az en
News / "Aqressiv, istəkli, əzmkar oynamalıyıq"

"Aqressiv, istəkli, əzmkar oynamalıyıq"

Məşqçilər Dərc olundu: 24.03.2025 Çap
Yoldaşlıq görüşü çərçivəsində keçiriləcək Azərbaycan – Belarus oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Fernandu Santuş və komandamızın yarımmüdafiəçisi Səbuhi Abdullazadənin səsləndirdiyi fikirləri nəzərinizə çatdırırıq:
"Aqressiv, istəkli, əzmkar oynamalıyıq"
Fernandu Santuş: “Haiti ilə oyunla müqayisədə heyətdə müəyyən dəyişikliklər olacaq. Bəzi futbolçulara istirahət verəcəyik. Qısa müddətdə ardıcıl iki oyun keçirmək asan deyil. Ramazan ayıdır, futbolçuların çoxu oruc tutur. Hörmətlə yanaşırıq və buna uyğun dəyişikliklər edəcəyik. Aqressiv, istəkli, əzmkar oynamalıyıq. Müdafiədə daha inamlı olmaq lazımdır. Çünki Haiti ilə görüşdə sadə qollar buraxdıq. Sabah qol vurmağımız da çox vacibdir. Topa sahib olan tərəf olmağa çalışacağıq. Bununla yanaşı, ələ düşən şansları qola çevirmək önəmlidir. Hücumda daha iti oynamaq istəyirik. Futbolda belə hallar olur. Qol epizodları yaratsan da, dəyərləndirə bilmirsən. Amma gec-tez bunun bəhrəsini görürsən. Kollektiv şəkildə oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Ümid edirəm ki, ilk qalibiyyətimizi sabah qazanacağıq".
Səbuhi Abdullazadə: “İki gün əvvəl Haitiyə məğlub olmuşduq. Ümid edirik ki, sabahkı matçda həmin nəticəni unutdurarıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Oyuna həm fiziki, həm də psixoloji cəhətdən hazırlamışıq, bu sınaqdan üzüağ çıxmaq istəyirik".
Qeyd edək ki, martın 25-də “Bank Respublika Arena”da keçiriləcək Azərbaycan – Belarus matçı saat 21:45-də başlayacaq.
 
Baş Sponsor