UEFA-nın dəstəyi və AFFA-nın təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən “Playmakers” layihəsinin koordinatoru Kifayət Mustafayeva və təlimçisi Gülyana Özcan İsveçrənin Nyon şəhərində keçirilən konfransda iştirak ediblər.
AFFA-nın əməkdaşları UEFA tərəfindən təşkil olunan “Playmakers” adı altında konfransda erkən yaşdan qızların yaradıcılıq və oyun əsaslı inkişafı, futbol oyunu vasitəsilə liderlik, özünəinam və sosial bacarıqların inkişafı mövzusunda qrup işlərində və məşq proseslərində yer alıblar.
Qeyd edək ki, 5-8 yaşlı qızlar üçün təşkil olunan layihəyə Azərbaycanda 2023-cü ildə start verilib və 24 mərkəzi əhatə edir. Layihə nəticəsində 2025/2026-cı illər mövsümündə 5 qız komandası AFFA-nın bayrağı altında təşkil olunan U-12 Qızlar Liqasına, 1 komanda isə U-14 Qızlar Liqasına cəlb olunacaq. Layihənin keçirilməsində əsas məqsəd erkən yaşdan qızların oyun və yaradıcı fəaliyyətlərdə fəal iştirakını təşviq edərək cəmiyyətdəki gender bərabərliyi dəyərlərini erkən yaşdan gücləndirmək və istedadlı qızların gələcəkdə peşəkar futbolçu, məşqçi və lider kimi inkişafına dəstək olmaqdır.