az en
News / Slovakiya - Azərbaycan: Məşqçi fikirləri

Slovakiya - Azərbaycan: Məşqçi fikirləri

Avro-2020 Dərc olundu: 20.11.2019 Çap
Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Trnava şəhərindəki Anton Malatinskiy stadionunda keçirilmiş Slovakiya - Azərbaycan oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
Slovakiya - Azərbaycan: Məşqçi fikirləri
Nikola Yurçeviç (Azərbaycan milli komandasının baş məşqçisi): “Qələbə münasibəti ilə rəqibi təbrik edirəm. Ancaq bu qələbə onlara final mərhələsinə yüksəlmək üçün kifayət etmədi və Slovakiya millisi buna nail olmaq üçün Millətlər Liqasında mübarizə aparacaq. Oyundan əvvəl keçirilən mətbuat konfransında da qeyd etdiyim kimi, komandamızda xeyli problemlər var idi. Zədəli futbolçulardan başqa, fasilədə Eddi İsrafilov əvəzlənməsini istədi. Əvəzində Elvin Camalov meydana daxil oldu və pis təsir bağışlamadı. Birinci hissədə topa nəzarət edə bilmirdik. Ancaq fasilədən sonra daha yaxşı oynadığımızı düşünürəm. Hətta bir epizodda hesabı bərabərləşdirməyə yaxın olduq. Təəssüf ki, həmin anda şansımızdan istifadə edə bilmədik. Əvəzində qapımızdan ikinci topu buraxdıq.
Təbii ki, seçmə mərhələni 1 xalla başa vurmağımızdan mən də razı deyiləm. Ancaq qeyd etməliyəm ki, bu seçmə mərhələdə bir neçə gənc futbolçuya oynamaq imkanı yaratdıq, keyfiyyətli rəqiblərlə qarşılaşdıq”.  
 
Pavel Hapal (Slovakiya milli komandasının baş məşqçisi): “Biz oyuna yaxşı başladıq və bir neçə təhlükəli epizodlar yaratdıq. Rəqib isə kompakt oynadı. Fasilədən sonra sanki Azərbaycan millisinin futbolçularında bir canlanma yaşandı. Bizdə isə əksinə, ikinci hissədə futbolçularım bir qədər həvəsdən düşdülər. Uelsin hesabda öndə olması xəbəri də təsir etməyə bilməzdi. Azərbaycan millisinin hesabı bərabərləşdirmək imkanı oldu, ancaq qapıçımız əla çıxış edərək buna imkan vermədi. Həmin epizod zamanı bir qədər də bəxtimiz gətirdi. Ardınca isə ikinci qolu vurduq”.
 
Baş Sponsor 
Proyekt Partnyorları