az en
News / “Rabitəbank” və AFFA arasında sponsorluq müqaviləsi imzalanıb (fotolar)

“Rabitəbank” və AFFA arasında sponsorluq müqaviləsi imzalanıb (fotolar)

AFFA Dərc olundu: 15.02.2024 Çap
AFFA və “Rabitəbank” ASC arasında sponsorluq müqaviləsi imzalanıb. Müqaviləni AFFA-nın prezidenti Rövnəq Abdullayev və “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov imzalayıblar. Sponsorluq müqaviləsinə əsasən, Azərbaycan Premyer Liqası oyunlarına təyinat alacaq peşəkar hakimlərin formalarının üzərində futbol ailəsinin yeni üzvü olan “Rabitəbank”ın adı və loqosu əks olunacaq.
“Rabitəbank” və AFFA arasında sponsorluq müqaviləsi imzalanıb (fotolar)
AFFA-nın prezidenti R.Abdullayev tədbirdə çıxış edərək nüfuzlu şirkətlərin Azərbaycan futbol ailəsinə maraq göstərməsinin sevindirici hal olduğunu deyib. “Rabitəbank” rəhbərliyinə ölkə futboluna göstərdiyi diqqətə, əməkdaşlığa görə minnətdarlıq edib. Azərbaycan futbol hakimliyindən danışan R.Abdullayev həmyerlimiz Tofiq Bəhramovun 1966-cı ildə İngiltərədə keçirilmiş Dünya çempionatının final qarşılaşmasında verdiyi qərarın dünya futbol ictimaiyyətində bu gün də unudulmaz an kimi xatırlandığını bildirib. Azərbaycan hakimlik məktəbinin ənənəsinin davam etdiyini bildirən AFFA prezidenti “Rabitəbank”la yeni əməkdaşlıq sayəsində gənc hakimlərin yetişdirilməsi istiqamətində addımların atılacağını diqqətə çatdırıb.
 
“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov futbolun dünyada və ölkəmizdə sevilən idman növü olduğunu söyləyib. Ölkə futbolunun inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirən A.Hüseynov bank olaraq sosial məsuliyyət çərçivəsində futbola yatırım etməkdən məmnunluq hissi duyduqlarını qeyd edib.
 
Baş Sponsor 
Partnyorlar