az en
News / “Sabah bizi böyük oyun gözləyir”

“Sabah bizi böyük oyun gözləyir”

A Milli Dərc olundu: 08.09.2019 Çap
Avro-2020-nin seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 9-da, saat 20:00-da, “Bakcell Arena”da keçiriləcək Azərbaycan - Xorvatiya oyunu ərəfəsində millimizin baş məşqçisi Nikola Yurçeviçin, həmçinin komandanın üzvü Mahir Emrelinin iştirakı ilə bu gün mətbuat konfransı təşkil olunub:
 
“Sabah bizi böyük oyun gözləyir”
Nikola Yurçeviç: “Sabah bizi böyük oyun gözləyir. Dünya çempionatının finalçısına qarşı mübarizə aparacağıq. Motivasiyamız yüksək səviyyədədir. İki gün əvvəl Uelslə oyunda məyusedici nəticə qazandıq. Sona 5 dəqiqə qalmış qapımızdan ikinci qolu buraxdıq. Bu seçmə mərhələdə keçirdiyimiz ən yaxşı iki oyundan biridir. Xorvatiya ilə səfər matçında da yaxşı mübarizə aparmışdıq. Oyunçularla söhbətimiz olub, onlar xorvatlarla görüşə yaxşı kökləniblər. Çətin rəqiblə qarşılaşacağıq. Xorvatiya millisinin heyətində ulduz futbolçular çoxdur. Onları siz də tanıyırsız. Amma bu o demək deyil ki, şansımız yoxdur. Tək müdafiədə yox, hücumda da kompakt oynamağa, təhlükəli əks-hücumlar qurmağa, xallar qazanmağa çalışacağıq. Kiçik zədəsi olan futbolçularımız var. Heyəti onlarla söhbət etdikdən sonra quracağıq. Qapıçı ilə bağlı isə hələ qərar verməmişik. Zədəli futbolçulardan Eddi İsrafilovla bir neçə dəfə söhbətimiz olub. Məşqlərə başladığını, ancaq hələ ki maksimum 15-20 dəqiqə oynayacaq gücdə olduğunu bildirib.
Əlbəttə, hər bir komandanın zəif cəhətləri var. Məsələn, Xorvatiya Slovakiya ilə ilk oyunda yaxşı çıxış etməmişdi, amma ikinci görüşdə fərqli oyun nümayiş etdirdi. Ümumiyyətlə, rəqibimiz Slovakiya ilə son matç istisna olmaqla digər matçlarda heç də yaxşı oyun nümayiş etdirməyib. Ümid edirik ki, onlar sabah da əvvəlki kimi çıxış edəcəklər və bu bizim lehimizə işləyəcək”.
 
Mahir Emreli: “Bizi ağır oyun gözləyir. Rəqibin gücü bəllidir. Xorvatiya kimi komandaya qarşı oynamaq özü bizim üçün motivasiya olmalıdır. Doğma meydanda ən yaxşısını etməyə çalışacağıq. Bunu bacaracağımıza inanırıq. Onlarla ilk oyunda sensasiya etməyə yaxın idi. Bu dəfə niyə bunu etməyək? Əlbəttə, biz də qələbə qazanmaq, azarkeşlərimizi sevindirmək istəyirik. Xorvatlarla səfərdəki oyunda buna yaxın idik. Keçirdiyimiz oyunlar arasında ən uğursuz qarşılaşma kimi Slovakiya ilə görüşü qeyd edərdim”.
 
Baş Sponsor 
Partnyorlar