerləşdirilməsi aşağıdakı sxemdə göstərildiyi kimi olmalıdır. Reklam lövhələrinə cavabdehliyi ev sahibi komanda daşıyır.
20.2 Banerlər tələb olunan qaydada quraşdırılmadığı halda, klub və ya komanda oyun üçün meydançanı təmin etməmiş kimi qəbul olunur və İntizam Komitəsi tərəfindən müvafiq qərar çıxarılır.