DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də Polşanın Krakov şəhərindəki “Krakoviya” stadionunda keçiriləcək Ukrayna - Azərbaycan oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov və komandamızın müdafiəçisi Elvin Cəfərquliyevin səsləndirdiyi fikirləri nəzərinizə çatdırırıq:
Ayxan Abbasov: “Sabah bizi gərgin oyun gözləyir. Ardıcıl iki səfər matçında çıxış etmək çətindir. Futbolçularda yorğunluq olsa da, çalışacağıq ki, nələrisə dəyişək. Komandama inanıram. Sabahkı matçda xal qazanmaq üçün daha yaxşı oynamalıyıq. Ukrayna yığması da bu görüşə final kimi yanaşır. Onlar İslandiyanı səfərdə məğlub etməklə şanslarını artırdılar. Bakıdakı heç-heçəyə görə bizə başqa cür yanaşacaqlar. İnanıram ki, sabah yaxşı mübarizə aparacağıq. Rəqibin kimliyindən asılı olmayaraq, futbolçularımızın hər oyunda qələbə ruhu olmasına çalışırıq. Onlara dedim ki, biz İslandiya ilə Bakıdakı matçı çox vacib edə bilərik. Bu həyəcanı yaşamağa layiqdirlər. Çox istərdim ki, İslandiya ilə matç həyəcanlı olsun”.
Elvin Cəfərquliyev: “Sabah çox yaxşı komandaya qarşı oynayacağıq. Məşqçilərdən lazımi tapşırıqları almışıq, rəqibi təhlil etmişik. Düzdür, çox vaxtımız olmadı. Ancaq komanda olaraq yaxşı bərpa olunmuşuq. Əsas odur ki, psixoloji cəhətdən hazır olaq. Fransa ilə görüşlə müqayisədə sabah daha çox işləməli olacağıq. Rəqibin gücünə bələdik. Ancaq bunun öhdəsindən gələ bilərik. Yaxşı komandamız var. Özümüzə inamlıyıq. İstədiyimiz nəticəni əldə etmək üçün çox vuruşmalıyıq. Sabah qazanacağımız xal və ya xallar qrupda vəziyyəti dəyişə bilər. Bunun da ayrı motivasiyası var”.