az en
Əsasnamə Təqvim Cədvəl Final
2026/2027-ci illər mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən 13 yaşadək (U-13) oğlan oyunçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının
 
Əsasnaməsi
1. Əsas müddəalar
1.1 Bu qaydalar liqada iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
2.Məqsəd və vəzifələr
2.1 AFFA U-13 Liqası aşağıdakı məqsədlər üçün keçirilir:
• Oğlanlar arasında futbolun təbliği və kütləviliyi;
• Oğlan oyunçuların ustalığının yüksəldilməsi;
• Oğlan oyunçuların klublarda hazırlanması və milli komandalara cəlb olunması;
• İdman fəaliyyətlərini boş vaxt üçün istifadə etmənin təşviqi və populyarlaşdırılması;
• Komandaların mövsümün yekununda tutduğu yerin müəyyən edilməsi;
 
3.İştirakçıların müəyyən olunması
3.1 U-13 Liqasında klublara və komandalara iştirak hüququnu AFFA verir.   
3.2 Misli Premyer Liqasında iştirak edən klubların müvafiq yaş qrupundan ibarət komandasının AFFA U-13 Liqasının cari mövsümündə iştirakı mütləqdir.                         
 
4.İştirakçı komandanın öhdəlikləri
 
4.1 İştirakçı klublar və ya komandalar bu Əsasnamənin bütün bəndlərinə riayət etməlidirlər.
4.2 İştirakçı klublar və ya komandalar FİFA tərəfindən tərtib olunmuş Fair-Play prinsiplərinə riayət etməlidirlər.
4.3 Klublar və komandalar onları təmsil edən hər hansı bir şəxsin (oyunçular, rəsmi şəxslər, azarkeşlər, valideynlər və b.) davranışına görə məsuliyyət daşıyırlar.
4.4 AFFA U-13 Liqasında iştirak edən klublar və ya komandalar xarici ölkələrə təlim-məşq toplanışına və ya beynəlxalq turnirlərə gedərsə və bu səfər Liqa təqvimi ilə üst-üstə düşərsə, klub 20 gün əvvəl AFFA-nın Liqaların Təşkili şöbəsinə  yazılı məlumat verməlidir. Klubun təlim-məşq toplanışı ilə AFFA U-13 Liqasının təqvim oyunları üst-üstə düşdüyü halda, oyunların təxirə salınıb-salınmaması ilə bağlı son qərarı AFFA verir.
4.5 İştirakçı klub və komandalar oyunçuların lizensiyalarını rəngli formatda çap edib özləri ilə oyuna gətirməlidir.
 
5.Transfer, icarə və sifariş məsələləri
 
5.1 Hər bir oyunçu eyni zamanda yalnız bir klubda qeydiyyatda ola bilər. Hər bir oyunçu cari mövsüm ərzində maksimum ən çox 4 klubda qeydiyyatda ola, 3 klubda iştirak edə bilər.
5.2 Cari mövsüm ərzində heç bir komandaya cəlb edilməyən oyunçu istənilən zaman digər komandaya cəlb oluna bilər. 01.01.2027-ci il tarixindən – 31.01.2027-ci il tarixinədək qış transfer pəncərəsi açıq elan edilir (Yalnız “Transfer pəncərəsi” dövründə müqaviləyə xitam verilə bilər. “Transfer pəncərəsi” başa çatdıqdan sonra müqaviləsinə xitam verilmiş oyunçular digər komandaya keçid edə bilməzlər).
Qeyd: “Transfer pəncərəsi” başa çatdıqdan sonra 1/8 final mərhələsinə vəsiqə qazanan komandalar yalnız öz zonalarında çıxış edən komandalardan oyunçu cəlb edə bilər və bu keçid oyunçunun mövsüm ərzində 3-cü klubda iştirakı hesab olunur.
5.3 Transfer pəncərəsi başa çatdıqdan sonra adı oyun protokulunda qeyd edilməyən, həmçinin adı oyun protokolunda qeyd edilən, lakin heç bir oyunda iştirak etməyən oyunçu digər komandaya cəlb oluna bilər.
5.4 Oyunçuların Statusu və Transferi Əsasnaməsinə əsasən Oyunçuların statusu və transferi ilə əlaqədar yaranan mübahisələrə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsində baxılır.
5.5 Bütün təqdim olunan sənədlərə görə klub və baş məşqçi məsuliyyət daşıyır.
 
6.Oyun forması ilə bağlı qaydalar:
 
6.1 Qarşılaşan komandaların forma rəngləri eyni olduqda, protokolda nominal qonaq qismində qeyd olunmuş komanda AFFA tərəfindən təqdim olunmuş oyun gödəkçələrini geyinir.
6.2 Oyunçunun oyun formasının kürəyində nömrəsi olmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının altında mütləq qoruyucular (şitki) olmalıdır.
6.3 İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol maykasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən LTŞ-yə məlumat verməlidir.
 
7.Klublar və ya komandalar üçün qeydiyyat qaydaları
 
7.1 AFFA-nın rəsmi internet səhifəsində (www.affa.az) ”Futbola Qoşul” onlayn qeydiyyat sistemində oyunçu və digər iştirakçıların qeydiyyat qaydaları təqdim edilib.
7.2 Qeydiyyat qaydalarında tələb olunan sənədlərə bilərəkdən həqiqi olmayan məlumatı vermək məqsədi ilə edilən dəyişikliklər sənəd saxtalaşdırılması kimi qəbul edilir və müvafiq olaraq məsuliyyət yaradır.
Qeyd: Sənəd saxtalaşdırılması edən klub və ya komandaya həmin tur üçün nəzərdə tutulan yol xərcinin 100% miqdarında ödənişdən imtina edilir.
 
8.Yarışın keçirilmə sistemi
 
8.1 Yarışlar iki (2) mərhələ və final mərhələsindən ibarətdir.
 
I mərhələ
8.2 I mərhələ regionlardakı komandaların sayından asılı olaraq iki, üç və dörd dövrədən ibarətdir.
8.3 Komandaların birinci dövrədə topladığı xallar növbəti dövrədə qüvvədə qalır.
8.4 AFFA U-13 Liqasında hər bölgə üzrə iştirak edəcək komandaların sayı, oyunların təşkili üçün seçilmiş şəhərlər və oyunların keçirilmə sistemi aşağıda göstərilir:
 
8.5 Təqvimlər Liqaların Təşkili şöbəsi tərəfindən tərtib olunur.
8.6 I mərhələnin qaliblərinin müəyyən olunması:
a) Komandaların turnir cədvəlində tutduğu yerlər toplanmış xallara görə müəyyən olunur
b) Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə görə isə xal verilmir
c) Komandaların xalları bərabər olarsa, turnir cədvəlindəki sıralama aşağıdakı göstəricilərə görə müəyyən olunur:
• Komandaların öz aralarında keçirdikləri oyunların nəticələrinə əsasən;
• Komandaların öz aralarında keçirdikləri oyunlarda vurulmuş və buraxılmış qolların sayına əsasən;
• Bütün oyunlarda vurulmuş və buraxılmış qolların fərqinə görə;
• Bütün oyunlarda vurulmuş qolların sayına əsasən;
• Komandaların qələbə sayına əsasən;
• Ən az qırmızı və sarı vərəqələrə görə toplamış xalların fərqinə əsasən (sarı vərəqə 1 xal, qırmızı vərəqə 3 xal);
• Bütün göstəricilər eyni olarsa, yenidən komandalar arasında bir oyun keçirilir və nəticəyə əsasən turnir cədvəlində yer müəyyən edilir.
8.7 Bölgələr üzrə final mərhələsinə aşağıda göstərilmiş qaydaya uyğun olaraq 16 komanda vəsiqə qazanır:
I mərhələdə Bakı şəhəri üzrə ümumilikdə 56 komanda iştirak edir və komandalar A, B, C, D, E, F, G və H olmaqla 8 qrupa bölünür. Hər qrupda 7 komanda mübarizə aparır. I mərhələdə oyunlar bir dövrədən ibarət keçirilir. I mərhələnin başa çatmasından sonra komandaların topladığı xallar sıfırlanır.
I mərhələnin son turunun oyunlarından sonra A, B, C, D, E, F, G və H qruplarında ilk iki pillədə qərarlaşan komandalar II mərhələdə A qrupunda mübarizə aparırlar. Beləliklə, A qrupunda ümumilikdə 16 komanda iştirak edir.
Hər qrupda 3-cü pillədə qərarlaşan 8 komanda B qrupunda, 4-cü pillədə qərarlaşan 8 komanda C qrupunda, 5-ci pillədə qərarlaşan 8 komanda D qrupunda, 6-cı pillədə qərarlaşan 8 komanda E qrupunda, 7-ci pillədə qərarlaşan 8 komanda isə F qrupunda mübarizə aparır.
II mərhələdə A qrupunda 16 komanda bir dövrədən ibarət oyunlar keçirir. A qrupunda keçirilən oyunların yekunlarına əsasən ilk 5 pillədə qərarlaşan komandalar final mərhələsinə yüksəlirlər.
B, C, D, E və F qruplarında mübarizə aparan komandalar isə 3 dövrədən ibarət oyunlar keçirərək mövsümün sonunadək həmin qruplarda yarışlarını davam etdirirlər.
 
Birbaşa final mərhələsinə vəsiqə qazanan komandalar:
 
Yuxarıdakı cədvəldə birbaşa final mərhələsinə vəsiqə qazanan komandaların sayı göstərilib.
II mərhələ vasitəsi ilə final mərhələsinə vəsiqə qazanan komandalar.
II mərhələdə ilk iki yerin sahibləri final mərhələyə vəsiqə qazanacaqlar:
• Sumqayıt və Siyəzən şəhərlərində keçiriləcək seçmə mərhələni ilk üç pillədə başa vuran komandalar bir dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
• Zaqatala və Mingəçevir şəhərlərində keçiriləcək seçmə mərhələni ilk üç pillədə başa vuran komandalar bir dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
• Ağsu, Saatlı və Ağcabədi şəhərlərində keçiriləcək seçmə mərhələni ilk iki pillədə başa vuran komandalar bir dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
• Biləsuvar və Lənkəran şəhərlərində keçiriləcək seçmə mərhələni ilk üç pillədə başa vuran komandalar bir dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
• Gəncə və Tovuz şəhərlərində keçiriləcək seçmə mərhələni ilk üç pillədə başa vuran komandalar bir dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
 
II mərhələnin keçirilmə şərtləri
 
I mərhələdə toplanan xallar II seçmə mərhələdə nəzərə alınmır.
II mərhələyə yüksələn komandaların oyunları 1 dövrədən ibarətdir.
II mərhələnin qalibləri I seçmə mərhələnin meyarlarına görə müəyyənləşdirilir.
 
9.Final mərhələsi
 
9.1 Final mərhələsində 16 komanda olimpiya sistemi ilə qarşılaşır.
9.2 Final mərhələsi 1/8, 1/4, 1/2 ,III yer uğrunda və final oyunundan ibarətdir.
9.3 1/2 final mərhələsində məğlub olan komandalar üçüncü yer uğrunda, qaliblər isə çempionluq uğrunda mübarizə aparır.
9.4 Final mərhələsinin 1/8 final cütlükləri püşkatma yolu ilə müəyyən olunur. Püşkatma zamanı eyni zonanı təmsil edən komandaların 1/8 final mərhələsində bir-biri ilə qarşılaşmasına yol verilmir.
9.5 Final mərhələsində oyunlar pley-off sistemi (ev və səfər oyunu) ilə keçirilir. Hər iki oyunun nəticələrinə görə vurulan və buraxılan qollar əsas vaxtda eyni sayda olarsa, o zaman hər hissəsi 10 dəqiqədən ibarət əlavə iki hissə oynanılır. Əgər oyunun əlavə hissələrində oyunun əsas hissəsinin nəticəsi dəyişməzsə, qalib penalti zərbələri ilə müyyənləşir (hər komanda ilkin olaraq 5 zərbə vurmaq hüququna malikdir. Əgər 5 zərbədən sonra qalib müəyyənləşməzsə, penalti zərbələri qalib müəyyənləşənə qədər davam etdirilir).
9.6 Ev sahibi komanda oyun zamanı stadionda təhlükəsizliyə məsuliyyət daşıyır.
9.7 Ev sahibi komanda oyunu top ilə təchiz etməlidir.
9.8 Ev sahibi komanda hakimlər və rəqib komandanı paltardəyişmə otağı ilə təmin etməlidir.
 
10.Meydan
 
10.1 Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydanlarda keçirilir.
10.2 Meydanın uzunluğu 60-65 metr, eni isə 45-50 metr olaraq müəyyən olunub.
10.3 Meydanda iki qapı olmalıdır.
10.4 Penalti nöqtəsindən qapı xəttinə olan məsafə 9 metr təşkil edir.
10.5 Cərimə meydançası qapı xəttindən 13 metr məsafədə olan paralel olmalıdır.
 
Meydanın sxemi:
 
11.1 AFFA U-13 Liqasının oyunları həftənin şənbə və ya bazar günləri keçirilir. İstisna hal kimi digər günlər AFFA-nın Liqaların Təşkili şöbəsi tərəfindən təyin oluna bilər.
11.2 AFFA-nın Liqaların Təşkili şöbəsi hər turdan öncə oyunların vaxtı ilə əlaqədar regional nümayəndəliyə və yaxud komandanın əlaqələndirici şəxsinə məlumat verir.
11.3 Oyunun başlanmasına 75 dəqiqə qalmış oyunun protokoluna nömrələri göstərilməklə oyunçuların adları, soyadları yazmalı və FCMS-ə yerləşdirməlidir. Komandalar oyunun başlamasına ən azı 30 dəqiqə qalmış oyun keçirilən meydana gəlməli və oyundan öncə futbolçuların lisenziyaları baş hakimə təqdim etməlidirlər. Oyundan əvvəl lisenziyalar oyunun hakiminə təqdim edilmədiyi halda hakim oyunu başlamamalıdır. Təqvimə uyğun olaraq adı birinci yerdə dayanan komanda ev sahibi hesab edilir.
11.4 Oyun başlayan zaman klub və ya komanda meydanda olmazsa, aldığı yol xərcinin 50% miqdarında ödənişdən imtina edilir.Təyin olunan vaxtdan sonrakı 20 dəqiqə ərzində komanda meydanda olmadığı təqdirdə ödənişdən imtina 100%-ə çatdırılır və oyunun protokolu bağlanılır. (Fors-major hallar istisna olmaq şərti ilə)
11.5 AFFA U-13 Liqasında əvvəlcədən AFFA tərəfindən müəyyənləşdirilmiş komandaların nəqliyyat xərcləri AFFA tərəfindən təmin olunur (Bakı zonasında çıxış edən komandalar, həmçinin peşəkar futbol klubları ilə bağlılığı olan komandalar nəqliyyat xərci ilə təmin olunmur).
11.6 AFFA yalnız müstəqil futbol məktəblərinin nəqliyyat xərclərini qarşılayır.
11.7 AFFA U-13 Liqasında mərkəzləşdirilmiş bölgələrdə keçirilən oyunların stadionunun icarə haqqı AFFA tərəfindən ödənilir.
11.8 Təcili Tibbi Yardım və ya həkim briqadası oyundan əvvəl meydançanın ərazisində olmalıdır. (Təcili Tibbi Yardım və ya həkim briqadası olmadan baş hakim oyunu başlaya bilməz).
 
12.Oyun qaydaları
 
12.1 Bütün oyunlar FİFA oyun qaydalarına əsasən keçirilir.
12.2 Liqada yaşı 13-dək olan oyunçular iştirak edə bilər (təvəllüdü 01.01.2014-cü ildən başlayanlar və maksimum üç il aşağı təvəllüdlü).
12.3 2026/2027-ci illər mövsümündə AFFA tərəfindən keçirilən bütün liqalarda eyni klubun tərkibinə cəlb olunmuş oyunçu mövcud lisenziyanı təqdim etdikdə, digər liqalarda yaş həddini keçməmək şərti ilə oynaya bilər.
12.4 Oyunçunun müəyyən liqada aldığı cəza digər liqaya şamil olunur.
12.5 Oyunlar iki hissədən ibarətdir. Hər hissə 30 dəqiqə, hissələrarası fasilə isə 5 dəqiqədir. Bundan əlavə hər hissənin gedişində komandaların taktiki və fiziki bərpasının təmin edilməsi məqsədilə 150 saniyəlik (2 dəqiqə 30 saniyə) əlavə fasilə verilir.
12.6 Oyunlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş oyunçularla həyata keçirilir. Oyunun protokoluna 16 oyunçunun (8 əsas, 8 ehtiyat) adı və soyadı yazılır.
12.7 Yalnız komanda tərkibində qeydiyyatdan keçirilmiş lisenziyası olan nümayəndələr (baş məşqçi,köməkçi məşqçilər,həkim,komanda administratoru və b.) və 8 oyunçunun ehtiyat skamyalarında əyləşməsinə icazə verilir.
12.8 Top qapı xəttindən kənara cıxarsa top meydana ayaq ilə daxil olunmalıdır (top oyuna qapıdan əllə deyil, ayaq ilə daxil olunur). Top meydanı yan xətdən tərk edərsə, top meydana yalnız əllə daxil olunmalıdır. Künc zərbəsi yerinə yetirilərkən futbolçu topa birbaşa zərbə endirmədən oyunu driblinqlə davam etdirə bilər; lakin bu vəziyyətdə qolun etibarlı hesab olunması üçün topa komanda yoldaşı tərəfindən toxunulması (ötürmənin qəbul edilməsi) mütləqdir.
12.9 Top oyuna mərkəzdən daxil edildiyi zaman, topa ilk toxunuşdan sonra ikinci toxunuş həyata keçirilmədən birbaşa qapıya vurulan və qol ilə nəticələnən zərbə hesablanmır.
12.10 2026/2027-ci illər mövsümündə AFFA tərəfindən keçirilən bütün aşağı yaş liqalarda eyni klubun və ya komandanın tərkibində cəlb olunmuş oyunçulardan yalnız 5-i (beşi) mövcud lisenziyanı təqdim etdikdə, yuxarı liqalarda yaş həddini keçməmək şərti ilə oynaya bilər. Həmin oyunçuların eyni vaxtda start heyətində meydana çıxmasına hər hansı məhdudiyyət tətbiq edilmir.
Qeyd: Premyer Liqada iştirak edən klublara şamil edilmir.
12.11 Əcnəbi futbolçularla bağlı məhdudiyyət ləğv edilir və komandaların start heyətində əcnəbi futbolçuların iştirakı sərbəst şəkildə təmin olunur.
12.12 Meydanda hər hansı tütün məmulatlarından və elektron siqaretdən istifadə etmək qadağandır.
 
13.Oyun zamanı oyunçuların əvəzlənməsi
 
13.1 Oyun ərzində hər komanda 8 əvəzetmədən istifadə edə bilər. Əvəzetmə üçün oyun 4 dəfə dayandırıla bilər. Hissələrarası fasilədə və hər hissənin gedişində (hissənin ortasında) komandaların taktiki və fiziki bərpasının təmin edilməsi məqsədilə 150 saniyəlik (2 dəqiqə 30 saniyə) edilən əvəzetmə bu saya daxil deyildir. İkinci hissədə hər komanda əvəzetmə etmək üçün oyunu ən çox 3 dəfə dayandıra bilər. Pley-off mərhələsinin hər 2 oyununun və final oyununun əsas vaxtında ümumi hesab bərabər olarsa, bu zaman hər hissəsi 10 dəqiqədən ibarət əlavə 2 hissə oynanılır. Belə olan halda hər komanda əlavə olaraq 1 dəfə oyunu saxlamaq və 1 nəfər oyunçunu əvəzləmək hüququna malik olur. Əvəzlənmiş oyunçu sonradan meydana daxil ola bilər.
13.2 Meydana daxil olmağa hazırlaşan oyunçu hakimə lisenziya ilə yaxınlaşmalıdır.
13.3 Oyun ərzində ehtiyat oyunçular isinmə hərəkətlərini etmək üçün texniki zonanı tərk edə bilər. Oyunun baş hakimi oyundan öncə isinmə hərəkətləri üçün təyin olunmuş yerləri komandalara göstərir. İsinmə hərəkətlərini 8 oyunçu eyni zamanda edə bilər.
 
14.Oyunun protokolu
 
14.1 2026/2027-ci illər mövsümündə AFFA U-13 Liqasında “FCMS - Yarışların İdarəetmə Sistemi” tətbiq olunacaq.
14.2 Komandalar oyundan 75 dəqiqə öncə protokolu doldurub FCMS-ə yerləşdirməlidir.
14.3 Protokolda oyunçunun adı, soyadı, doğum tarixi və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat skamyada oturan rəsmi şəxslərin adı, soyadı və vəzifəsi yazılmalıdır.
14.4 İlk 8-lik kimi protokolda göstərilən oyunçular oyuna başlayır. Digər 8 oyunçu ehtiyat oyunçular skamyasında əyləşir. Oyunçuların futbol formalarında göstərilən nömrələr protokoldakı nömrələrə uyğun gəlməlidir.
14.5 Hakimlər briqadası oyundan öncə protokolda göstərilən bütün şəxslərin lisenziyasını yoxlayır. Yarışda iştirak edən komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyaya malik olmalıdır. Lisenziyada aşağıdakılar əks olunur:
• Lisenziyanın nömrəsi;
• Komandanın adı;
• Şəxsin adı, soyadı, atasının adı;
• Fotoşəkil;
• Təvəllüdü;
14.6 Əgər oyunun protokolu tələb olunan vaxtda FCMS-ə yerləşdirilməzsə, bu məsələyə AFFA-nın İntizam Komitəsi tərəfindən baxılacaqdır.
14.7 Ehtiyat oyunçu kimi göstərilən 8 nəfərin hamısı oyun zamanı meydana daxil ola bilər. Oyun zamanı əvəzlənmiş oyunçu yenidən meydana qayıda bilər.
14.8 Oyunun baş tutması üçün komandalar meydanda tam heyətlə olmalıdırlar. Əks halda oyun baş tutmamış sayılır, komanda üçün nəzərdə tutulan yol xərcinin 100% miqdarında cəzalandırılır və oyunun protokolu bağlanılır.
14.9 Oyun zamanı zədələnmə və s. kimi hallar baş verərsə, oyunçu dəyişikliyi üçün ehtiyat oyunçu olmazsa, komanda maksimum 3 nəfər azlıqda olmaqla 5 nəfər ilə  oyuna davam edə bilər.
 
15.Oyun protokolunda oyunçu adlarının yerdəyişməsi
 
15.1 Hər iki komanda tərəfindən oyun protokolu FCMS-də yerləşdirildikdən sonra oyunçuların məlumatlarının protokolda dəyişilməsi qadağandır. İstisna hallar aşağıdakılardır:
• Əgər ilk 8-likdə göstərilən hər hansı oyunçunun oyundan öncə fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman 8 ehtiyat oyunçudan biri ilk 8-liyə daxil edilə bilər. Bu halda oyun ərzində komandanın 8 əvəzetmə ehtiyatı öncədən göstərildiyi kimi qüvvədə qalır. 
• Əgər oyunun protokolunda göstərilən 8 ehtiyat oyunçudan hər hansı birinin fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman protokolda göstərilməyən, lakin lisenziyası olan digər bir oyunçu ilə əvəzlənə bilər.
 
16.Oyunlarda iştirakdan imtina və oyunların dayandırılması
 
16.1 Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə, AFFA-nın İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilir.
16.2 Komanda oyuna çıxmaqdan imtina etdikdə, həmçinin yetərsay və təyin edilən vaxtda meydanda olmadıqda, bu hal 2 dəfə baş verdikdə, AFFA İntizam Komitəsinin qərarına əsasən turnirdən kənarlaşdırılacaqdır.
16.3 Liqadan hər hansı səbəbdən kənarlaşdırılan komandanın növbəti mövsümdə liqaya buraxılıb-buraxılmaması barədə yekun qərar AFFA tərəfindən qəbul edilir.
16.4 Əgər oyun başladıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, Liqaların Təşkli şöbəsi klub və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər. Oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcəkdir.
 
17.Hakimlik və İnspeksiya
 
17.1 AFFA U-13 Liqasının oyunlarını AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər idarə edir və hakimlik FİFA qaydaları əsasında həyata keçirilir. Hakimlər Komitəsi AFFA U-13 Liqasının oyunlarına 2 nəfərdən ibarət hakim təyin edir.
17.2 Hakimlər briqadası oyunun başlanmasından 60 dəqiqə öncə gəlib, meydançanın oyuna hazırlıq vəziyyətini yoxlamalıdırlar.
17.3 Protokol oyundan sonra tərtib edilməli və növbəti gün saat 12:00-a kimi FCMS-də öz əksini tapmalıdır.
17.4 Baş hakim oyunun protokoluna adı daxil edilmiş oyunçuların sənədlərini mütləq yoxlamalıdır. Oyuna cəlb edilmiş oyunçuların və iştirakçıların lisenziyaları zərurət olduqda oyunun sonunadək baş hakimdə qala bilər.
17.5 Komandalar tərəfindən hakimlərin dəyişdirilməsi ilə əlaqədar xahiş qəbul olunmur.
17.6 Hakimlərin oyunla əlaqəli hər hansı bir fakt və onun nəticəsi ilə bağlı qərarı, o cümlədən, qol vurulması və ya vurulmamasını saymaqla bağlı qərarı qətidir.
 
18.AFFA-nın İntizam Komitəsinin qərarları
 
18.1 Bütün qırmızı vərəqələrə, oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı məsələlərə AFFA-nın İntizam Komitəsi tərəfindən baxılır və onun tərəfindən müvafiq qərarlar qəbul edilir.
18.2 Oyunçular İntizam Komitəsinin qərarları əsasında cəzalandırılır.
 
19.Sarı, qırmızı və yaşıl vərəqələr
19.1 Alınan bütün sarı və qırmızı vərəqələrə görə məsuliyyəti komanda və ya klub daşıyır.
19.2 Oyun zamanı qırmızı vərəqə alan oyunçu İntizam Komitəsinin çıxaracağı qərara uyğun olaraq, komandanın keçirəcəyi müəyyən olunmuş sayda növbəti oyunu (oyunları) buraxır.
19.3 Cari mövsüm ərzində mərhələdən asılı olmayaraq dörd sarı vərəqə alan oyunçu növbəti turu buraxmalıdır.
19.4 Alınan sarı vərəqələr mərhələdən asılı olmayaraq öz qüvvəsində qalır.
19.5 Liqanın hər hansı mərhələsində alınmış qırmızı vərəqələr öz qüvvəsində qalır. Futbolçuya verilən qırmızı vərəqə ilə bağlı tətbiq olunan cəza bütün liqalara şamil olunur.
19.6 Baş tutmayan oyundan sonra AFFA-nın İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət alan komandanın həmin oyunu buraxmalı olan oyunçularının cəzaları qüvvədə qalır.
19.7 Baş tutmayan oyundan sonra AFFA-nın İntizam Komitəsi tərəfindən texniki qələbə alan komandanın həmin oyunu buraxmalı olan oyunçuları cəza çəkmiş hesab olunur.
19.8 Alınan bütün sarı və qırmızı vərəqələrə görə öhdəlik klubun üzərinə düşür (turu buraxmalı olan oyunçu oyunda iştirak edərsə məsuliyyəti komanda daşıyır)
19.9 AFFA U-13 Liqasında "Yaşıl kart" qaydası tətbiq olunur. Oyun ərzində FAIR PLAY qaydalarına əməl edən oyunçulara hakimlər tərəfindən "Yaşıl kart" göstəriləcək.
 
20. Protestlər
 
20.1 Protest verən baş məşqçi oyundan dərhal sonra bu barədə baş hakimi xəbərdar etməlidir. Protestin verilməsi oyunun protokolunda öz əksini tapmalıdır. Oyunun gedişində ciddi münaqişələr baş verərsə, oyunun baş hakimi, yan xətt hakimləri AFFA-nın Liqaların Təşkili şöbəsinə öz izahatlarını göndərməlidirlər. Protest komandanın baş məşqçisi tərəfindən imzalanmalı, 24 saat ərzində AFFA-nın Liqaların Təşkili şöbəsinə çatdırılmalıdır.
20.2 Protestlərə aşağıdakı hallarda baxılmır:
• 9 metrlik cərimə zərbələrinin (penalti) təyin olunması;
• 9 metrlik cərimə zərbələrinin (penalti) təyin olunmaması;
• “Oyundankənar” (off-side) vəziyyətin müəyyən edilməsi barədə;
• Topun qapı xəttini keçib-keçməməsi barədə;
 
21.Mükafatlandırma
 
Final mərhələsi
 
21.1 Liqada ilk 3 yeri tutan komandaların oyunçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla və AFFA-nın diplomları ilə təltif olunur.
21.2 Mövsümün sonunda “ən yaxşı oyunçu”, “ən yaxşı qapıçı”, ən çox “Yaşıl kart” alan oyunçu seçilir və AFFA tərəfindən mükafatlandırılır.
 
22.Mətbuat
 
22.1 Oyundan sonra müraciət olunduqda hər hansı oyunçu, məşqçi və klub rəsmisindən mətbuat nümayəndələri müsahibə almaq hüququna malikdirlər.
 
23.Stadion və iştirakçı komandaların təminatı
 
23.1 Mövsüm ərzində AFFA tərəfindən stadionlar aşağıdakı bəndlər üzrə təmin olunur:
a) Top №5 (təsdiq edilmiş sayda);
b) Qapılar 4 ədəd (2m x 5m);
c) Qapı toru;
d) Oyun gödəkçələri (jilet);
e) İcarə haqqı;
23.2 Mövsüm ərzində AFFA tərəfindən əvvəlcədən müəyyən olunmuş komandalar aşağıdakı bəndlər üzrə təmin olunur:
a) Nəqliyyat xərcləri (təsdiq edilmiş məbləğdə)
 
24.Reklam lövhələri və aksiyaları (promotion)
 
24.1 Meydanda reklam lövhələrinin (1 ədəd) yerləşdirilməsi aşağıdakı sxemdə göstərildiyi kimi olmalıdır.
 
 
25.Xüsusi bənd
 
25.1 Azərbaycan Respublikası ərazisində hansısa fors-major halla bağlı xüsusi rejimlər tətbiq olunarsa, bu zaman futboldakı qaydalar da buna uyğunlaşdırılacaq və qaydaların yeni versiyası müvafiq qurumlara, eləcə də AFFA-nın Liqaların təşkili şöbəsinə rəsmi tənzimləmələr şəklində göndəriləcək.
25.2 Bu Əsasnamə AFFA U-13 Liqasının 2026/2027-ci illər mövsümünü əhatə edir.
25.3 Bu Əsasnamə 14 sentyabr 2026-cı il tarixindən qüvvəyə minir və 30 iyun 2027-ci il tarixinədək qüvvədə qalır.
25.4 Mövsüm ərzində Əsasnaməyə dəyişikliklər və əlavələr bu Əsasnaməyə əlavə mətnin təsdiqlənməsi yolu ilə aparıla bilər. Dəyişikliklər barədə komanda nümayəndələrinə rəsmi məlumat verilməlidir.
Baş Sponsor