az en
Əsasnamə Cədvəl Təqvim
2025/2026-cı illər mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən 12 yaşadək (U-12) qızlardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının
 
Əsasnaməsi
 
1. Əsas müddəalar
 
1.1 Bu qaydalar liqada iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
 
2. Məqsəd və vəzifələr
 
2.1 AFFA U-12 Qızlar Liqası aşağıdakı məqsədlər üçün keçirilir:
Uşaq və yeniyetmələr (qızlar) arasında futbolun təbliği və kütləviliyi;
Uşaq və yeniyetmə qız futbolçuların ustalığının yüksəldilməsi;
Uşaq və yeniyetmə qız futbolçuların klublarda hazırlanması və yığma komandalara cəlb olunması;
Komandaların mövsümün yekununda tutduqları yerin müəyyən edilməsi.
 
3. İştirakçıların müəyyən olunması
 
3.1 AFFA U-12 Qızlar Liqasında klublara və komandalara iştirak hüququnu AFFA verir.
3.2 AFFA U-12 Qızlar Liqasında bir klub bir ad altında, bir komanda ilə təmsil oluna bilər.
 
4. Futbolçuların təvəllüdləri və liqalardakı iştirakı
 
4.1 AFFA U-12 Qızlar Liqasında 2015, 2016 və 2017-ci il təvəllüdlü oyunçular iştirak edə bilər. 
4.2 AFFA U-12 Qızlar Liqasında 2017-ci il təvəllüdlü oyunçuların ən çox 2 nəfəri eyni anda meydançada ola bilər.
4.3 Qeyd olunan təvəllüdlər üzrə oyunçular yalnız qeydiyyatdan keçdiyi liqada iştirak edə bilər.
 
5. Qeydiyyat qaydaları, transfer, icarə və sifariş məsələləri
 
5.1 Qızlar Liqası komandaları 2025-26-ci illər mövsümündən etibarən “Futbola Qoşul” onlayn qeydiyyat sistemi vasitəsi ilə oyunçu/məşqçilərini qeydiyyatdan keçirdikdən sonra, komandanı tərtib edir. Yeni tətbiq edilmiş “Lisenziya Kartlarına Bax”  funksiyası vasitəsi ilə komandasına baxıb sonra onu yükləyib/çap etməklə oyunun keçirilmə yerinə gətirməlidir. Lisenziya kartları plastik formada olmayacaq. Lisenziya kartları A4 formatda çap edilmiş formada yarış yerinə gətirilməsi birbaşa klub/komandanın məsuliyyəti olacaq. Protokol çap edilmiş A4 lisenziya kartları ilə birgə hakimə təqdim olunmalıdır. Hər hansı neqativ hal və ya şübhə olduqda hakim lisenziyanı və oyunçunu əvvəlcədən “Play Market”dən yüklədiyi “AFFA QR Code Scanner” vasitəsilə lisenziyanı yoxlaya bilər. Lisenziya yoxlanılan zaman oyunçu mövsümdə aktivdirsə skan edildikdə telefonun/planşetin ekranında əks olunacaq. Mövcud deyilsə yenə ekranda müvafiq yazı ilə (mövcud deyil və ya digər şəxsin məlumatı/şəkli ilə) əks etdiriləcək. Çap olunmuş A4 lisenziya formasında sənədin yüklənmə tarixi və mənbəyi (Futbola qoşul) göstərilir. Bu yeni funksiyaya liqasından asılı olmayaraq bütün klub/komandaların giriş imkanı olacaq. 
5.2 Hər bir oyunçu eyni zamanda yalnız bir klubda qeydiyyatda ola bilər.
5.3 Oyunçuların statusu və transferi ilə bağlı olan mübahisələrə AFFA Oyunçuların Statusu və Transferi haqqında Əsasnaməyə müvafiq olaraq AFFA Oyunçuların Statusu və Transferi Komitəsinin Prosedur Qaydalarında göstərildiyi qaydada baxılır. 
5.4 AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin qərarlarından şikayət vermə qaydası Apellyasiya Arbitraj Tribunalının Əsasnaməsinə uyğun olaraq müəyyən olunur.
5.5 Hər oyunçu mövsüm ərzində ən çox iki klubda çıxış edə bilər. 
5.6 Oyunçuların mövsüm ərzində əlavə sifarişi və transferləri aşağıda göstərilən qaydalar üzrə həyata keçirilməlidir:
a) Klubun əlavə sifariş etmək hüququna məhdudiyyət yoxdur.
b) Transferlərin müddəti Qadın futbolu departamenti - Liqaların təşkili şöbəsi (bundan sonra Liqaların təşkili şöbəsi) tərəfindən əvvəlcədən rəsmi elan olunur.
5.7 Transfer pəncərəsi dövründə edilən müraciətlərin qərarı cari mövsüm ərzində icra oluna bilər. Transfer pəncərəsindən əvvəl və ya sonra edilən məsələlərə bağlı qərar növbəti mövsümə şamil edilir. 
5.8 Bütün təqdim olunan sənədlərə görə klub və baş məşqçi məsuliyyət daşıyır.
 
6. Klub və ya komanda tərəfindən təqdim olunmuş futbolçuların saxta sənədləri
 
6.1 Mövsüm ərzində aşağıda göstərilən hallar sənədlərin saxtalaşdırılması kimi qəbul olunur:
a) Sifariş zamanı təqdim olunan aşağıdakı sənədlər saxta olarsa:
Doğum haqqında şəhadətnamə
Şəxsiyyət vəsiqəsi
Ümumvətəndaş pasportu
Tibbi arayış
Elektron formatda təqdim olunan 3x4 ölçüdə fotoşəkil
Müqavilə və s.
b) Bir oyunçunun digər oyunçuya məxsus olan elektron lisenziya ilə oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı;
c) Lisenziyasız oyunçunu oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı;
Qeyd: Saxtakarlıq edən klub və ya komanda həmin tur üçün nəzərdə tutulan yol xərcinin (nəqliyyat xərci ödənilməyən komanda üçün bu, məşqçinin xidmət haqqına əsasən hesablanır.) 100% miqdarında müəyyən olunmuş cəzalandırılır. 
6.2 Yuxarıda göstərilən hallar aşkarlanarsa, bu cəzalar İntizam Komitəsi tərəfindən tətbiq oluna bilər:
a) Oyunçunun iştirak etdiyi bütün oyunların nəticələrinin ləğvi (texniki məğlubiyyət);
b) Oyunçunun lisenziyasının ləğvi;
c) Məşqçinin yarışda iştirak etmək üçün verilən lisenziyasının 12 aylıq ləğvi;
d) Məşqçinin məşqçilik lisenziyasının (Pro, A, B, C, D məşqçilik kateqoriyası) ləğvi;
e) Kluba və ya təmsil etdiyi quruma xəbərdarlıq məktubunun göndərilməsi;
f) Məşqçinin futbolla bağlı fəaliyyətdən 12 aylıq uzaqlaşdırılması və s.
 
7. İştirakçı komandanın öhdəlikləri
 
7.1 İştirakçı klublar və ya komandalar bu Əsasnamənin hər bir bəndinə riayət etməlidirlər.
7.2 İştirakçı klublar və ya komandalar FİFA tərəfindən tərtib olunmuş Fair Play prinsiplərinə riayət etməlidirlər.
7.3 Klublar və komandalar onları təmsil edən hər hansı bir şəxsin (oyunçular, rəsmi şəxslər, azarkeşlər və s.) davranışına görə məsuliyyət daşıyırlar. Bir klubun məşqçisi digər klubun rəsmi heyətinə daxil ola bilməz və texniki zonada oyunlarında iştirak edə bilməz. Bu qayda pozularsa klub müvafiq qaydada cəzalandırılacaq.
7.4 Hər klub və ya komanda əlaqələndirici şəxsi təyin etməlidir və onu tələb olunan qaydada qeydiyyatdan keçirməlidir. Klub anketində əlaqə telefonu, elektron poçtun ünvanı (e-mail) və s. göstərilməlidir.
7.5 AFFA U-12 Liqasında iştirak edən komandalar ölkə xaricinə təlim-məşq toplanışına və ya beynəlxalq turnirlərə gedərsə və bu səfər Liqa təqvimi ilə eyni tarixə təsadüf edərsə, klub 20 gün əvvəl  AFFA-ya yazılı məlumat verməlidir. Milli yığma komandanın təlim-məşq toplanışı ilə AFFA U-12 Liqasının təqvim oyunları üst-üstə düşdüyü halda, liqanın oyunları həmin liqada sifariş olunmuş oyunçulardan ən azı 3 nəfəri yığma komandalara ezam olunarsa təxirə salına bilər.
7.6 Oyunlar AFFA tərəfindən 6 (altı) ədəd №4 top ilə təmin edilir. 
7.7 Regionlarda oyun zamanı stadionun mühafizəsi və həkim stadion tərəfindən təmin edilir. 
 
Oyun forması ilə bağlı qaydalar:
 
7.8 AFFA U-12 Qızlar Liqasının komandalarının formalarının üzərində həmin Liqanın şevronu əks oluna bilər. 
7.9 AFFA U-12 Qızlar Liqasında iştirak edən yeni komandaların idman geyimləri AFFA tərəfindən verilir (Qeyd: Peşəkar klublara şamil edilmir). 
7.10 Forma seçimində üstünlük ev sahibi komandaya verilir. Komandalar öncədən oyun forması ilə bağlı razılığa gəlməlidirlər.
7.11 Qarşılaşan komandaların forma rəngləri eyni olduqda, protokolda nominal qonaq qismində qeyd olunmuş komanda AFFA tərəfindən təqdim olunmuş oyun gödəkçələrini geyinir. 
7.12 Oyunçunun oyun formasının kürəyində nömrəsi olmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının altında qoruyucular (şitki) olmalıdır.
Qeyd: Oyunçunun oyun formasının arxa hissəsində nömrə olmadığı halda, komanda və ya klub müəyyən edilmiş yol xərcinin 50%-i məbləğində (nəqliyyat xərci ödənilməyən komanda üçün bu, məşqçinin xidmət haqqına əsasən hesablanır.) cərimə olunur. Eyni hal təkrar baş verdikdə, cərimənin məbləği 100%-ə qədər artırılır. (Peşəkar klublar üçün bu hallarda İntizam Komitəsinin müvafiq qərarı tətbiq edilir.)
7.13 İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol maykasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən Liqaların təşkili şöbəsinə məlumat verməlidir.
 
8. Yarışın keçirilmə sistemi
 
8.1 Yarışlar 1 (bir) seçmə mərhələdən ibarətdir.
8.2 Birinci seçmə mərhələ regionlardakı komandaların sayından asılı olaraq 2 (iki) və ya 3 (üç) dövrədən ibarətdir. AFFA U-12 Qızlar Liqasında ümumilikdə 22 komanda iştirak edir.
8.3 AFFA U-12 Qızlar liqası bu mövsüm 4 regiondan – Paytaxt (5 komanda), Qərb zonası (6 komanda), Mərkəz zonası (5 komanda), Şimal-Qərb (6 komanda) zonasından ibarətdir. Yarışlar bütün regionlar üzrə 3 (üç) dövrədən ibarətdir.
8.4 Yarışın təqvimi Liqaların təşkili şöbəsi tərəfindən tərtib olunur.
 
9. Meydan
 
9.1 Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydanlarda keçirilir. 
9.2 Meydanın uzunluğu (35-40 m.), eni (25-30 m.).
9.3 Meydanda iki qapı olmalıdır (2 x 3 metr).
9.4 Penalti nöqtəsindən qapı xəttinə olan məsafə 7 m.
9.5 Cərimə meydanı qapı xəttindən 9 m. məsafədə olan paralel olmalıdır.
 
Meydanın sxemi:
 
10. Oyunun təşkili
 
10.1 AFFA U-12 Qızlar Liqasının oyunları həftənin şənbə və ya bazar günləri keçirilir. İstisna hal kimi digər günlər Liqaların təşkili şöbəsi tərəfindən təyin oluna bilər.
10.2 Liqaların təşkili şöbəsi hər turdan öncə oyunların vaxtı ilə əlaqədar regional nümayəndəliyə və yaxud komandadakı əlaqələndirici şəxsə məlumat verir. Təqvimə uyğun olaraq adı birinci yerdə olan komanda ev sahibi hesab edilir.
10.3 Hər bir klub və ya komandanın əlaqələndirici şəxsi hər hansı turun ilk oyununun başlanmasından ən azı 4 gün öncə oyunun keçirilmə yeri və saat dəyişikliyi ilə bağlı müraciət edə bilər. Müraciətlər yalnız yazılı şəkildə və səbəbi göstərilmək şərti ilə qəbul olunacaqdır. 
10.4 Komandalar oyunun başlanmasından 60 dəqiqə öncə oyun keçirilən meydana gəlməlidirlər. Oyun başlanarkən klub və ya komanda meydanda olmazsa, həmin turun yol xərcinin 50 faizi miqdarında cəzalandırılır. Təyin olunan vaxtdan sonrakı 20 dəqiqə ərzində komanda meydanda olmadığı təqdirdə pul cəzası 100%-ə çatdırılır və oyunun protokolu bağlanılır. (Fors-major hallarına rast gəlinərsə, komanda bu haqda təcili Liqaların təşkili şöbəsinə məlumat verməli və Liqaların təşkili şöbəsi bu halları araşdırıb müvafiq qərar verməlidir) 
10.5 Elektron lisenziyalar komandalar tərəfindən çap olunub hakimə təqdim olunmalıdır. Oyundan əvvəl lisenziyalar oyunun hakiminə təqdim edilmədiyi halda hakim oyunu başlamamalıdır. 
10.6 AFFA U-12 Qızlar Liqasında komandalar AFFA tərəfindən nəqliyyat xərcləri ilə təmin olunur (paytaxt regionu və peşəkar futbol komandaları istisna olmaq şərti ilə).
10.7 AFFA U-12 Qızlar Liqasında mərkəzləşdirilmiş yerlərdə keçirilən oyunların stadionunun icarə haqqı AFFA tərəfindən ödənilir.
10.8 Pandemiya dövründə zərurət olarsa oyuna başlamazdan öncə mütləq olaraq toplar dezinfeksiya edilməlidir.
10.9 Pandemiya dövründə zərurət olarsa hər bir komanda ehtiyat oyunçu oturacaqlarında sosial məsafə qaydalarına riayət etməlidir.
10.10 Təcili Tibbi Yardım maşını və ya həkim briqadası oyundan 15 dəqiqə əvvəl meydançanın ərazisində olmalıdır (Təcili Tibbi Yardım və ya həkim briqadası olmadan baş hakim oyunu başlaya bilməz).
10.11 Oyun zamanı təhlükəsizlik stadion tərəfindən təşkil olunur. Stadion rəhbərliyi oyuna ən gec 15 dəqiqə qalmış meydanın ərazisini mühafizə və həkim ilə təmin etməlidir (Qeyd: Paytaxt zonasında oyunlara ev sahibliyi edən stadionu mühafizə ilə AFFA təmin edir). Mühafizə  və həkim olmadan baş hakim oyunu başlaya bilməz. 
10.12 Oyunlar AFFA tərəfindən təmin edilmiş toplarla keçirilir. 
 
11. Oyun qaydaları
 
11.1 Bütün oyunlar FİFA oyun qaydalarına əsasən keçirilir.
11.2 AFFA U-12 Liqasında “Oyundankənar“ (off-side) vəziyyəti və sarı, qırmızı vərəqə tətbiq olunmur.
11.3 Oyunlar iki hissədən ibarətdir. Hər hissə 20 (iyirmi dəqiqə), hissələrarası fasilə isə 5 dəqiqədir.
11.4 Oyunlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş futbolçularla həyata keçirilir. Oyunun protokoluna 18 futbolçunun (7 əsas, 11 ehtiyat) adı və soyadı yazıla bilər.
11.5 Yalnız rəsmi heyətdən 3 nəfər və 11 futbolçunun ehtiyat skamyalarında oturmalarına icazə verilir.
11.6 Top meydanı qapı xəttindən tərk edərsə, top meydana yalnız qapıçı tərəfindən, mərkəz xəttini keçməmək şərtilə əl və ya ayaq ilə daxil oluna bilər.
11.7 Qapıdan zərbə zamanı top mərkəz xəttini keçərsə rəqib sərbəst zərbə ilə oyuna başlayır.
11.8 Top mərkəzdən başlanıldığı zaman 3 toxunuş olmadan vurulan qol hesaba alınmır.
11.9 Oyun zamanı oyunçu öz qapıçısına (ünvanlı) ötürmə edərsə, qapıçının topa əl ilə toxunması qadağandır.
11.10 Texniki zonada tütün məmulatları istifadə etmək, həmçinin elektron siqaret çəkmək qadağandır.
 
12. Oyun zamanı futbolçuların əvəzlənməsi
 
12.1 Oyun ərzində hər komandada limitsiz və təkrar əvəzetmə mümkündür.
12.2 Oyunlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş oyunçularla həyata keçirilir. 
12.3 Meydana daxil olmağa hazırlaşan oyunçu hakimə çap olunmuş elektron lisenziya ilə yaxınlaşmalıdır.
12.4 Oyun ərzində ehtiyat oyunçular isinmə hərəkətlərini etmək üçün texniki zonanı tərk edə bilər. Oyunun hakimi oyundan öncə isinmə hərəkətləri üçün təyin olunmuş yerləri komandalara göstərir. İsinmə hərəkətlərini 5 oyunçu eyni zamanda edə bilər.          
Qeyd: Stadionun vəziyyətindən asılı olaraq oyunun baş hakimi eyni vaxtda isinmə hərəkətləri edəcək oyunçuların sayını müəyyən etmək hüququna malikdir.
                                                                
13. Oyunun protokolu
 
13.1 2025-26-ci illər mövsümündə AFFA U-12 Qızlar Liqasında elektron “FCMS – Yarışların İdarəetmə Sistemi” tətbiq olunacaq. 
13.2 Oyun protokoluna 18 oyunçunun (7 əsas, 11 ehtiyat) adı və soyadı yazılır.
13.3 Oyunun başlamasına 75 dəqiqə qalmış oyunun protokoluna nömrələri göstərilməklə oyunçuların adları, soyadları yazmalı və müvafiq oyunun hakiminin elektron poçt ünvanına göndərilməlidir. Protokolda hər hansı bir dəyişiklik olduğu halda, oyunun hakiminə oyun başlayana kimi çap olunmuş protokol oyunçuların elektron lisenziyaları ilə birlikdə təqdim edilməlidir. Komandalar oyunun başlanmasına ən azı 30 dəqiqə qalmış oyun keçirilən meydana gəlməlidirlər. Təqvimə uyğun olaraq adı birinci yerdə dayanan komanda ev sahibi hesab edilir.
13.4 Protokoldakı oyunçunun  adı, soyadı, təvəllüdü və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat skamyada oturan rəsmi şəxslərin adları, soyadları və vəzifələri yazılmalıdır. Elektron protokolun çap olunmuş forması hər iki komandanın rəsmi şəxsləri tərəfindən imzalanmalıdır.
13.5 İlk 7-lik kimi protokolda göstərilən oyunçular oyuna başlayır. Oyunçuların futbol formalarında göstərilən nömrələr, protokoldakı nömrələrlə uyğun gəlməlidir. Pandemiya dövründə yalnız 4 rəsmi şəxsin ehtiyat skamyada oturmalarına icazə verilir.
13.6 Hakimlər briqadası və AFFA tərəfindən təyin olunmuş nüməyəndə oyundan öncə protokolda göstərilən bütün şəxslərin lisenziyalarını yoxlayır. Yarışda iştirak edən komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyaya malik olmalıdır. Lisenziyada aşağıdakılar əks olunur:
Ad;
Soyad;
Ata adı;
Təvəllüdü;
Klubu;
Fotoşəkil;
İdman;
Rol; 
Mövsüm; 
AFFA ID (Lisenziyanın nömrəsi). 
13.7 Əgər oyunun protokolu tələb olunan vaxtda hakimlərə təqdim olunmazsa bu məsələyə AFFA-nın müvafiq mövsüm üçün təsdiq edilmiş İntizam Məcəlləsi və bu Əsasnaməyə müvafiq olaraq baxılacaqdır.
13.8 Yalnız ehtiyat oyunçu kimi göstərilən 11 nəfər oyun zamanı meydana daxil ola bilər. 
13.9 Oyunun başlaması üçün hər komandanın əsas heyətində minimum 7 nəfər oyunçu olmalıdır. Əks halda oyun baş tutmamış sayılır, komanda üçün nəzərdə tutulan nəqliyyat xərcinin 100% miqdarında cəzalandırılır  və oyunun protokolu bağlanılır. 
13.10 Oyun zamanı zədələnmə və s. kimi hallar baş verərsə, oyunçu dəyişikliyi üçün ehtiyyat oyunçu olmazsa  komanda 5 nəfər ilə (2 nəfər azlıqda) oyuna davam edə bilər. 4 nəfər oyunçu ilə oyuna davam edilə bilməz.
 
14. Oyun protokolunda futbolçu adlarının yer dəyişməsi
 
14.1 Hər iki komanda tərəfindən imzalanmış oyun protokolu hakimə təqdim olunduqdan sonra oyunçuların adlarının protokolda dəyişilməsi qadağandır. İstisna hallar aşağıdakılardır:
Əgər ilk 7-likdə göstərilən hər hansı oyunçunun oyundan öncə fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman 11 ehtiyat oyunçudan biri ilk 7-liyə daxil ola bilər.
Əgər oyun protokolunda göstərilən 11 ehtiyat oyunçudan hər hansı birinin fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman protokolda göstərilməyən, lakin elektron lisenziyası olan digər bir oyunçu ilə əvəzlənə bilər. 
 
15. Oyunlarda iştirakdan imtina və oyunların dayandırılması
 
15.1 Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə AFFA-nın İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilə bilər. Bu hal 3 dəfə təkrarlanarsa komanda İntizam Komitəsinin qərarına əsasən turnirdən kənarlaşdırılır. 
15.2 Səbəbindən asılı olmayaraq (yaş limitinin pozulması; yetər say olmadığı halda; oyuna gəlmədiyi halda və s.) çempionat ərzində 3 texniki məğlubiyyət alan komanda avtomatik turnirdən kənarlaşdırılır.
15.3 Liqadan hər hansı bir səbəbə görə kənarlaşdırılan komanda növbəti mövsüm liqaya buraxılmaya bilər.
15.4 Əgər oyun başlandıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, Qadınlar Liqasının təşkili şöbəsi klub və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər. Oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcəkdir. 
 
16. Hakimlik və İnspeksiya
 
16.1 AFFA U-12 Qızlar Liqasının oyunlarını AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakim idarə edir və hakimlik FİFA qaydaları əsasında həyata keçirilir. Hakimlər Komitəsi  AFFA U-12 Qızlar Liqasının oyunlarına 1 nəfərdən ibarət hakim təyin edir.
16.2 Hakim oyunun başlanmasından 60 dəqiqə öncə gəlib, meydanın oyuna hazırlıq vəziyyətini yoxlamalıdır. 
16.3 Hakim oyunun keçirilməsinə cavabdeh olan şəxslərdən tələb etməlidir ki, onlar meydança ilə bağlı olan nöqsanları oyunun başlanmasına kimi həll etsin. 
16.4 Protokollar oyun bitdikdən sonra növbəti günü saat 11:00 qədər AFFA-nın Qadınlar Liqasının təşkili şöbəsinə elektron poçt vasitəsilə göndərilməlidir. 
16.5 Baş hakim oyunun elektron protokoluna adı daxil edilmiş oyunçuların sənədlərini mütləq yoxlamalıdır. Oyuna sifariş edilmiş oyunçuların və iştirakçıların çap olunmuş elektron lisenziyaları zərurət olduqda oyunun sonunadək baş hakimdə qala bilər. 
16.6 Komandalar tərəfindən hakimlərin dəyişdirilməsi ilə əlaqədar xahiş qəbul olunmur.
 
17. AFFA intizam qərarları
 
17.1 Oyunçular İntizam Komitəsinin qərarları əsasında cəzalandırılır. Oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları İntizam Komitəsi qəbul edir. İntizam Komitəsinin qərarları affa.az saytında dərc edilir və cəzalı oyunçuların meydanda olub olmamasına görə məsuliyyəti komanda daşıyır.
 
Sarı və qırmızı vərəqələr
 
17.2 AFFA U-12 Qızlar Liqasında sarı və qırmızı vərəqələrdən istifadə olunmur.
17.3 Oyun zamanı kobudluq edən oyunçu olarsa, oyunun baş hakimi tərəfindən baş məşqçiyə bildirilir və həmin hissə oyundan kənarlaşdırılır. Əgər oyunçu ilk hissədə cəzalandırılıbsa, ikinci hissədə yenidən meydana daxil ola bilər. Əgər ikinci hissədə cəzalandırılıbsa, həmin oyunda meydana daxil ola bilməz. Cəza yalnız kobudluq etdiyi tura şamil olunur.
17.4 Oyun zamanı cəzalandırılmış oyunçunun əvəzinə digər oyunçu meydana daxil ola bilər. 17.5 Oyun ərzində zədələnmə və s. kimi hallar baş verərsə, oyunçu dəyişikliyi üçün ehtiyat oyunçu olmazsa, komanda maksimum 5 nəfər ilə oyuna davam edə bilər. Oyun gedişi zamanı zədə alanların sayı 3 nəfər olarsa, oyunun baş hakimi oyunu saxlayır və protokol bağlanılır.
 
18. Protestlər
 
18.1 Protest verən baş məşqçi oyundan dərhal sonra bu haqda baş hakimi xəbərdar etməlidir. Protestin verilməsi oyunun protokolunda öz əksini tapmalıdır. Oyunun gedişində ciddi münaqişələr baş verərsə, oyunun baş hakimi AFFA-nın Liqaların təşkili şöbəsinə öz izahatlarını göndərməlidirlər. Protest komandanın baş məşqçisi tərəfindən imzalanmalı, 24 saat ərzində AFFA-nın Liqaların təşkili şöbəsinə çatdırılmalıdır.  
18.2 Protestlərə aşağıdakı hallarda baxılmır:
7 metrlik cərimə zərbələrinin (penalti) təyin olunması
7 metrlik cərimə zərbələrinin (penalti) təyin olunmaması
Topun qapı xəttini keçib-keçməməsi barədə
18.3 İntizam Komitəsinin qərarlarından şikayət vermə qaydası Apellyasiya Arbitraj Tribunalının Əsasnaməsinə uyğun olaraq müəyyən olunur. 
 
19. Mükafatlandırma
 
19.1 Liqada keçiriləcək oyunların nəticəsi qeydə alınmayacaq, liqa üzrə qaliblər müəyyənləşdirilməyəcək.
19.2 Nəticələr qeydə alınmayacağı üçün final mərhələsi təşkil olunmayacaq.
 
20. Mətbuat
 
20.1 Oyundan sonra müraciət olunduqda hər hansı oyunçu, məşqçi və klub rəsmisindən mətbuat nümayəndələri müsahibə almaq hüququna malikdirlər.
 
21. Stadion və iştirakçı komandaların təminatı
 
21.1 Mövsüm ərzində AFFA tərəfindən stadionlar aşağıdakı bəndlər üzrə təmin olunur:
a) Top №4 (təsdiq edilmiş sayda);
b) Qapı toru;
c) Oyun gödəkçələri.
21.2 Mövsüm ərzində AFFA tərəfindən müəyyən olunmuş komandalar aşağıdakı bəndlər üzrə təmin olunur (Qeyd: Peşəkar klublara şamil edilmir):
a. Top №4 (təsdiq edilmiş sayda);
     b.   Oyun formaları.
 
22. Reklam lövhələri və aksiyaları
 
22.1  Meydançada tələb olunarsa reklam lövhələri yerləşdirilməlidir.
 
 
23. Cərimələrin tətbiqi
 
23.1 AFFA tərəfindən komandalara oyunlar üçün nəqliyyat vasitələri, nəqliyyat xərcləri və komanda məşqçiləri üçün xidmət haqqı təyin olunur (paytaxt regionu və peşəkar komandalar istisna olmaq şərtilə). Komandaların oyuna gəlmədiyi, yaş limitinin pozulması, yetərsay olmadığı və bir sıra digər səbəblərdən oyunlar baş tutmadığı təqdirdə İntizam Komitəsinin müvafiq qərarına əsasən nəqliyyat xərcləri və ya xidmət haqqından cərimə tətbiq oluna bilər. Cərimələrin tətbiqi aşağıdakı kimidir: 
a) Səbəbindən asılı olmayaraq (yaş limitinin pozulması; yetər say olmadığı halda; oyuna gəlmədiyi halda və s.) texniki məğlubiyyət alan komanda nəqliyyat xərcinin  (nəqliyyat xərci ödənilməyən komanda üçün bu, məşqçinin xidmət haqqına əsasən hesablanır.) 100% miqdarında cəzalandırılır;
b) Oyuna gecikmə halı baş verərsə, (təyin olunan vaxtdan sonrakı 20 dəqiqə ərzində komanda meydanda olmadığı təqdirdə komanda nəqliyyat xərcinin (nəqliyyat xərci ödənilməyən komanda üçün bu, məşqçinin xidmət haqqına əsasən hesablanır.) 100% miqdarında cəzalandırılır;
c) Oyunçunun oyun forması qaydasında olmadığı təqdirdə (formasının kürəyində nömrəsinin olmaması; futbol corablarının altında qoruyucular (şitki) olmaması və s. hallarda) komanda məşqçisinin nəqliyyat xərcindən (nəqliyyat xərci ödənilməyən komanda üçün bu, məşqçinin xidmət haqqına əsasən hesablanır.) ilk halda 30%, bu hal ikinci dəfə təkrarlanarsa 50% tutulacaq. Bu hal 3-cü dəfə təkrarlandığı təqdirdə həmin qaydaları pozan komanda çempionatdan kənarlaşdırılacaq.
 
24. Yekun müddəalar
 
24.1. Bu Əsasnamə FIFA, UEFA və AFFA-nın nizamnamələrinə və digər sənədlərinə uyğun şəkildə hazırlanmışdır.
24.2. Bu Əsasnamə imzalandığı tarixdən qüvvəyə minir və 2025/2026-cı il mövsümü üzrə qüvvədə olacaqdır.
24.3. Əsasnaməyə dəyişikliklər və əlavələr yalnız AFFA-nın Baş Katibi tərəfindən edilə bilər.
24.4. Bu Əsasnamə ilə FİFA, UEFA-nın müvafiq qaydaları, tövsiyyələri və bununla bağlı digər sənədlər arasında əhəmiyyətli ziddiyət olduqda FİFA və UEFA tərəfindən qəbul edilmiş sənədlər üstün qüvvəyə malikdir.
Baş Sponsor