UEFA-nın təşkilatçılığı ilə Danimarkanın paytaxtı Kopenhagendə 55 üzv futbol federasiyasının sosial və ətraf mühit dayanıqlığı üzrə məsul şəxslərinin iştirakı ilə “Futbolda Uşaq Hüquqlarının Qorunması” mövzusunda seminar keçirilib.
Tədbirin təşkilində məqsəd idman mühitində uşaqların təhlükəsizliyi, rifahı və hüquqlarının müdafiəsi üzrə müasir standartların federasiyalar arasında harmonizasiya olunması, dayanıqlı idarəetmə sahəsində ən yaxşı təcrübələrin paylaşılması, həmçinin dayanıqlı və şəffaf idarəetmə modelinin inkişafına töhfə verməkdir.
Seminarda iştirak edən AFFA-nın Sosial və ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva aparıcı federasiyaların nümayəndələri ilə fikir mübadiləsi aparıb, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi və dayanıqlı idman mühiti quruculuğu sahəsində görülən işlər barədə məlumat verib.
İki gün davam edən tədbir çərçivəsində iştirakçılar uşaq hüquqlarının qorunması üzrə UEFA-nın yeni çərçivə modeli, risklərin qiymətləndirilməsi və müdafiə protokolları, uşaqlar üçün təhlükəsiz idman mühiti yaradılması mövzuları ətrafında geniş fikir mübadiləsi aparıblar.
Seminar UEFA-ya üzv federasiyalar arasında əməkdaşlığın gücləndirilməsinə, uşaqlar üçün təhlükəsiz, müdafiə olunan və inklüziv futbol mühitinin yaradılmasına töhfə verən mühüm platforma kimi qiymətləndirilir.