az en
News / “Bu qələbələr futbolçuların özlərinə olan inamı daha da artırır”

“Bu qələbələr futbolçuların özlərinə olan inamı daha da artırır”

A Milli Dərc olundu: 19.11.2022 Çap
Sabah Skopyedə keçiriləcək Şimali Makedoniya -  Azərbaycan beynəlxalq yoldaşlıq oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin və komandanın kapitanı Emin Mahmudovun səsləndiridyi fikirlərini nəzərinizə çatdırırıq:
 
“Bu qələbələr futbolçuların özlərinə olan inamı daha da artırır”
“Şimali Makedoniya millisi yaxşı komandadır. Yaxşı keyfiyyətli futbolçuları var. Əksər oyunçuları Avropada oynayır. İtaliya ilə matçlarını futbolçularımıza göstərdim. Düşünürəm ki, qələbə seriyasını davam etdirə bilərik. Bir az bəxt olsa, bir az da xarakter göstərsək, bunu bacararıq. Futbolçularla söhbət zamanı nə etməli olduğumuzu bildirirəm. Moldova milli komandasına qarşı keçirdiyimiz son oyunda rəqib qapısına 18 zərbə endirdik. Oyunu daha tez yekunlaşdırmalı idik. Mahir Emreli qol imkanından maksimum yararlanıb hesabı 3:0 etməli idi. Son dəqiqələrdə geri çəkildik və qapımızda qol gördük. İlk növbədə bu baxımdan inkişaf etməliyik.
Bu qarşılaşmalar seçmə mərhələ oyunlarına hazırlıq baxımından çox vacibdir. Qrupumuz çox çətindir. Martda güclü komandalara qarşı oyunlarımız olacaq. Həyatda heç vaxt heç nəyi bilmək olmaz. Təbii ki, ardıcıl qələbələr qazanmağımız futbolçuların özlərinə olan inamı daha da artırır. Futbolçularla söhbət zamanı bildirmişəm ki, yüksək keyfiyyətləri var. Buna əmin olmalıdırlar və bütün bacarıqlarını meydanda nümayiş etdirməlidirlər. Asan olmayacaq. İtirəcək bir şeyimiz yoxdur. Sona qədər mübarizə aparacağıq”.
 
Emin Mahmudov: “Ardıcıl qələbələr qazanmaq futbolçulara əlavə inam verir. Qələbə qazanmaq çox xoş hissdir. Uğurlu seriyanı davam etdirmək üçün hər futbolçu bütün bacarığını ortaya qoyacaq.
Şimali Makedoniya komandasının yaxşı oyunçuları var. Oyunlarını izləmişik. Elif Elmas, Enis Bardi kimi təhlükəli oyunçuları var. Komanda olaraq da yaxşı futbol nümayiş etdirirlər.
Etiraf edim ki, bir-iki il ərzində millidə bu qədər qol vuracağımı gözləmirdim. Bunun da əsas səbəbi daha əvvəllər az oynamağım idi. Oynadığım oyunlarda da qol imkanlarım az olurdu. İndi işlərim qaydasında gedir. Çox şadam ki, belə alındı və ardıcıl qollar vurdum. Mənim qol vurub-vurmamağım önəmli deyil, əsas məqsədim milli komandaya daha çox fayda verməkdir. Təbii ki, qol vursam daha yaxşı olar”.
 
Baş Sponsor 
Partnyorlar