az en
News / Azərbaycan A milli – Azərbaycan U-21: Məşqçi fikirləri

Azərbaycan A milli – Azərbaycan U-21: Məşqçi fikirləri

A Milli Dərc olundu: 01.06.2019 Çap
Bu gün “Dalğa Arena”da əsas və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandaları arasında keçirilmiş yoxlama oyunundan sonra hər iki baş məşqçinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
Azərbaycan A milli – Azərbaycan U-21: Məşqçi fikirləri
Nikola Yurçeviç (Azərbaycan milli komandasının baş məşqçisi): “Yaxşı oyun alındı. Gənclərdən ibarət komandamızın üzvləri özlərini yaxşı tərəfdən göstərdilər, oyunlarını bəyəndim. Əsas milliyə gəldikdə, bu görüş bizim üçün məşqi əvəz edən bir qarşılaşma oldu. Oyuna baxıb gələcək üçün işin davamını gətirmək baxımından nəticə çıxarmaq olar. Ümumi götürsək, matçdan  razı qaldım. Hazırlıq prosesində iştirak edən bütün futbolçulara oynamaq imkanı yaratdıq. Ola bilər kimsə az, kimsə daha çox meydanda oldu. Amma bunu əvvəlcədən planlaşdırmışdıq.
Macarıstan və Slovakiyaya qarşı meydana çıxacaq heyəti hələ müəyyənləşdirməmişik. Hər bir oyunçunun özünəməxsus üstün və zəif tərəfləri var. Kimin meydana çıxacağını qarşıdakı günlərdə futbolçular özləri bizə göstərəcəklər. 
Emil Balayev, Pavel Paşayev və Ramil Şeydayev komandaya iyunun 3-də qoşulacaqlar və cəmi 3-4 məşqdə iştirak edəcəklər. Eddi İsrafilovun zədələnməsini eşidəndə isə şok oldum. O, Xorvatiya və Litva ilə oyunlarda özünü yaxşı tərəfdən göstərmişdi. Eddi fiziki göstəricilərinə görə meydanın mərkəzində əsas oyunçularımızdan biri idi. Onun yoxluğu digər futbolçularımız üçün şans yaradacaq. Vəziyyətlə barışmalıyıq”.
 
Milan Obradoviç (Azərbaycan U-21 millisinin baş məşqçisi): “Hər iki komanda üçün qarşıdakı rəsmi görüşlərə hazırlıq baxımından vacib oyun oldu. Çoxlu futbolçunu meydanda yoxladıq. İndi Avropa çempionatının seçmə mərhələsində keçirəcəyimiz ilk qrup oyunu haqda düşünürük, sonra isə növbəti oyunlara baxacağıq. Təlim-məşq toplanışının gedişi məni sevindirir. İki həftəyə yaxındı bir yerdəyik, uşaqlar verilən tapşırıqları yerinə yetirmək üçün böyük səylə çalışırlar.
Əsas milliyə qarşıdakı oyunlarda uğurlar, yetirmələrimə isə bugünkü kimi hər iki hissədə bu cür səylə oynamağı arzulayıram. Əsas milli ilə yoxlama oyunu bizim üçün vacib idi. Çünki bu cür güclü rəqiblərlə yoxlama oyunu keçirmək imkanımız az olur. Futbolçularımın bugünkü oyundan zövq aldıqlarını deyə bilərəm. Onlar üzərlərinə düşən vəzifəni yaxşı dərk edirlər. Əsas tələbimiz taktiki, nizam-intizamla bağlı idi. Oyunda bu yüksək səviyyədə oldu. Futbolçuların meydandakı işindən razıyam və bu, nəticəsini göstərəcək.
Qarşıda Lixtenşteynlə oyunumuz var. Səfərə 3 xal qazanmaq üçün gedəcəyik. Rəqibdən daha yaxşı olduğumuzu düşünürəm. Ancaq bunu meydanda da sübut etməliyik”.
 
Baş Sponsor 
Partnyorlar